Azərbaycanda çox şey dəyişir - Təhlil

01/04/2019 - 00:43 14 110 0   0  

 

Təbii ki, ən böyük məsələ hazırda ölkədə gedən dəyişiklərdir. Keçən ilin payızında bir yazı yazdım və dedim ki, ölkədə hakimiyyətin transformasiyası gedir.

Bəzi dostlar bunu çox müsbət bəyanat kimi qəbul etdilər. Dedilər ki, heç bir transformasiyadan söz gedə bilməz.

Yəqin transformasiya sözü xoşlarına gəlməmişdi. Çox müsbət söz hesab etmişdilər. Hansı ki, bu söz, yəni transformasiya hansısa bir əşyanın formasının dəyişməsini göstərir.

Bu yaxınlarda isə mühacirətdə yaşayan və Meydan TV-ni idarə edən keçmiş siyasi məhbus Emin Milli bəyanat yayaraq prezidentə təşəkkür etdi və onu təbrik etdi ki, siyasi məhbusların buraxılması da daxil olmaqla, cəsarətli addımlar atır.

Bu bəyanat çox fərqli mövqelərə səbəb oldu. Emini satılmışlıqda ittiham edənlər də oldu, obyektiv ola bildiyi üçün təşəkkür edənlər də oldu.

Bu gün artıq əminliklə deyə bilərik ki ölkədə nələrsə dəyişir. Sosial fenomenin çox maraqlı bir xüsusiyyəti odur ki, dərində nələrin olduğunu anlamasan da, üzdə insanların davranışı və bəyanatlarından görə bilərsən ki, artıq çox şey əvvəlki kimi deyil.

Siyasətdə, ictimai həyatda aktiv olan bəzi insanlar fərqli davranmağa və fərqli danışmağa başlayırlar.

Gəlin burada vacib bir məqama toxunaq. Sosial elmlər və sosial müzakirələr dərin olmadığı üçün bizim cəmiyyətdə konseptual söhbətlər aparmaq mümkün deyil. Bizim ictimai sahənin böyük qüsurudu.

Yəni bizdə, hətta peşəkar insanlar belə çox zaman hadisələrə, bəyanatlara reaksiya verməklə kifayətlənir, nəzəriyyə aləminə enmirlər, gündəlik söhbətlərə üstünlük verirlər.

Yaxşı indi gəlin dərindən baxaq görək söhbət nədən gedir.

Başlayaq kapitalizmdən. Deyə bilərəm ki, bu yeni vəziyyətin ictimai, siyasi və iqtisadi duruma təsiri müzakirə olunmur. Məsəl üçün, iqtisadçılar və siyasətçilər böhran haqqında danışarkən bunun kapitalizmin böhranı olduğunu söyləmirlər.

Halbuki, fundamental fərq buradadır. Kommunist sistemində böhran nəzərdə tutulmamışdı, kapitalizmdə isə böhran təbiidir və əslində tərəqqinin əsas lokomotivlərindən biri hesab olunur. Başqa sözlərlə, biz sistem böhranını artıq daimi bir hadisə kimi qəbul etməliyik, çünki yeni sistemin mahiyyəti budur.

Kapitalizmdə xoşbəxtlik yoxdur, xoşbəxtlik və kədər var. Flora Kərimovanın sözləri kahinlik kimi səslənir indi: "Həyat, sevincin qədər əzabın da şirindir".

Dediyim kimi, kapitalist sistem, ki buraya sadəcə iqtisadiyyat deyil həm də sosial, mədəni, siyasi və digər münasibətlər də aiddir, mütəmadi böhranlara girir.

Burada tarixin ironiyası ondadır ki, biz Karl Marksın dediyi, yazdığı mətləbləri indi yaşayırıq, amma indi Marksın özü aktual deyil. Vaxt var idi ki, onun özü aktual idi, amma yazdıqları sadəcə kağızı korlamaq üçün idi, yəni Sovet vaxtını deyirəm.

