Saxta əlillik “verib” ev satan şəxslərdən biri YAP funksioneri oldu

13/04/2019 - 22:14 9 424 0   1  

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun əmri ilə vəzifəsindən azad olunan meriyanın aparat rəhbəri Rasim Quliyev YAP-da vəzifəyə təyin olunub.

Az24saat.org xəbər verir ki, bu barədə Rasim Quliyevin qardaşı, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev açqlama yayıb.

O, Yeni Azərbaycan Partiyasının rəhbərliyinə, xüsusilə də YAP-ın sədr müavini-İcra katibi Əli Əhmədova qardaşını katiblikdə işə dəvət etdiyinə görə minnətdarlıq edib.

Xatırladaq ki, Rasim Quliyev 2017-ci ildən bəri mətbuatda yer alan Nərimanov rayon icra başçısı Abidin Fərzəliyevin də adının hallandırıldığı dələduzluq ittihamlarında əsas imza sahiblərindən biri olub.

Saytımıza məlumat verən zərərçəkmiş vətəndaşların bildirdiyinə görə, məsələ ictimailəşdirildikdən sonra başlanan və ədalətli olmayan məhkəmə proseslərindən birində şahid qismində dindirilən BŞİH sabiq aparat rəhbəri Rasim Quliyev hakim qarşısında çətin anlar yaşayıb. Hətta prosesdə məlum olub ki, hazırda YAP=ın mərkəzi aparatında vəzifəyə təyinat alan bu şəxs, “Çernobl” faciəsindən illər sonra dünyaya gələn şəxslərə “Çernobl əlili” statusu verərək onlara əlillər üçün tikilən binada ev veriləcəyini bildirib. Lakin Rasim Quliyev hakimə “mən sadəcə sənədlərə imza atmışam” deməklə müəmmalı şəkildə canını qurtara bilib.

Məlumat üçün bildirək ki, Eldar Əzizovun BŞİH başçısı təyin olunduqdan sonra ilk olaraq Rasim Quliyevi vəzifədən kənarlaşdırması da təsadüf deyil. Hesab etmək olar ki, mətbuatda yer alan digər iddiada E. Əzizovun son müşavirələrdən birində gözlənilmədən Nərimanov rayon icra hakimiyyətinin başçısı Abidin Fərzəliyevi məzəmmət etməsi və ikincinin bundan xoşlanmayaraq salonu tərk etməsi də prosesin davamıdır.

Ümumilikdə 6 milyon manatlıq mənimsəmənin mövcud olduğu ittihamda Rasim Quliyevlə yanaşı Nərimanov rayon icra hakimiyyətinin başçısı Abidin Fərzəliyevin və onun müavini Şahmar İbadovun da adı hallanır.