Ərdoğan Trampla “F-35 qırıcıları məsələsi”ni müzakirə edib

05/12/2018 - 21:28 13 159 0   0  

Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri almasına görə ABŞ Konqresi F-35 qırıcı təyyarələrinin tədarükünün dayandırıla biləcəyini deməsinə baxmayaraq, Ankara ABŞ istehsalı olan bu qırıcıların Türkiyəyə verilməsində heç bir problem görmür.

Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu TRT-nin efirində bildirib. Onun sözlərinə görə, G20 sammiti çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla iki ölkə arasında gərginlik yaradan bu məsələni müzakirə edib.

“Bizim prezidentimiz (Ərdoğan) Buenos-Ayresdəki G20 sammitində Trampla F-35-lərə dair söhbət edib. Tramp bununla bağlı hansısa problem olub-olmadığını soruşdu. Biz də dedik ki, bu qırıcıları nəinki almaq, həm də onların birgə istehsalında iştirak etmək istəyirik. F-35-lərin tədarükü ilə bağlı hələlik hansısa problem yoxdur və onların ləğvi barədə söhbət getmir”, - deyə Çavuşoğlu vurğulayıb.

Qeyd edək ki, 2002-ci ildən etibarən “F-35 Birgə Zərbə Qırıcı Proqramı”nda tərəfdaş kimi iştirak edən Türkiyə bu proqram çərçivəsində ABŞ-dan 100 ədəd F-35 qırıcısı almağı planlaşdırır. Pentaqon ilk dəfə 21 iyunda 2 ədəd beşinci nəsil F-35 tipli çoxfunksiyalı qırıcı təyyarəni Türkiyəyə təhvil verib. 2019-cü ilin martında isə Pentaqon Türkiyəyə daha 2 ədəd F-35 verəcək.