Keshikchidag kompleksi-Keşikçidağda nə baş verir?

08/05/2019 - 22:22 12 262 0   0  

Son günlər sosial mediada Gürcüstanla sərhəddə yerləşən Keşikçidağ kompleksi ətrafında gərginlik yaşanması haqda xəbərlər yayılır.

AzadlıqRadiosu kompleksin yerləşdiyi Ağstafa rayon icra hakimiyyətinə zəng edərək deyilənlərlə bağlı məumat almaq istəyib. İcra başçısının birinci müavini Ramiz Tatarov bu mövzuda məlumatsız olduğunu söyləyib. O, Keşikçidağ Dövlət Tarix-Mədəniyyət Qoruğu İdarəsi ilə danışmağı tövsiyə edib.

İcra başçısının müavini Məhəmməd Məmmədov isə sözügedən məsələ ilə bağlı narahatlıq olmadığını bildirib. Həftəsonu prezidentin buna görə bölgəyə səfər edəcəyi haqda yayılan məlumatdan xəbərsiz olduğunu deyib.

AzadlıqRadiosunun Gürcü xidməti “yazır ki, Gürcüstanda “Güc birlikdədir” antikorrupsiya hərəkatının fəalları Azərbaycanla Gürcüstan arasındakı mübahisəli ərazinin – Keşikçidağ kompleksinin bir hissəsinin keşiyini çəkməyə başlayıblar. Həmin gün – mayın 5-də hərəkat fəallarıyla yanaşı yüzlərlə sakinin də əl-ələ verərək sərhədboyu dayandığı bildirilir. “Güc birlikdədir” qurumunun rəhbəri David Katsarava yalnız bu yolla gürcü xalqının mədəni mirasını qorumağın mümkün olduğunu bildirir.

Bu məsələ Gürcüstan prezidentinin bölgəyə səfərindən və həmin ərazilərin delimitasiyasının tezləşdrilməsi haqda bəyanatından sonra gündəmə gəlib.

Aprelin 25-də isə Azərbaycan sərhədçilərinin gürcü ziyarətçilərin kompleksə ziyarətini məhdudlaşdırdığı, xarici işlər nazirliklərinin müdaxiləsindən sonra problemin yoluna qoyulduğu barədə məlumatlar yayılıb.

DSX rəisi bölgədə olub

Prezident bu məsələ ilə bağlı Ağstafaya səfər edəcək, ya yox, indilik bəlli deyil. Amma Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev sözügedən bölgədə olub. Bu haqda qurumun saytında məlumat yerləşdirilib.

Məlumatda deyilir ki, mayın 7-də Elçin Quliyev DSX Sərhəd Qo­şun­ları­nın Ağstafa rayonu ərazisində hərbi hissə və bölmələrinin xidməti-döyüş vəziyyətini yoxlayıb, sərhəd döyüş məntəqələrində xidmət edən şəxsi heyətlə görüşüb, dövlət sərhədinin toxunulmazlığının və şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi üzrə tapşırıqlar verib.

Bundan bir gün öncəsə DSX rəisi və Gürcüstan Sərhəd Polisinin rəisi Teymuraz Kekelidzenin başçılıq etdiyi nümayəndə heyətlərinin dövlət sərhədində işçi görüşü keçirildiyi bildirilir.

“Bakı iki ölkə arasında dövlət sərhədinin çox tezliklə delimitasiya olunmasının tərəfdarıdır”

“Bakı iki ölkə arasında dövlət sərhədinin çox tezliklə delimitasiya olunmasının tərəfdarıdır. Azərbaycan bildirir ki, delimitasiya prosesinin ən qısa vaxtda həyata keçirilməsinə və yekunlaşdırılmasına hazırdır”, – Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva AzadlıqRadiosuna deyib.

Konkret sərhəddə baş verənlərə gəlincə, XİN sözçüsü ehtiyatlı danışıb:

“Sizin dediyiniz məsələlər də dövlət sərhədinin delimitasiyası ilə əlaqədardır. İndiyədək bu məsələlər dövlət komissiyaları çərçivəsində həll olunur. Dövlət komissiyalarının 15 iclası keçirilib. Dövlət sərhədimizin 480 km uzunluğu var və onun böyük hissəsinin delimitasiya olunması ilə bağlı razılıq əldə olunub. Hazırda 166 kilometrin delimitasiya olunması ilə bağlı ekspertlər səviyyəsində araşdırmalar aparılır”.

Leyla Abdullayeva dövlət komissiyalarının növbəti iclasının yaxın günlərdə baş tutacağına və bu məsələnin tezliklə yekunlaşacağına ümid edir. Onun fikrincə, delimitasiya prosesi nə qədər tez yekunlaşarsa bu, bir o qədər hər iki tərəfin maraqlarına xidmət edəcək və bu cür problemlərə yer qalmayacaq.

Politoloq: "Bakı yumşaq mesajlardan xəbərdaredici mesajlara keçməlidir ​"

“Azərbaycan tərəfi məsələni siyasiləşdirmək, çox da gərginləşdirmək istəmir. Ancaq hesab edirəm ki, yanlış mövqedir. Bakı susduqca təxribatların sayı da artır”, – “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu belə düşünür.

