NATO-nun sərhədimizə çatması bölgəyə nə vəd edir? - TƏHLİL

25/01/2019 - 09:36 11 635 0   0  

NATO-nun baş katibi Yens Stoltenberq bu ilin martında Gürcüstana səfər edəcək. Bu barədə baş katib Gürcüstan prezidenti Salome Zurabişvili ilə Brüsseldə keçirdiyi birgə mətbuat konfransında bildirib. Baş katib deyib ki, səfərin məqsədi Gürcüstan hökuməti və liderləri ilə tərəfdaşlıq barədə müzakirə aparmaqdır: “Mən həmçinin NATO təlimlərinə də baş çəkəcəyəm. Bizim məqsədimiz tərəfdaşlığın daha da möhkəmləndirilməsidir”.

Gürcüstanın NATO-ya üzv qəbul olunmasına gəlincə, Y.Stoltenberq qeyd edib ki, bu məsələ ilə bağlı həm Gürcüstan, həm də Alyans qərar verməlidir: “Bu prosesə kiminsə müdaxilə etmək hüququ yoxdur. Biz Rusiya kimi böyük ölkələrin öz maraqlarını qurmağına heç zaman yol verməyəcəyik. Onların bu məsələlərlə bağlı qərar qəbul etmək hüquqları olmayacaq”.
Gürcüstanın baş naziri Mamuka Baxtadze isə ABŞ-ın “CNBC TV” kanalına müsahibəsində deyib ki, NATO-ya üzv olmaq Gürcüstanın əsas arzusudur və Tiflis bu istəyə tam sadiqdir.
O bildirib ki, Gürcüstan əhalisinin böyük əksəriyyəti NATO-ya inteqrasiyanı dəstəkləyir: “Gürcüstan NATO və Avropa İttifaqına üzvlüyü məqsəd kimi görür. Son illərə nəzər yetirsək, görərik ki, Gürcüstan bu yolda böyük uğurlar əldə edib. Ötən il Brüsseldə konfrans zamanı NATO bir daha təsdiq etdi ki, Gürcüstan nə vaxtsa Alyansa üzv olacaq. Buna görə də biz dəstək almışıq və NATO ilə münasibətlərimizi yeni səviyyəyə qaldırmaq istəyirik”.
M.Baxtadze qeyd edib ki, Gürcüstanın məqsədi regionda iqtisadi qovşağa çevrilməkdir: “Gürcüstan coğrafi mövqeyi baxımından iqtisadi hab olmağa ”təbii namizəd"dir. Ölkəmiz dənizə çıxışı olmayan səkkiz ölkə üçün darvaza rolunu oynayır. Bu ölkələrin əhalisi 100 milyon insana yaxındır və dünyanın ən sürətlə inkişaf edən istehlakçı bazarlarıdır".
Ekspertlər hesab edir ki, NATO-nun Gürcüstanda bu qədər möhkəmlənməsi bölgə dövlətlərinə, o cümlədən Azərbaycana da təsirsiz ötüşməyəcək.
Politoloq Natiq Miri “Yeni Müsavat”a şərhində bildirdi ki, NATO istər-istəməz Azərbaycanın sərhədlərinə yaxınlaşıb və yaxın gələcəkdə rəsmi Bakı seçim etmək məcburiyyətində qalacaq: “Gürcüstanın NATO üzvlüyünə və ya inteqrasiyanın gücləndirilməsinə razılıq verilərsə, bu, NATO-nun Cənubi Qafqazda çox ciddi şəkildə möhkəmlənməsinə şərait yaradacaq.
NATO Azərbaycanla da hərbi əməkdaşlığa maraq göstərir. Digər tərəfdən, NATO sturkturları Azərbaycanın ərazi bütövlüyü məsələsində qətiyyətli mövqe nümayiş etdirir, Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli yanaşmasına dəstək verirlər. NATO-nun bu yanaşması istər-istəməz Azərbaycanla NATO arasındakı əməkdaşlığın genişləndirilməsini zəruri edir".
Ekspertin sözlərinə görə, Bakı birbaşa NATO və ABŞ-la hərbi əməkdaşlığın genişlənməsi məsələsində bir qədər ehtiyat etsə də, digər NATO üzvü olan qardaş Türkiyə ilə hərbi əməkdaşlığı genişləndirməkdən çəkinmir: “NATO-Azərbaycan münasibətlərinin NATO-Gürcüstan münasibətləri səviyyəsinə indiyə qədər gəlib çatmamasının səbəblərindən biri Bakının Rusiyanın mövqeyini nəzərə almasıdır. Rusiya hakimiyyətinin özü də NATO-nun Cənubi Qafqaz ölkələri ilə əməkdaşlığından narahat olsa da, Bakı-Ankara hərbi əməkdaşlığını özü üçün təhlükə kimi qiymətləndirmir. Çünki bilir ki, Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı Rusiyanın əleyhinə yönəlməyib, həm də Kreml eyni dilə və kökə malik Azərbaycanla Türkiyənin hərbi və siyasi ittifaqını da zərurətdən irəli gəldiyini anlayır. O da artıq bəllidir ki, Rusiya nə qədər cəhdlər etsə də NATO onun ətrafında bir həlqə qurmaqda davam edir. Gürcüstan bu həlqənin ən vacib hissəsidir və Moskva prosesin qarşısını ala bilmir. ABŞ və NATO Rusiyanın qonşuları ilə əməkdaşlığı daha da genişləndirmək istəyir. Baltik ölkələri, Ukrayna, Moldova, Gürcüstan bu əməkdaşlıqda maraqlı olduqlarını gizlətmirlər. Çünki Rusiyadan təhlükə gözləyirlər. Azərbaycan NATO-nun Qərbdən olan üzvləri ilə birgə hərbi təlimlərdən ehtiyat etsə də, ordu quruculuğu məhz NATO standartlarına əsaslanır. Azərbaycan NATO ilə əməkdaşlığa üstünlük verməlidir”.