Venesuelada gərginlik PİK HƏDDƏ: Hərbçilər qiyama başladı: 26 ölü, 364 həbs

25/01/2019 - 10:23 11 980 0   0  

Venesuelada yaşanan siyasi durğunluq küçə mitinqlərinə və iğtişaşlara səbəb olub.
Müxalif qaynaqlar etiraz aksiyalarında yaşanan qarşıdurmalarda 26 nəfərin öldüyünü, 364 nəfərin həbs olunduğunu bildirir.
Hökumətə yaxın media qurumu olan “Ultimas Noticias”ın informasiyasına görə, Şərq Bölgəsi Stateji Müdafiə Birliyinin komandanı Uilyam Serantes Pinto isə qarşıdurmalarda 268 nəfərin saxlanıldığını açıqlayıb.
Düşdüyü iqtisadi və siyasi böhranın içindən çıxa bilməyən ölkədə iki prezident var. Seçkilərdə 64% səslə qalib gələn Nikolas Maduro və Milli Məclisin spikeri, müxalifət lideri Juan Quaydo. Müxaliflər Maduronu prezident kimi qəbul etmədikləri və Maduro istefa vermədiyi üçün qarşıdurmaların vətəndaş müharibəsinə qədər uzanması ehtimal edilir.
Ölkədə hökumətə qarşı müqavimət hərəkatları ilə tanınan və hüquq işçilərinin yaratdığı Foro Penal qeyri-hökumət təşkilatı sosial media hesabından verdiyi məlumatda müxaliflərin təşkil etdiyi mitinqdən sonra 320 nəfərin həbs olunduğunu təsdiq edib. Venesuelanın müxtəlif bölgələrində işləyən vəkillərin təşkil etdiyi qeyri-hökumət təşkilatı isə bir həftə ərzində həbs edilənlərin sayının 364 olduğunu deyib.
Venesuela İctimai Problemlərin Müşahidəsi təşkilatı mitinqlərdə ölənlərin sayını açıqlayır. “Observatorio de Conflictos” adlandırılan təşkilatın məlumatına görə, mitinqlərdə 26 nəfər ölüb. Rəsmi açıqlamalarda isə ölüm faktının qeydə alınmadığı bildirilir.
Ölkədə küçə nümayişləri davam edir. Həftənin əvvəlində 27 hərbçinin xalqı ayağa qalxmağa çağırması və ardınca təslim olmaları ilə başlayan, gecələr daha çox şiddətlənən nümayişlər azalsa da, davam etməkdədir.
Qeyd edək ki, parlamentin spikeri Juan Quaydonun prezidentliyini 34 Amerika qitəsi ölkəsi və bir çox dünya ölkələri tanıyır. Türkiyə, Rusiya, İran və bu kimi ölkələr isə Maduroya dəstək çıxır.
Ekspert dairələri və bir çox dövlət Venesueladakı hadisələrin birbaşa ABŞ tərəfindən planlaşdırıldığını bildirir./Publika