İnsan Hüquqları Məhkəməsi Ermənistandan izahat tələb etdi

07/01/2019 - 22:26 11 119 0   0  

Avropa İnsan Hüquqları Məhkəməsi ölüm ayağında olan sahibkar Samvel Mayrapetyanın pasportunun əlindən alınması və müalicəsinə imkan verilməməsi ilə bağlı Ermənistan hökumətindən izahat tələb edib.

Bu barədə sahibkarın vəkilləri məlumat veriblər. Onların sözlərinə görə, həkim konsiliumu Mayrapetyanın müalicəsinin Ermənistanda mümkün olmadığı barədə rəy verib və onun xarici ölkələrin birinə aparılmasını tövsiyə edib. Pasportu istintaq orqanları tərəfindən alınan sahibkarın vəkillərinin müraciətinə mənfi cavab verilib. Avropa İnsan Hüquqları Məhkəməsinin Ermənistan prokurorluğuna göndərdiyi sorğu da cavabsız qalıb.

Sahibkarın vəkillərinin bəyanatında deyilir: “Təəccüblüsü odur ki, Avropa Məhkəməsi bir gün müddətində bu məsələ ilə bağlı müvafiq tədbir görsə də, vətəndaşının həyatını qurtarmağa borclu olan dövlət orqanları bu məsələyə biganə yanaşırlar”.

Ermənistanın N2 televiziya kanalının sahibi S.Mayrapetyan Yerevan məhkəməsinin qərarı ilə 62 min dollar girov müqabilində ev dustaqlığına buraxılıb, lakin onun pasportu qaytarılmayıb. Sahibkar rüşvətə vasitəçilikdə ittiham olunur.(AzərTac)