Şimali Kiprin “BRT” televiziyası Ermənistanın işğalçılıq siyasəti barədə veriliş yayımlayıb

17/05/2019 - 23:27 14 053 0   0  

Suveren.az  xəbər verir ki, proqram Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin (AKDC) təşəbbüsü ilə hazırlanıb. AKCD-dən verilən məlumata görə, “Gündəm” verilişinin aparıcısı, Şimali Kiprin tanınmış telejurnalisti Aziz Qaraəziz tərəfindən hazırlanan proqramın qonağı Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu olub. O.Həsənoğlu bildirib ki, təcavüzkar Ermənistan bəzi xarici qüvvələrin təhriki və dəstəyi ilə Azərbaycan ərazisinin 20 faizini işğal edib. Bütün dünya bu işğaldan xəbərdardır. Bir sıra dövlətlər və beynəlxalq təşkilatlar Ermənistanın işğalçılıq siyasətinə kəskin etiraz etsələr də, Azərbaycan torpaqları hələ də işğaldan azad olunmayıb. Bu gün ata-baba yurdlarını tərk etmək məcburiyyətində qalan bir milyondan çox vətəndaşımız var. 1994-cü il mayın 12-də Bişkek protokolu ilə tərəflər arasında atəşkəs sazişi imzalansa da, Ermənistan tərəfi bu günə qədər bu razılaşmanın şərtlərinə əməl etməyib, əksinə, işğalçı tərəf hər gün Azərbaycan tərəfinə atəş açmaqda davam edir. Sözügedən protokolun imzalanmasından 25 il keçir. Proqramda tamaşaçılara Şuşanın işğalı ilə bağlı da məlumat verilib. Həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin bütün səylərinə baxmayaraq, Ermənistan hökumətinin münaqişənin sülh yolu ilə həllini əngəllədiyi bildirilib.

Diqqətə çatdırılıb ki, təcavüzkar tərəf Azərbaycanın yaşayış məntəqələrinə və mülki əhaliyə qarşı hücumları davam etdirir. Azərbaycan xalqı Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə tərəfdardır, eyni zamanda, öz ata-baba torpağını heç kimə güzəştə getmək niyyəti yoxdur.

O.Həsənoğlu deyib ki, Azərbaycan xalqı öz Prezidenti ilə həmrəydir. Ölkədəki sabitliyin və inkişafın əsasını xalq-iqtidar birliyi təşkil edir.