Bakıda lift qırıldı, xadimə öldü

07/01/2019 - 22:37 7 078 0   0  

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda liftin qırılması nəticəsində xadimənin ölümünə görə həbs edilən "Nəsimi-3" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin İdarə Heyətinin sədri Soltanməcid Əzizov və Çingiz Şıxəliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə S.Əzizov özünü təqsirli bilib, Ç.Şıxəliyev isə ittihamlarla razılaşmayıb.

Prosesdə ifadə verən təqsirləndirilən S.Əzizov deyib ki, əvvəllər həmin binanın komendantı işləyib, sonra cəmiyyət yaradıb: "Çünki binanın vəsaitini yığa bilmirdim. Orada olan bütün işləri özüm tək görürdüm. Həmin gün mərhum Mahirə Yusifova evə tez getmək istədiyini bildirdi. O, buna görə işi tələsik görməyə çalışırdı. Ona tapşırdım ki, şaxtaya girməsin, çünki biz Çingizlə lifti təmir edirik. Çingizi isə işlər ağır olan vaxtlar çağırırdım".

S.Əzizov qeyd edib ki, hadisə baş verən bina 2002-ci ildə tikilib, 2004-cü ildə isə təhvil verilib.

Prosesdə dindirilən digər təqsirləndirilən Ç.Şıxəliyev bildirib ki, hadisə günü S.Əzizov onu lifti təmir etmək üçün binaya çağırıb: "Mən Soltanməcidə kömək üçün gəlmişdim. Lifti əvvəl düzəltdik, sonra yuxarı qaldırdı, aşağı endirən zaman dayanmadı. Nə qədər etdimsə, bu mümkün olmadı. Hələ bu vaxta qədər liftlə bağlı belə hal görməmişdim. Mərhum qadının şaxtada olduğunu bilmirdim. Çünki Soltanməcid demişdi ki, aşağıda heç kəs yoxdur".

Məhkəmədə ifadə verən zərərçəkmişin hüquqi varisi, mərhum Mahirə Yusifovanın qardaşı Arif Yusifov təqsirləndirilən şəxslərdən şikayətçi olmadığını, həmin şəxsləri bağışladığını bildirib: "Onlara yüngül cəza verilsin. Bunlar həbsdə qalsa, guya bacım geri qayıdacaq? Şikayət və tələbim yoxdur".

Məhkəmənin növbəti iclası yanvar ayının 21-nə təyin edilib.

Qeyd edək ki, ötən il oktyabrın 4-ü saat 12 radələrində paytaxtın Nəsimi rayonu ərazisində yerləşən, "Nəsimi-3" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən idarə olunan 10 mərtəbəli yaşayış binasında cəmiyyətin idarə heyətinin sədri S.Əzizovun texniki təhlükəsizlik qaydalarına əməl etmədən verdiyi göstərişi əsasında lift təmir edilərkən kabinanın 9-cu mərtəbədən şaxtada təmizlik işləri aparan Mahirə Yusifovanın üstünə düşməsi nəticəsində sonuncu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

S.Əzizov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Daha sonra Ç.Şıxəliyev də saxlanılıb.

Trend xatırladır ki, onların barəsində Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.