Bu ölkə Rusiya ilə imzalanan 49 müqavilədən çıxdı

18/01/2019 - 22:15 16 969 0   0  

Ukrayna Rusiya Federasiyası ilə imzaladığı 49 müqavilədən çıxıb və yenə təqribən bu sayda müqavilədən çıxmağı planlaşdırır.

Bunu Ukraynanın xarici işlər naziri Pavel Klimkin keçirdiyi mətbuat konfransında bəyan edib.

“Son məlumata əsasən, Rusiya ilə olan 49 müqavilədə fəaliyyətimizi dayandırmışıq. Onlardan 2-si dövlətlərarası, 25-si hökumətlərarası, 19-u qurumlararası və 3-ü regionlarası müqavilələrdir. Bu işi davam etdirəcəyik. İndi ləğv etməyə hazırlaşdığımız daha 50 müqavilə var. Bu, belə desək, ikinci paketdir. Və biz Rusiya Federasiyası ilə aramızdakı bütün müqavilə bazasına yenidən baxırıq. Bizim prinsipimiz olduqca sadədir: Rusiya ilə müharibədən əvvəlki müqavilə bazası əsasında yaşaya bilmərik. Açıq şəkildə öz vətəndaşlarımızın maraqlarını rəhbər tutacağıq, amma bunu olduqca ardıcıl formada edəcəyik”, – deyə Klimkin vurğulayıb.

Azvision.az xatırladır ki, 2018-ci ilin 10 dekabrında Ukrayna prezidenti Pyotr Poroşenko ölkəsi ilə Rusiya arasındakı “Dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında müqavilə”nin qüvvəsinin dayandırılması barədə qanun layihəsini təsdiqləyib. Bu ilin 1 aprelindən həmin müqavilə qüvvəsini rəsmən itirəcək.