Amerikalıların 39 faizi Trampın qərarını dəstəkləyir

28/01/2019 - 20:21 12 874 0   0  

Amerikalıların 39 faizi ABŞ Prezidenti Donald Trampın qoşunları Suriyadan çıxarmaq barədə qərarını dəstəkləyir, 35 faizi isə buna qarşı çıxır.

Bu barədə məlumat Çikaqo Universiteti nəzdində fəaliyyət göstərən ictimai rəyin tədqiqi üzrə milli mərkəzinin yanvarın 28-də dərc olunan sorğusunun nəticələrində yer alıb.

Associated Press agentliyinin sifarişi ilə aparılan sorğuya əsasən, Amerika qoşunlarının Suriyadan çıxarılması barədə qərarı əsasən hakim Respublikaçılar partiyasının üzvləri dəstəkləyir. Belə ki, respublikaçıların tərəfdarlarının 56 faizi, demokratların tərəfdarlarının isə yalnız 26 faizi bu fikirdədir.

Ümumilikdə isə sorğu göstərir ki, amerikalıların əksəriyyəti ABŞ-ın 45-ci prezidentinin xarici siyasət kursuna skeptik yanaşır. Respondentlərin 63 faizi hesab edir ki, Tramp xarici siyasət sahəsində öz vəzifələrinin öhdəsindən gələ bilmir. Rəyi soruşulanların 35 faizi isə əks fikirdə olduğunu bildirib.