Ermənilər Qarabağda oyuncaq silahlarla "hücuma keçdi" - İşğalçının “ALMAN SNAYPERLƏRİ”

02/07/2019 - 23:04 35 660 2   0  

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində separatçı rejimin “xüsusi təyinatlı qüvvələri” Almaniyanın “Heckler und Koch” silah konserninin istehsal etdiyi HK G28 snayper tüfəngləri ilə silahlanıb.

Ötən həftə tirajlanan bu informasiya Ermənistan üçün “əzələ nümayişi” təbliğində vasitə olsa da, açıq suallar da yaratdı.

- Almaniya istehsalı olan silahlar separatçıların əlinə necə keçib?
- Ümumiyyətlə, bu informasiya doğrudurmu?

HK G28 tüfəngləri piyadaların hücumunu dəstəkləmək üçün nəzərdə tutulan yarımavtomatlardır, “Draqunovn” snayper tüfənginin (SVD) analoqu sayılır. Hədəf məsafəsi 800 metrdir, 600 metrdəki hədəfi dəqiq nişan alır. Erməni hərbi qüvvələri bu silahlardan Azərbaycanın hücumu zamanı lokal döyüşlərdə istifadə etməyi nəzərdə tuturlar. Almanlar bu silahlardan terrorçularla mübarizədə istifadə edir, yəni tüfənglər yüngül olduğu üçün üzbəüz döyüşlər zamanı olduqca effektivdir. Belə bir silahın separatçıların əlinə düşməsi şübhələr yaratsa da, ermənilər foto yaymaqla “əzələ nümayişi” təbliğatını gücləndirdilər. Lakin rusiyalı ekspert Mixail Belyayevin ortaya çıxardığı faktlar tarix boyu olduğu kimi erməni təbliğat maşınının yenə də yalan üzərində hərəkət etdiyi göstərdi.

Birincisi: Almaniya münaqişədə olan ölkələrə silah satmaqdan imtina edir. Almaniyanın İqtisadi Məsələlər və İxracat üzrə Federal İdarəsinin (Federal Office for Economic Affairs and Export Control) saytında “Ölkələr üzrə embarqo icmalı” (Übersicht über länderbezogenen) var. Almaniya ATƏT-in qətnaməsinə uyğun olaraq, münaqişədə olan ölkələrin adlarını bu siyahıya salıb. 2019-cu ilin 24 yanvarında yenilənən siyahıda Azərbaycan və Ermənistanın da adı var. Bu, HK G28 tüfənglərinin Ermənistana satılmadığını təsdiqləyir.

İkincisi: Hesab etmək olar ki, Ermənistan bu tüfəngləri üçüncü ölkədən alaraq, separatçıları silahlandırıb. Lakin bu ehtimal da sıfıra bərabərdir. Çünki Almaniyada silah istehsalçısı olan şirkətlər silah satdığı ölkələrlə müqavilə imzalayır və bu müqavilədə idxal edilən silahların embarqo siyahısına adı düşmüş ölkələrə verilməməsi şərti yer alır. Əgər silah idxal edən ölkə bu müddəaya əməl etməsə, o zaman müqavilə qüvvədən düşür. İnandırıcı deyil ki, Almaniya ilə silah müqaviləsi olan hansısa ölkə Ermənistana görə bu müqaviləni təhlükə altına atsın. İşğalçı ölkənin bu silahları “qara bazardan” əldə etməsi də istisnadır. Həqiqətən də bu olsaydı, o zaman, silahları ciddi-cəhdlə gizlədər, yalnız döyüş zamanı ortaya çıxarardılar.

Sual yaranır: Qarabağdakı separatçının əlindəki silah nədir?

Faktlar təsdiqləyir ki, bu, HK G28 snayper tüfəngi yox, 20-28 patron tutan MR 308 A3 silahıdır. Bu, idman silahı sayılır və açıq silah mağazalarından 3299 avroya əldə etmək mümkündür. Separatçının əlindəki silah 400 metr məsafədən atəş üçün nəzərdə tutulmuş, optik nişangahla təchiz olunmuş ov tüfəngidir.

Ov tüfəngi ilə “əzələ nümayişi” etmələri erməni hərbi birləşmələrinin acınacaqlı vəziyyətdə olduğunu təsdiqlədi, hərçənd, burada Ermənistanın iki məqsədi aydın görünür.

a) Ermənistanda ictimai rəyi “güclənən ordu” təbliğatına inandırmaq. Bu yalanın 26 iyun - Azərbaycan Silahlı Qüvvələri Günü ərəfəsində ortaya atılması da erməni təbliğat maşınının “əzələ nümayişi”nə hesablanmış kampaniya qurduğunu göstərir.
b) Almaniya-Azərbaycan münasibətlərinə zərbə vurmaq cəhdi. Rəsmi Berlin Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyib, Azərbaycan və Almaniya arasında siyasi-iqtisadi əlaqələrin güclənməsi bu dəstəyi daha da gücləndirir. Ermənistan separatçıların əlinə “alman silahı” verməklə Bakının Berlindən hesabat istəməyinə zəmin yaratmaq istəyirlər və belə bir zəmin istər-istəməz diplomatik narazılığa səbəb ola bilər.

Ermənistanın bu yalanı ən çox Almaniyaya zərər vurur. Çünki bu yalan Almaniyanın “münaqişədə olan ölkələrə silah satmamaq” prinsipinə qarşıdır, həmçinin, dünyada münaqişələrin həllində rol oynamağa çalışan Berlinin imicini zədələyir. Bu baxımdan, rəsmi Berlin İrəvandan sözügedən yalanın hesabatını istəməlidir.../publika.az/