İstanbulda seçkidən kim qalib çıxacaq?

09/05/2019 - 22:18 18 802 0   0  

«Bu seçki artıq Binəli Yıldırım – Əkrəm İmamoğlu seçkisi deyil. Seçki bülletenində Binəli Yıldırımın adı yazılsa da, İmamoğlunun rəqibi artıq şəxsən prezident Ərdoğanın özü olacaq», – Türkiyənin ən böyük şəhəri - İstanbulda iyunun 23-də keçiriləcək təkrar bələdiyyə seçkiləri haqqında danışan politoloq Şahin Cəfərli belə deyir. Onun qənaətincə, 23 iyun seçkisi bələdiyyə seçkisi olmaqdan daha böyük məna kəsb edəcək və prezidentə etimad referendumuna çevriləcək. Hətta politoloq hesab edir ki, əgər bu dəfə də müxalifət qalib gələrsə, böyük ehtimalla növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsi cəmiyyətdə ciddi şəkildə müzakirə olunmağa başlayacaq.

«Müxalifət düzgün siyasət qura bilər»
Türkiyədə Kahramanmaraş Universitetinin müəllimi, professor Toğrul İsmayıl seçkilərin nəticələrinin ləğvi qərarının cəmiyyətdə bölünməyə səbəb olduğunu bildirir. O, təkrar seçkilərin çox hərarətli şəkildə keçəcəyini düşünür.

«Prezident Rəcəb Tayyib Ərdoğan təlimatlar verib, hakim partiyanın mərkəzi İstanbulda olacaq, bütün gücü, diqqəti ora yönləndirəcəklər. Eyni şəkildə Millətçi Hərəkat Partiyasının rəhbəri Dövlət Bahçeli də seçki keçirilənə qədər İstanbulda olacağını bildirib. Yəni tərəflər İstanbul məsələsinə çox önəm verirlər», – professor deyir.

Bu da faktdır ki, Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Ə.İmamoğluna indi siyasi çevrələrdən, sənətçilərdən, idmançılardan, futbol klublarından dəstək gəlməkdədir. T.İsmayıl isə «AKP-nin ağır topları» sayılan Abdullah Gül, Əhməd Davudoğlunun da İmamoğluna dəstəyini xatırladır: «Cəmiyyət iki yerə bölünüb. Hərarət artır getdikcə. 13 min səs fərqi İstanbul kimi şəhərdə cüzi rəqəmdir. Bəziləri bu durumda haqsızlıq olduğunu düşünür. Bəziləri də seçkinin nəticəsinin ləğvini haqsız sayır. Amma tək Türkiyədə yox, hər yerdə haqsızlığa qarşı həssaslıq var və bunu da unutmamaq lazımdır. Müxalifət bundan faydalana və düzgün siyasət qura bilər».

Professor həmçinin, Ə.İmamoğlunun İstanbul bələdiyyə başqanı olduğu çox qısa müddətdə atdığı addımları da qeyd edir: «O, İstanbulda suyun qiymətini aşağı saldı, tələbələrə güzəştli gediş haqqının tətbiqinə nail oldu və sairə addımlar atdı. Bu gün Türkiyə iqtisadi böhran yaşayır. Bu cür reformist addımlar, vətəndaşın rahatlığına xidmət edən addımlar istanbullular üçün vacibdir. Göründüyü kimi, hər iki tərəf seçimə hazırdır»

Seçki bu gün keçirilsə...
Buna görə də bəzi təhlilçilər 23 iyunda kimin qalib olacağını söyləməkdə çətinlik çəkirlər. Ş.Cəfərli CHP namizədi Ə.İmamoğlunun 31 martdan əvvəlki dövrlə müqayisədə daha güclü göründüyünü qeyd edir. Politoloq İmamoğlunun seçki kampaniyasına başlayanda ilkin rəy sorğularında əhali arasında tanınma səviyyəsinin cəmi 16% olduğunu yada salır. Hətta öz partiyasının daxilində də yaxşı tanınmadığını deyir: «Amma apardığı uğurlu kampaniya nəticəsində qısa müddətdə nüfuz toplayaraq güclü rəqibi qarşısında sürpriz qələbə əldə etdi. Seçkilərin ləğvi ictimai rəydə İmamoğluna qarşı haqsızlıq kimi qəbul olunur, bu baxımdan onun səslərini artıracağı gözləntisi var. Bu gün seçki keçirilsə, mən əminəm ki, İmamoğlu 3-4% səs fərqi ilə qalib gələr».

​Siyasi şərhçi Azər Rəşidoğlu Türkiyə prezidenti R.T.Ərdoğanın çox böyük yanlışlıq etdiyini, Türkiyə demokratiyasını hiddətinə qurban verdiyini bildirir. O, məhz Ə.İmamoğlunun radikal addımlardan yayınması sayəsində etirazların küçə və meydanlara çıxmadığını, xaosdan yayınmağın mümkün olduğunu qeyd edir.

A.Rəşidoğlu

«İndiki halda İmamoğlunun qələbə qazanmaq şansı böyükdür. Birincisi, haqqı əlindən alınıb. Türkiyə cəmiyyəti də buna həssas yanaşır. O, bir bayrağa toxunduqda qəzəblənir, bir də kiminsə haqqı publik şəkildə əlindən alındıqda. Buna görə də Türkiyənin düşünən beyinləri, ziyalıları, siyasi fəalları İmamoğlunin tərəfində duracaqlar. Ərdoğan yanlış siyasət nəticəsində növbəti prezident seçkisində özünə ciddi rəqib qazandı. İmamoğlu gözəl texnologiyadan istifadə etdi, «hər kəsi qucaqlayacağam» deməklə AKP-ni parçalayır, AKP-çiləri ona səs verməyə çağırmaqla simpatiya qazanır. Demokratik seçki keçirilsə, böyük üstünlüklə İmamoğlu B.Yıldırıma qalib gələcək. Əks halda, Türkiyəni xaos bürüyəcək, vətəndaş qarşıdurması yaranacaq və bunun nəticəsi Ərdoğan üçün ağır olacaq», – A.Rəşidoğlu söyləyir.

