Makedoniyanın NATO-ya üzvlüyü müzakirə ediləcək

05/02/2019 - 19:13 12 565 0   0  

Yunanıstan parlamentində Makedoniyanın NATO-ya daxil olması protokolu ilə bağlı müzakirələr fevralın 8-də keçiriləcək. RİA “Novosti" xəbər verir ki, bu barədə Yunanıstan parlamentinin sədri Nikos Vutsis bildirib.

Onun sözlərinə görə, elə həmin gün protokol səsverməyə çıxarılacaq. Parlament sədri vurğulayıb ki, bundan bir gün əvvəl - fevralın 7-də Makedoniyanın NATO-ya daxil olması haqqında protokol parlamentin xarici işlər və müdafiə məsələləri üzrə komitəsinə təqdim ediləcək.

Makedoniya hökumətinin bəyanatında isə deyilir ki, ölkənin NATO-ya daxil olmasına dair protokolun razılaşdırılmasından dərhal sonra Alyansa üzv bütün ölkələrin parlamentləri tərəfindən ratifikasiya prosesi başlayır.

"Yunanıstan əvvəlcə protokolu ratifikasiya edəcək, bununla Prespa razılaşması və konstitusiya dəyişiklikləri qüvvəyə minəcək", - bəyanatda deyilir.

Qeyd edək ki, protokolun NATO-ya üzv 29 ölkənin hamısı tərəfindən ratifikasiya edilməsindən sonra ölkə yeni adı ilə - Şimali Makedoniya kimi NATO-nun bütün qərarlarda səsvermə hüququna malik tamhüquqlu üzvünə çevriləcək.

Rəsmi Afina və Skopyenin 2018-ci il martın 17-də Prespa gölü sahillərində imzaladığı saziş "Prespa razılaşması" adı alıb. O, uzun illərdir adla bağlı yaranmış mübahisəli məsələni həll edir və Skopyenin NATO və Avropa İttifaqına yolunu açır.