Yaponiya və ABŞ birgə hərbi təlimlərə başlayıblar

31/10/2018 - 19:07 23 935 0   0  

Oktyabrın 31-də Yaponiya və ABŞ silahlı qüvvələri “Keen Sword” genişmiqyaslı hərbi təlimlərə başlayıblar.

Suveren.az Kyodo agentliyinə istinadla xəbər verir ki, noyabrın 8-dək davam edəcək təlimlərdə ordunun müxtəlif bölmələri, hərbi-dəniz qüvvələrinin aviasiyası və gəmiləri iştirak edirlər. Belə təlimlər iki ildə bir dəfə keçirilir. Bu il təşkil edilən təlimlərə təqribən 47 min yapon və 9,5 min ABŞ hərbçisi cəlb olunub.

ABŞ-ın Yaponiyadakı kontingentinin komandanı general Cerri Martinesin təlimlərlə bağlı bəyanatında deyilir: “Keen Sword” təlimləri iki ölkənin ordusunun Yaponiyanın müdafiəsi və regionda sabitlik üçün zəruri olan hərbi-hava, dəniz və amfibiya bacarıqlarını yoxlamağa imkan yaradır”.

Təlimlərin birinci günü Hönşü adasının şimalında yerləşən Misava hərbi bazasında axtarış-xilasetmə əməliyyatları zamanı birgə fəaliyyət məşqləri keçiriləcək. Sonrakı günlərdə desant əməliyyatlarının və hava döyüşü təlimlərinin keçiriləcəyi planlaşdırılır.