Növbəti dəfə küçə təmizləyicisi qəzada həyatını itirdi - Sayca 12-ci ÖLÜM

21/12/2018 - 21:52 12 742 0   0  

Hadisə Sumqayıtda baş verib.

Növbəti yol-nəqliyyat hadisəsi nəticəsində daha bir küçə təmizləyicisi həyatını itirib. “Sputnik Azərbaycan”-ın məlumatına görə, hadisə dekabrın 21-də Sumqayıt şəhərinin Heydər Əliyev prospektində baş verib.

"VAZ-2104" markalı avtomobil küçədən keçən piyadanı - 54 yaşlı Xeyransa Seyran qızı Bayramovanı vurub. Qadının aldığı travma ölümcül olub və o, hadisə yerindəcə keçinib.

Daha sonra məlum olub ki, S.Bayramova Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin işçisidir.

Hadisə ilə bağlı rəsmi məlumat yoxdur. Meydan TV-nin DİN-dən məsələni dəqiqləşdirmək cəhdi alınmayıb.

X.Bayramova cari il ərzində Bakı və Abşeron ərazisində xidməti vəzifəsini yerinə yetirərkən həlak olan 12-ci küçə təmizlikçisidir. Bundan əvvəlki ölüm halı dekabrın 13-də "Koroğlu" metro stansiyası yaxınlığında qeydə alınıb.

Həmin vaxt 173 saylı "Daewoo" markalı avtobus 58 yaşlı süpürgəçi Əliyeva Hürü Cəlal qızını vurmuşdu. Qadını təcili 3 saylı kliniki tibbi mərkəzə aparsalar da, həkimlərin bütün cəhdlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmamışdı.

Hadisələrin qarşısını almaq istəyən Daxili İşlər Nazirliyinin rəhbərliyinin sifarişi ilə təmizlik işləri aparan şəxslərə xüsusi geyim forması paylanıldı. Lakin bu, mövcud vəziyyəti dəyişmir.