Azərbaycanlı alimlər yeni növ PUA-nın istehsalına başladı

09/11/2017 - 01:42 36 829 2   2  

"AMEA Yüksək Texnologiyalar Parkında çox qısa müddətdə cavan və təcrübəli komanda toplaşıb. Pilotsuz uçuş aparatlarının istehsalı prosesi sürətlə davam edir və artıq yekunlaşma mərhələsindədir. Sınaqlar müvəffəqiyyətlə həyata keçirilib".

Oxu.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında AMEA Yüksək Texnologiyalar Parkının (YTP) direktoru Vüqar Babayev deyib.

V. Babayev qeyd edib ki, AMEA Yüksək Texnologiyalar Parkında 6 növ yeni pilotsuz uçuş aparatı (PUA) istehsal edilir: "Bunlardan 5 növü multirotor və 1-i təyyarə tipli PUA-dır. İstehsal edilən PUA-ların bir neçə sahədə tətbiqi nəzərdə tutulub. PUA-lardan kənd təsərrüfatında suvarma və dərmanlamada, ekoloji monitorinq, meşəsalmada, aerofoto çəkilişlərində və xəritəçəkmədə - üçölçülü xəritələrin hazırlanmasında istifadə olunacaq".

PUA-lardan müasir dövrdə, demək olar ki, bütün sahələrdə istifadə olunduğunu deyən direktorun sözlərinə görə, AMEA Yüksək Texnologiyalar Parkında istehsal olunan PUA-lar əsasən mülki və hərbi xarakter daşıyır: "Buna nümunə olaraq təcili yardım, poçt xidmətləri, FHN (axtarış-xilasetmə, yanğın), aerofotoçəkiliş və s. göstərmək olar. Ümumiyyətlə, istehlakın tələbinə uyğun olaraq PUA-ların modifikasiya edilməsi və uyğun avadanlıqların sistemə inteqrasiyası mümkündür".

PUA-ların parametrlərini açıqlayan V. Babayev bildirib ki, parametrlər hər modelə görə dəyişir: "Təxmini parametrlər bu aralıqlarda dəyişir: Uçuş vaxtı 30 dəqiqəyə qədər, yük götürmə qabiliyyəti 0-5 kq arasında dəyişir, sürət rejimləri 35 km/saat-a qədər".

O, PUA-lara hələlik rəsmi adların verilmədiyini bildirib.

Artıq bir neçə dövlət qurumundan sifarişlər aldıqlarını qeyd edən V. Babayev SOCAR-la danışıqlar aparıldığını, onların tələbləri nəzərə alınaraq PUA-lar hazırlandığını deyib: "Hazırda SOCAR-la birlikdə sınaq uçuşları həyata keçirilir. Qısa müddətdə təqdimat keçiriləcək".