Suriyaya pul göndərən azərbaycanlılar həbs edildi

22/11/2018 - 19:49 7 579 0   0  

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) terrorçuluğa qarşı mübarizə istiqamətində davam edən kompleks araşdırmalar zamanı Birləşmiş Millətlər Təşkilatı tərəfindən terror təşkilatı kimi tanınmış dini ekstremist cinayətkar birliyin tərkibində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə iştirak edərək terror aktları törədən şəxslərin gizli maliyyələşdirilməsi təsbit edilib.

Teleqraf.com xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.2 (cinayətkar birlikdə iştirak etmə), 283-1.3 (Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə iştirak etmə) maddələri ilə başlanılmış cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri aparılır.

Müəyyən edilib ki, Azərbaycan Respublikasının vətəndaşları Ağayev İlqar Ərşad oğlu, İbrahimov Sahil Fəhrad oğlu, Məmmədov Namiq Natiq oğlu və digərləri 2017-ci ilin oktyabr ayından etibarən Suriya ərazisində silahlı münaqişələr aparan terror təşkilatı üzvlərinin və onların cinayətkar fəaliyyətlərinin təmin edilməsi məqsədilə ayrı-ayrı ölkələrdəki terror təşkilatının üzvləri tərəfindən göndərilən pul vəsaitlərinin, habelə həmin silahlı münaqişələrdə iştirak edənlərin yaxınları ilə əlaqəyə girib aldıqları pul vəsaitlərinin müntəzəm olaraq, ümumilikdə 500 000 ABŞ dollarından çox pulun müxtəlif yollarla təşkilatın Suriya ərazisində fəaliyyət göstərən üzvlərinə göndərilməsini və çatdırılmasını təmin ediblər.

Qeyd olunan şəxslər cinayət məsuliyyətinə cəlb edilərək məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Hazırda araşdırmalar davam edir.