O xatırladır ki, Gürcüstan prezidenti Salome Zurabishvili Bakıda olanda bu məsələni gündəmə gətirib:

“Biz mesajı aldıq. Təsadüfi deyil ki, Azərbaycan prezidenti də sərəncam verərək Xələf Xələfovu 5 aydan sonra yenidən köhnə vəzifəsinə gətirdi (Ötən ilin sonunda Nazirlər Kabineti aparatının rəhbəri təyin olunmuş Xələfov bu günlərdə yenidən xarici işlər nazirinin müavini vəzifəsinə qaytarılıb – red). Bu, Tiflisə də danışıqlara hazır olmağımızın mesajı idi. Ancaq Gürcüstan rəsmiləri münasibətləri süni surətdə gərginləşdirmək yolu tutdular. Ona görə düşünürəm, Azərbaycan XİN də cavab verməlidir, bu cür davranışın yolverilməz olduğunu deməlidir. Bu cür şantaj yolu ilə danışmaq yolverilməzdir. Qarşı tərəf sərhəddə gərginliyi artırır. Orda nəsə insident baş verərsə, ikitərəfli münasibətlərə mənfi təsir edəcək”, – deyən Elxan Şahinoğlu hesab edir ki, Bakı “yumşaq mesajlardan xəbərdaredici mesajlara keçməlidir ki, qarşı tərəf özünü yığışdırsın”.

Onun qənaətincə, Gürcüstan özünü Azərbaycanın strateji tərəfdaşı sayırsa siyasətinə korrektə etməlidir:

“Azərbaycanın investisiyaları, Gürcüstanın qazlaşdırılması... Neft-qaz boru xətlərinin burdan keçməsindən ölkə milyardlarla dollar qazanıb. Bunu unutmaq olmaz. Unudursa Azərbaycan olanları ona xatırlatmalıdır ki, osetinlər, abxazlar və ermənilərdən fərqli olaraq Gürcüstanda yaşayan azərbaycanlılar muxtariyyət tələb etməyiblər. Amma sərt davranışlar davam edəcəksə orda yaşayan azərbaycanlılar da müəyyən tələblər irəli sürə bilərlər”.

Qoruq haqda məlumat

Prezidentin sərəncamı ilə 2007-ci ildə yaradılmış Keşikçidağ Dövlət Tarix-Mədəniyyət Qoruğunda 70-dək mağara, bir qala, iki məbəd və bir inanc yeri var. Ağstafa rayonunun mərkəzindən 75 kilometr məsafədə, rayonunun sonuncu yaşayış məntəqəsindən - Böyük-Kəsik kəndindən 28 kilometr uzaqda yerləşir.

Sərhəddə yerləşən bu abidələr kompleksində qoruq yaradıldıqdan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyası burada araşdırmalara başlayıb.

Burada yerləşən Keşikçi qalanın ilkin orta əsrlərə aid olduğu, müdafiə məqsədilə tikildiyi, buranın qədim alban yaşayış məskəni olduğu, həmçinin təbii mağaraların eramızın əvvəllərinə, ərazilərdəki süni mağaraların isə 8-15-ci əsrlərə təsadüf etdiyi deyilir.

Musa Quliyev: “Sadəcə bir hissə mübahisəlidir”

Keşikçidağ Dövlət Tarix-Mədəniyyət Qoruğunun rəhbəri Musa Quliyev AzadlıqRadiosuna deyir ki, 25 kilometr ərazidə uzanıb gedən komplekslə bağlı sadəcə bir hissə mübahisəlidir, yerdə qalan hissə mübahisə doğurmur. O, Gürcüstanın bu abidənin dövlət səviyyəsində qorunmasına dair hər hansı status vermədiyini, Azərbaycanın isə “ən böyük statusu verdiyini, qoruq elan etdiyini” də bildirir:

“Gürcüstan prezidentinin ora gəlişi və bəyanat verməsindən sonra bu məsələ gündəmə gəldi, ictimailəşdi, bizim sərhədçilər orda icazəsiz aksiyaların keçirildiyinə görə məbədə girişə 2-3 gün icazə vermədilər. Bununla bağlı da narazılıqlar yarandı”.

Musa Quliyevin sözlərinə görə, sərhəddə narazılıqlara baxmayaraq qoruğa sərbəst gediş-gəliş mümkündür:

“Bu gün də turistlərimiz var, məktəblilər ora yürüş edir. Gürcülərin gəldiyi hissə tamam başqa istiqamətdir. Keşikçidağ mağaralar kompleksinin sadəcə bir hissəsi mübahisəlidir. Azərbaycan prezidentinin sərəncamında da xüsusi vurğulanır ki, Ağstafa rayonu ərazisində yerləşən Keşikçidağ mağaralar kompleksinin bir hissəsi dövlət qoruğu elan edilsin. Gürcüstan tərəfə düşən hissəyə gəlincə, orda elə hissə var sərhəddən kənardır. Biz burdan orda nə baş verdiyini deyə bilmərik. Durumla bağlı Xarici İşlər Nazirliyi və Dövlət Sərhəd Xidməti danışa bilər”.

Musa Quliyev bugünlərdə sözügedən abidənin qorunması və tədqiqi ilə bağlı Gürcüstanda keçirilən konfransdan qayıdıb.