“Yenisinin yaradılmasına ehtiyac yoxdur, kadr potensialımız var” - Nazirlikdən Agentliyin ləğvinə münasibət

15/01/2019 - 16:01 2 911 0   0  

"Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi Energetika Nazirliyinin tabeliyində publik hüquqi şəxs idi. Ona görə də idarəetmənin təkmilləşdirilməsi və səmərəliliyin artırılması ilə əlaqədar ləğv edilmiş qurumun əvəzinə, digərinin yenidən yaradılmasına ehtiyac yoxdur”. 

Energetika Nazirliyi bunu BakuPost-un Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 yanvar 2018-ci il tarixli fərmanına əsasən Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin ləğv edilməsi ilə əlaqədar sorğusuna cavab olaraq bildirib. 
Qeyd edilib ki, Energetika Nazirliyi həm də alternativ və bərpa olunan enerji mənbələrindən istifadə üzrə dövlət siyasətini həyata keçirir: "Ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin əsas prioritetlərindən biridir və nazirlik bərpa olunan enerji mənbələrinin ölkənin ümumi enerji balansında payının artırılması, bu sahənin inkişaf etdirilməsi istiqmətində kompleks tədbirlərin icrasına başlayıb. Bu məqsədlə, "Bərpa olunan enerji mənbələri haqqında” qanun layihəsi hazırlanmaqdadır. "Bərpa olunan enerji layihələrinin dəstəklənməsi üçün şəbəkənin gücləndirilməsi”, eləcə də "Bərpa olunan enerji mənbələrindən istifadəyə tənzimləmə dəstəyi” layihələrinin icrasına başlanıb. Bu sahəyə özəl investisiyaların cəlbi, investorlar üçün əlverişli mühitin yaradılması məqsədilə qabaqcıl dünya təcrübəsi öyrənilir. "Equinor”, TOTAL, Simens, "Hyunday” və digər enerji şirkətləri ilə müzakirələr aparılır, BP, "Masdar”, "Hevel Solar” şirkətləri ilə artıq razılaşma sənədləri də imzalanıb. Bundan başqa, Böyükşor gölündə, Azərbaycanda ilk dəfə olaraq üzən günəş panelinin quraşdırılmasını nəzərdə tutan pilot layihənin icrasına da başlanıb”.
Energetika Nazirliyi onu da nəzərə çatdırıb ki, ölkə Prezidentinin müvafiq fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsi”ndə də bərpa olunan enerji mənbələri üzrə prioritet və tədbirlərin icrasında nazirlik əsas icraçı qurum kimi çıxış edir: "Bir sözlə, ölkənin enerji siyasətinin icrası və tənzimlənməsini həyata keçirən qurum kimi Energetika Nazirliyinin bu sahənin inkişaf etdirilməsi üçün səlahiyyətləri, kadr potensialı var. Eyni zamanda Nazirlik bərpa olunan enerji mənbələri üzrə fəaliyyətində yerli mütəxəssislərlə yanaşı, ixtisaslaşmış beynəlxalq məsləhətçi şirkətlərin təcrübəsindən də istifadə edir”.