Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında SƏRƏNCAM

17/12/2018 - 20:05 26 671 0   1  

Prezident İlham Əliyev Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

2019-cu ilin mart ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq Cəfər Qafar oğlu Cabbarlının anadan olmasının 120 illiyi tamam olur.

Cəfər Cabbarlı XX əsr Azərbaycan ədəbiyyatının geniş şöhrət tapmış nadir simalarındandır. Klassik ədəbi irs zəminində yetişən ədib milli ədəbiyyatın parlaq ənənələrini qorumaqla bərabər, yenilik və müasirlik uğrunda mübarizəni yaradıcılığının əsas qayəsinə çevirib. Dramaturgiyamızın təşəkkülü və yüksəlişi tarixində yeni mərhələnin təməlini qoyan Cəfər Cabbarlının əsərləri milli teatrda mühüm hadisə kimi dəyərləndirilib, uzun illər boyu tamaşaçıların bir neçə nəslinin estetik zövqünün formalaşmasında əvəzsiz rol oynayıb.

Ədəbi-mədəni proseslərin fəal qurucularından biri olaraq sənətkar yaratdığı güclü xarakterlər və koloritli obrazlarla bədii-estetik fikir salnaməmizə misilsiz töhfələr verib. Cəfər Cabbarlı şəxsiyyət azadlığının və humanizmin, milli azadlıq və istiqlal ideallarının tərənnümçüsü olub, çoxcəhətli ədəbi və ictimai fəaliyyəti boyunca daim xalqımızın dünya mədəniyyəti səhnəsində layiqli mövqe qazanmasına çalışıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan

Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, böyük ədib və dramaturq Cəfər Cabbarlının 120 illiyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

Nazirlər Kabinetinə tapşırılıb ki, sərəncamdan irəli gələn məsələləri həll etsin.