Korrupsiya "xəbərçiləri"nə pul mükafatı veriləcək - YENİ QANUN

30/01/2019 - 23:59 7 750 0   0  

Prezident yeni qanunu imzalayıb.

Qırğızıstanda korrupsiya “xəbərçiləri”nə pul mükafatı vəd edilir.

Qırğızıstan prezidentin Sooronbay Jeenbekovun yanvarın 29-da imzaladığı qanuna əsasən, rəsmi korrupsiya halları barədə məlumat verən polis və vətəndaşlar dövlətin bərpa etdiyi maliyyə ziyanının bir hissəsini mükafat olaraq alacaqlar. Qanun “korrupsiya xəbərçiləri”ni qorumağı da vəd edir. (Azadlıq Radiosu)

Belə ki, korrupsioner məmurları tutan polislər korrupsiya cinayətlərində təqsirli bilinən məmurların dövlətə qaytardığı pulun 30 faizini alacaqlar. Təqiblə sonuclanan məlumatlar verən vətəndaşlar isə polisin aldığı məbləğin 30 faizini əldə edəcək – yəni maksimum 1 milyon som (14 min 300 dollar).

Qanun 2016-cı ildən Qırğızıstan parlamentində müzakirə olunub. Keçmiş prezident Almazbek Atambayev 2017-ci ildə qanunu rədd edərək parlamentə qaytarıb, onun dəyişilməli olduğunu deyib.

2017-ci ilin oktyabrında prezident seçkisində Atambayev Jeenbekovu dəstəkləyib. Sonradan onların arasında ədavət yaranıb. İki keçmiş baş nazir daxil olmaqla, Atambayevin bir sıra müttəfiqləri korrupsiyada şübhəli bilinərək saxlanıblar. Ümumiyyətlə, bu ölkədə korrupsiya əsas problem kimi qabardılır.