Dünyanın ən nüfuzlu universitetləri: BDU niyə kənarda qaldı?

31/10/2018 - 23:05 9 298 0   0  

“U.S. News & World Report” nəşri “Best Global Universities ТОР 500” reytinqini hazırlayıb.

Nəşrin saytında dərc edilmiş reytinqə görə dünyanın 70-dən çox ölkəsindən 1250-dən çox universitetin adı daxil edilib. Sıralamada təhsil müəssisələrinin elmi nəşrlərin sayı və onların sitat gətirilmə səviyyəsi, elmi konfranslar və beynəlxalq əməkdaşlıq kimi 13 göstəriciləri nəzərə alınıb.

Bu ilki “TOP 500”ə 39 Türkiyə, 27 İran, 14 Rusiya və 2 Gürcüstan universiteti daxil olub. Eyni zamanda, təəssüf ki, reytinqdə bir dənə də olsun Azərbaycan universitetinin adı yoxdur.

Səbəb nədədir?

Oxu.Az bu sualla Bakı Dövlət Universitetinin (BDU) professoru Kamil Səlimova müraciət edib.

Onun sözlərinə görə, BDU “U.S. News & World Report” reytinqində var, ancaq onun “TOP 500”ə daxil olmasına mane törədən bir səbəb var.

“Bu, yataqxananın olmamasıdır. Məhz bu göstərici balların hesablanması zamanı əsas səbəblərdən biridir. Beynəlxalq jurnallarda dərc edilmiş elmi məqalələrə gəlincə, BDU regionun lideri ola bilərdi. Yəni, bu, bizim universitetin potensialından xəbər verir. Biz bütün göstəricilər üzrə əla ballara sahibik. Ancaq bizim yataqxanamız yoxdur”, - professor bildirib.

O, əlavə edib ki, əgər Azərbaycan universitetlərinin beynəlxalq standartlara cavab verən yataqxanası olsa, onlar əcnəbi tələbə və müəllimləri yaşayış yeri ilə təmin edə bilər. Bu da öz növbəsində lazımı nəticələrə gətirəcək.

“BDU-nun yataqxanası olsaydı, universitetimiz “TOP 300”ə də daxil ola və regionun universitetləri ilə güclü rəqabət yarada bilərdi”, - Səlimov bildirib.