“Kim özünü lider elan etmək istəyirsə, partiyası adına mitinq çağırsın” - QALMAQAL

22/01/2019 - 10:05 12 007 0   0  

Milli Şuranın 19 yanvarda Yasamal rayonundakı “Məhsul” stadionunda keçirdiyi mitinq bir sıra məqamlarına görə diqqəti cəlb etdi. Birincisi, bu mitinqə qatılanların sayı son illərdə həmin meydanda keçirilən mitinqlərlə müqayisədə çox idi. İkinci məqam mitinqin təşkilatçısı Milli Şura olsa da tribunada və Milli Şuraya üzv olmayan əksər partiyaların rəhbərliyinin, üzvlərinin olmasıydı. Ekspertlər hesab edir ki, mitinqin “Mehman Hüseynova azadlıq!” şüarı ilə keçiriləcəyinin öncədən elan olunması, bir sözlə, Mehman Hüseynov məsələsi qeyd olunan iki məqamın gerçəkləşməsində xüsusi təsirini göstərib.

Mitinqdə üçüncü diqqəti cəlb edən detal isə AXCP sədri Əli Kərimlinin çıxışındakı bəzi məqamlar olub. Mitinqdəki çıxışında Əli Kərimli faktiki olaraq özünü müxalifətin şəriksiz lideri elan edib. Siyasi analitiklər iddia edir ki, Əli Kərimlinin çıxışında dilə gətirdiyi bir sıra cümlələrdən və ifadələrdən bu qənaəti çıxarmamaq mümkün deyildi.
Bəs digər partiyaların sədrləri bunu necə qarşılayıblar?
VİP sədri Əli Əliyev “Yeni Müsavat”a bildirdi ki, 19 yanvar mitinqini geniş izləməyib: “Müşahidələrim deyir ki, mitinq iştirakçı nüfuzuna görə son illərin ən güclüsü olub. Şəksiz, bu mühüm şərtdir. Sözsüz ki, bu sayın ortaya çıxmasında kənar faktorlar da var. Fikrimcə, saya ölkədə yüksələn ümumi etiraz dalğası təsir edir. Mənə görə, meydana çıxanlar Milli Şura tərəfdarlarından çox, hakimiyyətə etiraz edənlər idi. Orası da düzdür ki, AXCP mübarizənin bir cinahının önündədir. Həmin cinahın lideri o vaxt olacaqlar ki, hakimiyyət tədbirə icazə vermədikdə liderə xas adekvat qərarlar verib, status-kvonu dəyişsinlər. Bir az gözləmək lazımdır. Bu məntiqlə 12 yanvarda Müsavata mitinq üçün icazə verilsə idi, onlar lider sayılmalı idi?”
AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, o, 19 yanvar mitinqini qətiyyən Milli Şura və ya AXCP-nin təşkil etdiyi mitinq kimi qiymətləndirmir: “Bu mitinq Azərbaycanın bugünkü əsas problemlərindən biri olan ”siyasi məhbus" mövzusunda demək olar ki, bütün müxalifətin təşkil etdiyi birgə mitinq idi. Sadəcə olaraq, mitinqə müraciət Milli Şura adından edilmişdi. Daha sonra bu məsələnin müxalifətin hər kəsiminin məsələsi olduğunu irəli sürərək hər kəs dəvət olundu. Doğrudur, bu dəvətin özündə də kifayət qədər qeyri-korrektlik var idi. Ancaq demək olar ki, hər kəs bu tədbirdə iştirak etməyi özünün mənəvi borcu bildi. Çünki siyasi məhbuslara azadlıq hər kəsin arzusudur. Təəssüf olsun ki, mitinqdən əvvəl bu aksiyanın hər hansı bir partiyanın deyil, xalqın mitinqi olduğunu bəyan edənlər tədbirdən dərhal sonra onu özününküləşdirməyə çalışdılar. Hətta bu ümumxalq mitinqinin üzərindən kimlərinsə liderliyini təbliğ etməyə çalışdılar. Onlar unudur ki, bütün hadisələr insanların gözlərinin qarşısında olub və heç kimi aldatmaq mümkün deyil. Belə cəhdlər kənardan heç yaxşı görünmür. Və hər mitinqdən sonra belə cəhdlər insanların inamını qırır. Belə olur deyə insanlar və narazı elektorat müxalifətin sözlərinə və səmimiyyətinə inanmır. Əgər kimsə özünü lider elan etmək istəyirsə öz partiyası adına mitinq çağırsın və mitinqdə də nə qədər istəyir özünü tərifləsin. İnsanların həssasiyyətlərindən sui-istifadə etmək heç doğru hərəkət deyil".
Azadlıq Partiyasının sədri Əhməd Oruc isə məsələyə bir qədər ironik formada yanaşdı: “Şərikli olanda sonra problem yaranır, şəriksiz olması yaxşıdır. Hər kəsin özünü ”şəriksiz lider" elan etmək hüququ var, lakin hər kəs onu da bilməlidir ki, lideri millət seçir, qəbul edir. Mənim rəyim bir az fərqlidir. Bizim lider Rəsul Quliyevdir, Rüstəm İbrahimbəyovdur və digər iri buynuzlulardır".