Gürcüstanın azərbaycanlı deputatlarının seçki gözləntisi: “Milli hərəkatçılar 3-cü tura hazırlaşır”

26/11/2018 - 21:01 16 195 0   0  

Noyabrın 28-də Gürcüstanda prezident seçkilərinin 2-ci turu keçiriləcək. Hakimiyyətdə olan "Gürcü arzusu” blokunun dəstəklədiyi Salome Zurabişviliilə müxalif "Vahid Milli Hərəkat” partiyasının nümayəndəsi Qriqol Vaşadzearasında seçkilərin tarixi yaxınlaşdıqca, rəqabət də kəskinləşir.

Seçkiöncəsi Gürcüstana səfər edən Modern.az-ın əməkdaşı Marneulidə hakim "Gürcü arzusu” partiyasının deputatları Mahir Dərziyev, Tamaz Naveriani və Ruslan Hacıyev, həmçinin, müxaliftədə olan "Vahid Milli Hərəkat”ın deputatı Azər Süleymanovun seçkilərlə bağlı fikirlərini öyrənib.

"Gürcü arzusu” partiyasının azərbaycanlı deputatı Mahir Dərziyev partiyasının namizədi Salome Zurabişvilinin seçkilərdə qələbə qazanacağına şübhə etmədiyini deyib.

"Mən qeyd etmək istəyirəm ki, "Gürcü arzusu” Partiyasının dəstəklədiyi müstəqil namizəd xanım Salome Zurabişvili 2-ci turda inamlı qələbə qazanacaq. İnşallah, özünüz də bunun şahidi olacaqsınız. Seçkilərin ədalətli, şəffaf və demokratik şəkildə keçirilməsi bütün dünya tərəfindən qəbul olundu. Bizim cığal müxalifət belə əsaslı dəlil ortaya qoymadı və yalnız cinayət xarakteri daşımayan kiçik pozuntular barədə məlumat verdi. Amma bu kimi hallar olan işdi.

"Vahid Milli Hərəkat” seçkilərdə 3-cü tura hazırlaşır. Çünki onların qanuni yolla hakimiyyətə gəlməkləri üçün heç bir resurs

yoxdur. Onların niyyəti ancaq qisasçılıq və revanşdır. Gürcüstanın prezidentliyə namizəd şəxsinin 1-ci tur öncəsi pensiya və maaşlarla bağlı verdiyi demoqoq vədlər seçiciləri inandıra bilmədi”.

Marneuli rayonundan daha bir deputat Tamaz Naveriani də Salome Zurabişviliyə dəstəyini ifadə edib

"İlk onu qeyd etmək istərdim ki, seçkilərin ikinci tura qalması Gürcüstanda doğurdan da demokratik seçkilərin keçirilməsindən xəbər verir. Keçmiş hakimiyyət kimi xalqa zorakılıq tətbiq edərək, bizə səs verilməsini tələb etmirik. Bu ölkədə hər kəs özü qərar verir kimə səs versin, kimə səs verməsin. Ola bilsin ki, gördüyümüz işlər barədə xalqa yetərincə məlumat verə bilmədiyimiz üçün seçkilər 2-ci tura qaldı. Lakin çox inanırıq ki, 2-ci turda "Gürcü arzusu”nun dəstəklədiyi namizəd Salome Zurabişvili müxalifətin namizədindən üstün olacaq. Çünki Salome xanım yalançı vədlər vermir və real siyasi platforma ilə çıxış edir.

"Gürcü arzusu” partiyasının Marneuli rayonu üzrə seçki qərargahının rəhbəri, deputat Ruslan Hacıyev də prezident seçkilərinin ikinci turu barədə gözləntilərini bölüşüb:

"Bildiyiniz kimi seçkilərin ilk turunda namizədlərdən heç biri yetərli səs ala bilmədi. Dəstələdiyimiz namizəd Salome xanım ilk turda ən çox səs toplayıb. Gözləntilərimiz ondan ibarətdir ki, o, 2-ci turda Marneulidə yetərincə səs toplayaraq qələbə qazanacaq. Bunu yerli seçicilərlə görüşlərdən də hiss edirik. Ölkə üzrə Salome xanımın prezident seçkilərinin 2-ci turunda

qələbə qazanacağına heç bir şübhəmiz yoxdur. O bildiyiniz kimi Avropanın beşiyi olan Parisdə andan olub. Və Fransa Xarici İşlər Nazirliyində, vacib strukturlarda önəmli postlara sahib olub. Avropaya inteqrasiya, NATO-ya üzvlük perpsektivimiz üçün hesab edirəm ki, Salome xanımın ölkəyə rəhbərlik etməsi bu proseslərə öz töhfəsini verə bilər. Gürcüstan azərbaycanlıları isə onu yaxşı anlaya bilərlər. Belə ki, Salome xanım özü Parisdə milli azlıq həyatı yaşayıb və bu baxımdan Gürcüstandakı azərbaycanlılarla onun arasında xüsusi bağlılıq yaranıb. O, prezident seçilərsə, Azərbaycan icmasına müsbət dəstəyini əsirgəməyəcək”.  

"Vahid Milli Hərəkat”ın deputatı Azər Süleymanov isə seçkilərdə əksinə, Qriqol Vaşadzenin qalib gələcəyini gözləyir:

"Seçkilərin ilk turunda Qriqol Vaşadze azərbaycanlıların kompakt yaşadığı Qardabani, Rustavi, həmçinin Marneuli rayonlarında qalib gəlib. Şəhərdəki 15 seçki məntəqəsindən 14-də gərgin mübarizə fonunda namizədimiz Qriqol Vaşadze qələbə qazandı. Bir məntəqədə isə yalnız 3 səslə uduzduq. "Gürcü arzusu”nun rəhbərliyi məntəqələrdə nə qədər səs atıldığını yaxşı bilir, bütün bu pozuntuların faktları var. Qriqol Vaşadze seçkilərin favoritidir və növbəti turda onun qələbəsinə ümid edirəm”.