Bəzi məmurlar bizi daha kimlərlə savaşdıracaq? - TƏHLİL

19/01/2019 - 12:32 2 431 0   0  

Daima israrla yazırdıq ki, Ermənistandakı seçkilər daha hiyləgər tərtibatdan başqa bir şey deyil. Bəli, burada 80-90 faizlik nəticələrə təsadüf edilmirdi və seçkilərdə daha inandırıcı ədədlər yazılırdı.

Amma bu, qətiyyən məsələnin mahiyyətini dəyişmirdi – öz oxuduqlarımız bircə tərəfə, Ermənistandan daha dəqiq məlumatları olan, vaxtilə oralara səfər etmiş azərbaycanlılarla söhbətlərdən anlayırdıq ki, ölkəni yarım-hərbi rejim idarə edir və burada hansısa demokratiyadan və ya ədalətli seçkidən yox, bir əyalət klanının hakimiyyəti uzurpasiya etməsindən danışmaq lazımdır.
Son bir ildə Ermənistanda baş verən proseslər haradasa bunun təsdiqi oldu.
Avropanın demokratiya institutlarının müsbət rəy verdiyi və guya tamamilə “ədalətli və şəffaf seçkilər”lə hakimiyyətə gələn S.Sarqsyan inqilab yolu ilə devrildi.
Az bir müddət bundan əvvəl guya ki, “demokartik seçki”lərin qalibi olmuş keçmiş hakim partiya parlamentə düşmək üçün heç zəruri barajı da aşa bilmədi.
Bəli, iddia etmək olardı ki, bunlar tam fərqli situasiyalardır – hakimiyyətini uzatmaq istəyənə qədər bir Sarqsyan vardı, hakimiyyətini uzatmaq istəyəndən, hakimiyyətdə az qala, ömürlük qalmaq istəyəndən sonra tamam başqa bir Sarqsyan!.. 
Amma bunlar təmiz nağıllardır, hamı bilir ki, həmişə bir Koçaryan və bir Sarqsyan olub Ermənistanda.
Nikol Paşinyanın bu adamlara qarşı cinayət işlərinə strat verməsinin özü bir daha bütün bu deyilənləri rədd etmirmi və bir daha təsdiq etmirmi ki, söhbət quldur və cinayətkar xuntadan gedir? Sizi inandırıram ki, Kremlin tədidləri olmasaydı, proses daha geniş sərhədlərə malik olar və yeni faktlar üzə çıxar, daha çox adam hüquqi təqibə məzuz qalardı...
Ən əsası isə budur: fikirləşirdik ki, son bir ildə Ermənistanda baş verən olaylar Avropa institutları üçün də düşündürücü olacaq, orada da araşdırmağa başlayacaqlar ki, necə olur ki, bir vaxt bizim tribunalarımızda “demokrat prezidentlər” kimi çıxış edən Koçaryan və Sarqsyan indi siyasi canilər kimi təqib olunur, devirilirlər? Məgər biz bu adamların seçkisinə müsbət rəy verməmişdikmi? İndi necə olur ki, bizim də yeni qüvvə kimi xarakterizə etdiyimiz Paşinyan etiraf edir ki, ölkəsində demək olar ki, demokratik və ədalətli seçkilər keçirilməyibdi?
Qərəz, biz bunları düşünməkdəykən Avropa Parlamentindən Ermənistana qarşı yox, əksinə, Azərbaycana təpki gəldi. Halbuki ölkə AŞ ilə bir qarşıdurmaya yenicə son vermişdi.
Niyə belə olur? Bilirsinizmi, ölkə daxilindəki siyasi danışıq və ya davranış tərzinə baxanda düşünürsən ki, bizim adamlar siyasətin hər üzünə bələddirlər, onun hər incəliklərindən baş çıxarırlar. Amma elə ki, beynəlxlaq müstəvidə Azərbaycana qarşı bir addım atılır, siyasi infantilizm kəllə-çarxa vurur, ağlaşma başlayır ki, bəs biz belə nümunəvi ölkəyik, niyə görə bizə qarşı belə hərəkət edirsiniz?..
Əslində isə məsələ çox sadədir. Avropanın siyasi spektri çox rəhgarəngdir və burada Azərbaycanı sevməyən qüvvələr var, hansılar ki, daim fürsət və bəhanə gözləyir ki, hansısa neqativ addım atsınlar Bakıya qarşı. O səbəbdən daim ayıq olmalıyıq ki, onlara bu fürsəti verməyək...
Ötən il də böyük “problem” yaratmışdıq özümüz üçün və o vaxt da bəndəniz daim yazırdı ki, boş bir yerdən Nelson Mandela yaratmağın nə mənası? Amma bəziləri elə danışırdı ki, sanki gənc bir siyasətçini həbsdən azad etməklə ölkədə hər şey qarışacaq! Axır ki, onda hökumət ən düzgün qərarı qəbul etdi və qorxulu, təşviş doğuran heç nə baş vermədi: nə Kür tərsinə axdı, nə də Şahdağ üstümüzə aşdı və bir daha məlum oldu, kiminsə həbsdə olmağı ölkə üçün daha çox problem yaradır, nəinki onun azadlıqda olması...
Mənə belə gəlir ki, bu problemlər hakimiyyətin yuxarı eşelonuna qətiyyən lazım deyil, bütün bunlara nisbətən aşağı ranqlı məmurlar rəvac verirlər. O səbəbdən də indi də gənc bir bloggerdən ölkə üçün “böyük təhlükə” yaratmağın bir mənası yoxdur.
Səmimi şəkildə etiraf edirik ki, həmin gənc bloggerin fəaliyyətini izləməmişik və onunla bağlı prosesin bütün təfərrüatlarını da bilmirik.
Anladığımız isə budur ki, problem blogger M.Hüseynova yeni cinayət işi açmaq təşəbbüsündən başladı. Bir daha deyirik ki, biz bu məsələnin bütün təfərrüatlarını bilmirik, mümkündür ki, həqiqətən də hansısa anlaşılmazlıq və hətta hüquq pozuntusu olub. Amma çox təəssüf ki, belə hallar,- bəzi məhbuslara qarşı təkrar cinayət işi açmaq birinci dəfə deyil ki, baş verir.
Təkrar deyirik ki, qəti güman etmirik ki, hakimiyyətin ən yüksək eşelonunun bunda marağı olsun–ehtimal ki, burada təşəbbüskarlıq edən nisbətən aşağı ranqlı məmurlardır, ən azı ona görə ki, deyilənlərə görə, onların gənc bloggerdən qəzəbli olmaları üçün müəyyən əsasları var.
Əlbəttə, biz həmin bloggerin jurnalist fəaliyyətinin qüsursuz olduğunu iddia edə bilmərik - ən azı ona görə ki, özümüz də jurnalistik və üçüncü on illikdir ki, tənqidi jurnalistika ilə məşğul olsaq da, buna görə hansısa ciddi təqibə məruz qalmamışıq...
O səbəbdən də yazını kiçik xahişlə bitirmək istərdik. Əziz məmurlar, Dünya çox qarışıqdır, bəli, burada Azərbaycanı sevməyənlər, nə bilim, C.Soros kimi ölkələri qarşıdırmaqda istisaslaşan transmilli qüvvələr və s. var. Ona görə də, nə olar, gəlin onlara şans verməyək! Axı niyə görə hansısa məmurlara görə, bütöv ölkə, onun hakimiyyəti və cəmiyyəti qara siyahıya düşməli və bu konteksdə problemlər yaşamalıdır?!. Axı niyə?..
Hüseynbala SƏLİMOV \\musavat.com\\