“Sədərək Yusif”in PA-da işləyən oğlu kəndlilərin torpağını əlindən alır: “Məhkəmələrə təzyiq var” - ŞİKAYƏT

07/03/2019 - 21:30 11 194 0   0  

AFN.az “Cənnət bağı” Şirkətlər Qrupunun və “Sədərək” Ticarət Mərkəzinin rəhbəri Yusif Qədimbəylinin Quba rayonu Xınalıq kənd sakini Xəlilov Sənan Sultanağa oğluna məxsus torpağı qanunsuz zəbt etməsi ilə bağlı yazmışdı.

Xatırladaq ki, S.Xəlilovun şikayəti əsasında hazırlanan yazıda bildirilirdi ki, şikayətçinin və bir neçə digər xınalıqlı ailənin dolanışıq yeri olan, onlar tərəfindən uzun müddətdir istifadə edilən yay otlaq sahəsini Y.Qədimbəyli qeyri-qanuni zəbt edərək torpağın təyinatını və strukturunu pozmaqla orada istirahət evləri tikib. S.Xəlilov bildirir ki, 2014-cü ilin 20 noyabrından Qusar rayon İcra Hakimiyyətinin sərəncamı, ondan əvvəldən də müvafiq qurumların sərəncamı ilə istifadəsində olan torpağın əlindən alınması onlarla insanın çörəyinin kəsilməsi deməkdir: “Atam Xəlilov Sultanağa torpaq islahatlarına qədər Quba rayonunun tərkibində olan yay otlaq sahəsini 1969-cu ildən istifadə edib. 1998-ci ildə sovxoz və kolxoz islahatından sonra mən və mənimlə birgə Xınalıq kənd sakinləri istifadə edirik. 2000-ci ildə Quba RİH-lə 15 illik müqavilə bağlamışıq. 2014-cü ildən həmin torpaq Qusar rayonuna verildi və həmin ilin noyabrında yenidən Qusar RİH-lə uzunmüddətli müqavilə bağladıq. RİH 2015-ci ildə həmin yay otlaq sahəsini “Cənnət bağı” Şirkətlər Qrupunun rəhbərliyinə verib”.

Yenidən üzünü mediaya tutan şikayətçi bildirir ki, Y.Qədimmbəylinin oğlu Mehman Qədimov Prezident Administrasiyasında çalışır və öz nüfuzundan istifadə edərək atasının haqsız məhkəmə proseslərindən qalib çıxmasına köməkçi olur: “Sumqayıt İnzibati İqtisad Məhkəməsindən başlayan proses hazırda Konstitusiya Məhkəməsindədir, hamısından da Yusif Qədimbəyli “qalib” çıxıb. Amma bu, heç də onun haqlı olması demək deyil. Onun oğlu Prezident Administrasiyasında yüksək vəzifədə çalışır, məhkəmələrə, yerli icra hakimiyyətlərinə təzyiqlər edir. Biz uzun illərdir o torpaqlardan təyinatı üzrə istifadə edirik. Mənim atam həmin sahəni idarə edib, orada heyvandarlıqla məşğul olub. İndi bir oliqarx-məmur ailəsi torpaqlarımızı əlimizdən alıb özləri üçün istirahət mərkəzi yaradırlar, orda villalar tikirlər. Bizim ümidimiz yalnız cənab prezidentədir. Son vaxtlar onun vətəndaşlarla birbaşa təması, “hər bir vətəndaşın prezidentiyəm” sözünün əmələ çevrildiyinin açıq müstəviyə keçməsi onu göstərir ki, cənab prezident də məmurların yarıtmazlığından xəbərdardır. Bir-birinin ardınca nazirlərin, komitə sədrlərinin, icra başçılarının vəzifədən qovulması, görünür, bəzilərinə hələ də dərs olmayıb. Biz ümid edirik ki, cənab prezident İlham Əliyev yenə səsimizə səs verəcəkdir. Yenə deyirik, çünki artıq bir dəfə o, bizim narazılığımızı dinləyib və reaksiya verib. 2006-cı ildə Xınalığa yol açılışına gələndə atam ona durumu bildirmişdi. O isə cavabında demişdi ki, torpaq kəndliyə məxsusdur, heç kimin ixtiyarı yoxdur onu sizdən almağa. Ondan sonra bir müddət bizə dəyib-dolaşmasalar da, sonradan yenə problemlər yarandı və yuxarıda nəql etdiyim durum ortaya çıxdı. İndi biz nəinki inanırıq, hətta əminik ki, cənab prezident durumdan hali olsa mütləq reaksiya verəcək”.

“Sədərək Yusif”in PA-da işləyən oğlu kəndlilərin torpağını əlindən alır:

S.Xəlilovun atası İlham Əliyevlə görüşərkən

S.Xəlilov onu da qeyd edib ki, mübahisə predmeti olan torpaq sahəsi üzərində çıxarılmış ədalətsiz məhkəmə qərarlarına etiraz olaraq bir qrup Xınalıq kənd sakini Bakıda etiraz aksiyası keçirməyə hazırlaşır: “Biz dədə-baba torpaqlarımızın əlimizdən alınaraq başqasına verilməsinə göz yummayacağıq. O torpaqlar artıq neçə onilliklərdir ki, bizim istifadəmizdədir, balalarımızın gələcək dolanışıq yeridir. O torpaqlar həm də heyvandarlığın inkişaf etdirilməsi üçün böyük perspektivə malikdir. Oranın istirahər mərkəzinə çevrilməsinə razı ola bilmərik”.

Şikayətçinin sözlərinə görə, bu prosesdə Qusar Rayon İcra Hakimiyyəti də qarşı tərəfin mövqeyini müdafiə edir: “İcra hakimiyyətindən bizə dəfələrlə ərazini öz xoşluğumuzla təhvil verməyimizi, əks halda vəziyyətin yaxşı olmayacağı xəbərdarlıqları edilib. Bu yaylaqdan 40-dan çox xınalıqlı ailə evinə bir tikə çörək aparır. Bizim bundan başqa dolanışıq yerimiz yoxdur. Buranı da əlimizdən alsalar uşaqlarımız ac qalacaq. Belə olan halda gərək biz vətəndaşlıqdan imtina edib, başqa ölkəyə köçəcək. Kənd cammatı ümid edir ki, prezident İlham Əliyev yaranmış xoşagəlməz hadisəyə müdaxilə edəcək. Biz ata-babalarımızdan bizə miras qalan yaylaqlarımızı istəyirik. Bu ərazilər otlaq sahələridir. Burda villa, istirahət mərkəzəri tikdirməklə otlaq sahələrini məhv edirlər. İcra hakimiyyəti və digər aidiyyatı qurumlar da Yusif Qədimbəylidən qorxurlar. Ona görə də onun bütün əməllərinə göz yumurlar. Kənd Təsərrüfatı Nazirliyi və ETSN-ə müraciət etsək də, heç bir tədbir görülməyib”.

S.Xəlilov onlara problem yaradan, dolanışıqlarına əngəl olan məmurlara ölkə başçısının Şamaxı və Ağsu səfərlərini dərs olacağına ümid etdiklərini dilə gətirib: “Cənab prezident şəxsən insanlara görüşdü, ərizələrini aldı, problemlərini dinlədi. Bu bizə ümid verir. Əminik ki, bizim problemimiz də tezliklə həllini tapacaq, vətəndaşı narazı salan məmurlar isə cəzalandırılacaq”.