Buna da bax: Abdullah Gül və Əhməd Davudoğlu təkrar seçki qərarını pisləyirlər
Ş.Cəfərli isə müxalifətin narahat olduğu məqama diqqət yönəldir. O, iyunun 23-nə qədər İstanbulda və ölkədə nələr baş verəcəyini proqnozlaşdırmağın çətin olduğunu vurğulayır: «Müxalifəti qorxudan 2015-ci il təcrübəsi də var. Həmin ilin iyununda keçirilən parlament seçkilərində AKP 40.8% səs alaraq qanunverici orqanda azlığa düşmüşdü, Ərdoğan bu tablo ilə barışmayıb, noyabrda növbədənkənar seçkilərin keçirilməsinə nail oldu. Seçkilərə qədər ölkədə böyük terror aktları baş verdi, qan axdı və əhali sabitliyin pozulması riskini görüb, noyabrda yenidən sabitlik, güclü hökumət naminə iqtidar partiyasına səs verdi. 49.5% səs toplayan AKP təkbaşına hökumət formalaşdırmaq hüququ əldə etdi».

Müşahidəçilər eyni ssenarinin təkrarlanmasından ehtiyatlanırlar. Ş.Cəfərli də T.İsmayıl kimi seçkilər ərəfəsində siyasi hərarətin xeyli yüksələcəyini güman edir.

Ölkəni nələr gözləyir
Artıq seçki nəticələrinin ləğv və yeni seçkilər təyin edildiyi gün Türkiyədə dollar bahalandı. Bundan sonra nələr olacaq?

Ş.Cəfərli

«İstanbulda seçkilərin nəticələrinin ləğvi şübhəsiz ki, ölkə iqtisadiyyatının durumuna mənfi təsir göstərəcək və artıq göstərir. Maliyyə bazarları qərara mənfi reaksiya verdi və lirə bir az da ucuzlaşdı. Yeni seçki o deməkdir ki, iyunun 23-nə qədər iqtisadi sahədə önəmli qərarların qəbulu təxirə salınacaq», – Ş.Cəfərli deyir. Onun sözlərinə görə, iqtisadi böhranın qarşısının alınması üçün qeyri-populyar qərarlara - dövlət xərclərinin ixtisarına, sosial yardımların azaldılmasına, beynəlxalq maliyyə dairələri, o cümlədən Beynəlxalq Valyuta Fondu ilə danışıqlara və anlaşma əldə edilməsinə ehtiyac var. Ancaq politoloq seçki ərəfəsində hökumətin bu addımlara getməyəcəyini güman edir.

​A.Rəşidoğlu ölkədə iqtisadi çöküşün başlaya biləcəyini ehtimal edir: «Türk lirəsi ucuzlaşmaqdadır. Nəzərə alsaq ki, İstanbul hərraclar şəhəridir, baş verənlər birbaşa ticarətə və iqtisadiyyata da təsirini göstərəcək».

Politoloq Ş.Cəfərli isə hesab edir ki, müxalifətin qələbəsinin tanınmaması Türkiyənin reputasiyasına ciddi zərbə vuracaq: «Onsuz da son illər Türkiyə beynəlxalq ictimai rəydə insan hüquq və azadlıqların məhdudlaşdırıldığı, media azadlığının, məhkəmə müstəqilliyinin olmadığı, avtoritarizmin möhkəmləndiyi ölkə kimi qəbul olunurdu. Seçkilərin ləğvi bu fikirləri daha da gücləndirəcək».

Ş.Cəfərli Türkiyənin indiki halda böyük məbləğdə xarici investisiyalara ehtiyac duyduğunu, bunun üçün isə təkcə iqtisadi xarakterli deyil, siyasi sferada da islahatların aparılmasına, demokratikləşməyə, hüquq dövləti prinsiplərinin bərqərar edilməsinə ehtiyac olduğunu vurğulayır. Amma bugünkü Türkiyənin investorlar üçün riskli ölkələrdən sayıldığını qeyd edir: «Mayın 6-da seçkilərin ləğvinə dair verilən qərar Türkiyənin CDS (Credit Default Swap) risk səviyyəsini daha da artırdı. Bu tip ölkələrin kənardan əlverişli şərtlərlə borc cəlb etməsi mümkün olmur, yüksək faizlə borclanmaq məcburiyyəti yaranır. Mərkəzi Bankın net valyuta ehtiyatlarının çox aşağı səviyyəyə (15 milyard dollar) düşməsi də bazar üçün əlavə gərginlik mənbəyidir. Belə bir vəziyyətdə müxalifətin qalib gəldiyi seçkilərin ləğv olunaraq yeni seçki təyin edilməsi rasionallıqdan uzaq qərardır».

Türkiyənin Ali Seçki Komissiyası (YSK) mayın 7-də seçkinin nəticələrini ləğv edərək iyunun 23-nə yeni seçki təyin edib. Martın 31-də keçirilmiş seçkini müxalif CHP-dən Ə.İmamoğlu udmuşdu. İmamoğlunun qələbəsindən əvvəl son 25 ildə İstanbul bələdiyyəsinə hakim AKP nəzarət edirdi.

Müxalifət 31 mart seçkisində Türkiyənin bir sıra böyük şəhərlərində qalib gəlib.