"Biz susmayacağıq və səsimizi hər yerə çatdıracağıq" - GƏNCƏDƏ ETİRAZ AKSİYASI / VİDEO

22/04/2019 - 15:04 18 541 0   0  

Gəncədə 2018-ci ilin iyul hadisələri ilə bağlı həbs olunmuş şəxslərin ailə üzvləri şəhər icra hakimiyyətinin binası qarşısında etiraz aksiyası keçiriblər.

Valideynlər övladlarının həbsini qanunsuz və saxta hesab edir və onların azad olunmasını tələb edir.

Onlar iddia edirlər ki, övladları amansız işəgncə və təhqirlərə məruz qalıblar: "Biz susmayacağıq və səsimizi hər yerə çatdıracağıq".

Polis əməkdaşları toplaşanların ərazini tərk etməsini tələb ediblər. "Prokurorluq var, Apellyasiya Məhkəməsi var, ora şikayət edin", deyərək etirazçıların ərazidən uzaqlaşdırıblar.

İştirakçılar aksiyanı Gəncə şəhər Nizami rayon polis idarəsinin binası önündə davam etdirməyə çalışıblar. Onların qarşısına çıxan polis əməkdaşları "aksiyanın qanunsuz olduğunu və ictimai asayişi pozduğunu" bildiriblər.

Polis valideynləri uzaqlaşdırmağa başlayıb və həbs olunmuş uşaqlarının portretlərini onların əlindən alıb. Aksiya zamanı heç kim saxlanılmayıb.

XaIrladaq ki, 2018-ci ilin iyulunda Gəncədə şəhər icra başçısı Elmar Vəliyevə sui-qəsd olub. Səbəb onun kobud davranışı və şəhər sakinlərini müntəzəm olaraq təhqir etməsi olub. Sui-qəsdi törədən şəhər sakini Yunis Səfərov Vəliyevə atəş açıb, onu yaralayıb və saxlanılıb.

10 gün sonra şəhərdə Səfərovun azad edilməsi və şəhər icra hakimiyyətinin başçısının davranışına qiymət vermək tələbi ilə iğtişaşlar baş verib. Mitinq iştirakçılarının polislə qarşıdurması zamanı iki polis zabiti öldürülüb.

Bundan sonra etirazçıların kütləvi həbsləri və təqibləri başlayıb. Hakimiyyət radikal islamçıları iğtişaşlar təşkil etməkdə ittiham edib./ Turan.az