Marks deyirdi ki, kapitalizmin işi çətindi, çünki o, içində özünə düşmən yetişdirir, bu düşmən isə proletariatdır, yəni işçilər, fəhlələr, kasıblar və sairə.

Bunu Sovet vaxtı hamı əzbərləyirdi, amma bu sosial-iqtisadi münaqişə yaşanmırdı, çünki kapitalizm yox idi. İndi isə kapitalizm var və təbii ki, içində də proletariatı.

Bu proletariat isə kapitalizmi zəif görən kimi - kapitalist sistem böhrana girən kimi başlayır özünü yaxşı aparmamağa, nadinclik eləməyə. Kapitalizm də gərək kisənin ağzını aça, çünki proletariat daha çoxdu və daha qəzəblidir.

Passiv inqilab

Bəs kapitalizmdə böhran olanda dövlət nə etməlidir? Klassik siyasət ədəbiyyatında ən çox rast gəlinən müdaxiləyə "passiv inqilab" deyirlər.

Passiv inqilab hakimiyyətin zədələnmiş reputasiyasını bərpa etmək üçün atdığı addımlardır. Böhran zamanı hökumət sosial problemlərə diqqəti artırır və onları həll edərək insanların gözündə reputasiyasını qaldırır.

Burada hakim siyasi sinif digər siyasi qruplarla təbii rəqabətə girir, çünki böhran zamanı müxalif siyasi və sosial qruplar insanları səfərbər etmək üçün daha çox imkana sahib olurlar. Burada hakimiyyətin əsas məqsədlərindən biri müxalifətin səfərbər olmasına imkan verməməkdir.

Passiv inqilabın bir vacib elementi də dövlətin restrukturizasiyası və ya struktur islahatlarıdır. Dövlət aparatı böhranın sarsıtdığı ilk hədəflərdəndir.

Ona görə həm daxili effektivlik, həm də xalqın gözündə legitimliyi artırmaq üçün hakimiyyət öz formasını dəyişməlidir. Burada həm icra, həm qanunvericilik həm də məhkəmə hakimiyyətində dəyişiklər olmalıdır.

Azərbaycanda son bir neçə ildə böhranın yaratdığı şəraitə hakimiyyət passiv inqilabla cavab verir. Yaxından baxsanız bunu çox aydın görərsiniz. Xüsusilə prezidentin sərəncamları, addımları, bəyanatlarını izləsəniz bunu aydın hiss edirsiniz.

Prezident həm də bu yaxınlarda REAL TV-yə verdiyi uzun illərdən sonra ilk müsahibəsində bu haqqda danışdı.

Eyni zamanda müxalif qrupların da "bunlar islahat deyil, kosmetik dəyişiklərdir" retorikası var ki, bu da həmin passiv inqilabı tənqid edərək dəyərini azaltmağa çalışır.

Bunlar da yuxarıda qeyd etdiyimiz böhran zamanı rəqabətin bir hissəsi olaraq baş verir.

Təmsilçilik problemi

Bu yaxınlarda Diqlas ticarət mərkəzi yanandan sonra orada çalışan qadınlardan biri çox təsirli çıxış etdi. Xanım deyir:

"Hanı dövlət? Niyə başqa ölkələrdə millət vəkilləri gəlir millətin içinə? Niyə biz bu dörd divar arasında danışmalıyıq?"

Xanımın çıxışından iki mətləbi anladım.

Birincisi odur ki, böhran işçi sinfinin də öz liderlərini çıxarır ortalığa yavaş-yavaş. Əgər əvvəlki yazılarımı izləmişsinizsə Azərbaycanda artıq sinfi cəmiyyətin bitdiyini və təbəqələşən (hələ təbəqələşmiş deyil) toplumla üz-üzə olduğumuzu ehtimal edirdim.

