"Gərək kurikulum ləğv olunsun" - TƏKLİF

03/01/2019 - 13:13 11 614 0   0  

Xəbər verdiyimiz kimi, ümumtəhsil müəssisələrinin I siniflərində kiçik summativ qiymətləndirmə (KSQ) və böyük summativ qiymətləndirmə (BSQ) ləğv olunub.

Məsələ ilə bağlı Open.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, əmrdə nəzərdə tutulan əsas dəyişiklik summativ qiymətləndirmələr və onun formatı ilə bağlıdır: "I siniflərdə summativ qiymətləndirmə nəzərdə tutulmur. II-IV siniflərdə KSQ nəzərdə tutulsa da, BSQ aparılmayacaqdır. BSQ yalnız V-XI siniflərdə aparılacaq. BSQ V-IX siniflərdə ümumi orta təhsil pilləsi üzrə buraxılış imtahanlarında nəzərdə tutulan fənnlərdən, X-XI siniflərdə isə tam orta təhsil pilləsi üzrə buraxılış imtahanlarında nəzərdə tutulan fənnlərdən həyata keçiriləcək. KSQ və BSQ-nin nəticələri 100 ballıq şkala üzrə ballarla ifadə olunacaq.
Məhz KSQ və BSQ ibtidai sinif şagirdlərinin nəzərdə tutulmuş proqramdan çox yüklənməsinə, psixoloji cəhətdən stress keçirməsinə gətirib çıxarırdı".
Ekspert hesab edir ki, bu dəyişiklik ilə yanaşı ibtidai sinif şagirdləri üçün tərtib olunmuş dərsliklər də sadələşdirilməlidir: "Orta ümumtəhsil məktəblərində Summativ qiymətləndirmə kiçik və böyük olmaqla iki formada aparılır. Summativ qiymətləndirmə rəsmi qiymətləndirmədir və nəticələri keçirildiyi tarixdə sinif jurnalında qeyd olunur. Bu da o deməkdir ki, 2008 -ci ildən bəri tətbiq edilən kurikulum standartlarının tətbiqi, reallaşdırılması üçün bu çox vacibdir. Xatırladım ki, Kiçik summativ qiymətləndirmə vasitələri fənni tədris edən müəllim, böyük summativ qiymətləndirmə vasitələri isə ümumi təhsil müəssisəsi rəhbərliyinin təşkil etdiyi komissiya tərəfindən hazırlanır. Kiçik summativ qiymətləndirmə hər tədris vahidinin sonunda, altı həftədən gec olmayaraq müəllim tərəfindən keçirilir.
Yəni şagirdin təhsil aldığı müddətdə əldə etdiyi bilik və bacarıqlarını nümayiş etdirmək üçün bu bir meydandır".
Ekspert bildirib ki, 1-ci yarımildə böyük summativ qiymətləndirmədə üzrlü səbəbdən iştirak etməyən şagird dərsə qayıtdıqdan sonrakı bir ay ərzində böyük summativ qiymətləndirmədə iştirakı təmin edilir: "1-ci yarımildə böyük summativ qiymətləndirmədə üzrsüz səbəbdən iştirak etməyən və 2-ci yarımilin ilk bir ayı ərzində iştirakı təmin olunmayan şagirdin böyük summativ qiymətləndirmə üzrə qiyməti "0" qəbul olunur. Təhsil sisteminə aid normativ hüquqi aktlarda qeyd olunur ki, şagird 2-ci yarımildə üzrlü səbəbdən böyük summativ qiymətləndirmədə iştirak etmədikdə ümumtəhsil müəssisəsinin pedaqoji şurasının qərarı ilə həmin şagirdin 2-ci yarımil üzrə qiyməti onun bu yarımildə iştirak etdiyi kiçik summativ qiymətləndirmələrin nəticələrinin ədədi ortası kimi müəyyənləşdirilir. Üzrsüz səbəbdən 2-ci böyük summativ qiymətləndirmədə iştirak etməyən şagirdin böyük summativ qiymətləndirmə üzrə qiyməti "0" qəbul edilir. Summativ qiymətləndirmədə iştirak etməyən şagirdlər üçün yeni, lakin sinif üçün istifadə olunan tapşırıqlarla eyni səviyyəli qiymətləndirmə vasitələri hazırlanır.
Yuxarıda qeyd etdiyim məsələr o deməkdir ki, summativ qiymətləndirmə orta məktəb şagirdləri üçün çox vacibdir. Bu onların əldə etdiyi bilik və bacarıqların yoxlanılması üçün çox əhəmiyyətlidir".
Ekspert summativlərin ləğv edilməsini absurd adlandırıb: "Gərək kurikulum ümumilikdə ləğv olunsun. Dəyişiklikləri qısa olaraq, I sinifdə böyük summativ qiymətləndirmə ümumiyyətlə ləğv olunub. IV, IX, XI siniflərdə isə bütün fənlərdən BSQ-lər keçiriləcək. II və III siniflərdə BSQ-lər ləğv olunaraq, yalnızkiçik summativ qiymətləndirilmələr tətbiq ediləcək. Kiçik summativ qiymətləndirmələr yarımildə 3-dən az olmayacaq. V, VI, VII, VIII və X siniflərdə buraxılış imtahanında hansı fənlər nəzərdə tutulubsa, yalnız o fənlərdən böyük summativ qiymətləndirmənin keçirilməsi nəzərdə tutulub. Kiçik summativ qiymətləndirmələrin sayı isə tədris ilinin əvvəlində şagirdlərə elan olunacaq".