Dəqiq bilmirəm ki, bu xanım hansı sinfə aiddir, amma xanım özü deyir ki, hamımız fəhləyik. Yəni sahibkar deyillər, işlədikləri məkan özlərinə aid deyil, bir çox xırda bizneslər kimi onlar da kirayədədirlər.

Burada retorika, yəni dilin üslübu çox önəmlidi. O problemlər haqqında ancaq o dildə danışanda təsirli olur. Məsəl üçün, mən bazarda çalışan insanlar adından danışsam, çox aiddiyatsız olaram. Artıq kitab bilikləri ilə danışan burjua intellektuallarının və siyasətçilərinin vaxtı getdi elə bil ki. Siyasət get-gedə xalqa yaxın olacaq.

Artıq siniflərin öz dilində danışan siyasətçilərə ehtiyacı var.

Abstrakt haqq və hüquqlar uğrunda mübarizə aparan demokratlar artıq dəbdə deyil.

İkinci məsələ odur ki, parlament artıq üst sinifə xidmət edən bir alət kimi qala bilməyəcək. Xalq vəkilləri öz arasında və həm də öz arasından görmək istəyir.

Xalqın içində isə, bayaq dediyimiz kimi, incə orta təbəqə və çox böyük alt təbəqə var. Bu insanlar həm sözdə, həm də əməldə təmsil olunmalıdır.

Yəni kimsə onların həm sözünü deməli, həm də işini görməlidir. Necə ki, ticarət mərkəzi yanandan sonra müxtəlif yollarla, insanlarla, vasitələrlə məsələ prezidentə qədər getdi çıxdı və prezident sərəncamlar verdi ki, insanlara yardım edilsin.

Bu birdəfəlik, ani qərarlar siyasətinin daha təsisatlanmış təmsilçiliyə ehtiyacı var. Prezidentin hər dəfə müdaxilə etməsi effektiv mexanizm deyil. Həmkarlar ittifaqı olmalıdır, sığorta şirkətlərindən kompensasiya tələb etməlidirlər.

Prezident - moderator

Prezident bu həftə görüşdə dedi ki, inkişaf etmiş ölkələrdə sığorta var və təklif etdi ki, Azərbaycanda da bu institut olsun.

Ümumiyyətlə, prezident institutu bugün Azərbaycanda müasirləşmənin və konfliktlərin həlledicisi rolunu daşıyır. Görünən və görünməyən bir çox münaqişələr var ki, həm daxildə həm də xaricdə, prezident onları həll etməklə məşğuldur.

Bu baxımdan İlham Əliyev Azərbaycanda təbii olaraq ən təcrübəli siyasətçidir. Son 16 ildə heç kimin bu qədər təcrübə qazanmaq imkanı olmayıb. Xüsusilə də nəzərə alsaq ki, siyasətin təməlində münaqişə durur və siyasətçilərin əsas işi də münqaişəni həll etməkdir.

Amma bu, yetərli deyil. Mədəni, müasir dövlətdə liderin rolu vacibdir, amma kifayət deyil. Daha effektiv olan odur ki, davamlı mexanizmlər olsun.

Prezidentin çıxışında hiss olunurdu ki, o da bunu istəyir. Çünki ilk növbədə bu bir dəfəlik qərar və sərəncamlar onun özünü yorur. Məsəl üçün, sığorta sistemi yaxşı işləsə, heç prezidentin müdaxiləsinə ehtiyac yoxdur. İddiaçılar, sığorta şirkətləri, məhkəmələr işi həll edəcək.

Bütün yuxarıda söylədiklərim onu göstərir ki, böhran davam etdikcə, passiv inqlab davam edəcək. Bununla yanaşı siyasi qruplar arasında rəqabət də davam edəcək.

Yəqin ki, ittifaq axtarışları da var və davam edəcək. Növbəti aylar və illər maraqlı və gərgin olacaq, çünki həm də hakimiyyətin daxili də yeknəsək deyil, orada da bir mübarizə var.