Nazirlik Bakıda 7 toyxananı bağlamaq üçün məhkəmə iddiası qaldırır

26/10/2018 - 18:00 1 852 0   0  

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 iaşə obyektinin fəaliyyətinin dayandırılması üçün məhkəmə orqanları qarşısında vəsatət qaldırılacaq.

Suveren.az virtualaz.org-a istinadən xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühit üzrə milli monitorinq departamentinin direktoru Ramal Bağırov deyib.

Onun sözlərinə görə, nazirlik tərəfindən müasir standartlara cavab verən təmizləyici qurğuları olmayan iaşə obyektlərinin sahiblərinə havaya buraxdıqları tüstü və qoxuya görə verilən vaxtdan artıq beş ay keçib. Bu proses may ayından başlayıb və bu günədək Bakı şəhərinin inzibati ərazisində və Abşeron rayonunda yerləşən 301 ictimai iaşə obyektlərinin fəaliyyət göstərdiyi ətraf ərazilərdə Nazirliyin mütəxəssisləri tərəfindən monitorinqlər aparılıb, atmosferdən hava nümunələri götürülüb və atmosferə buraxılan zərərli qaz birləşmələrinin miqdarının yol verilən qatılıq həddindən dəfələrlə artıq olduğu müəyyən edilib ki, bu da havanın lokal xarakterli çirklənməsinə və əhalinin haqlı narazılığına səbəb olur.

“Bununla bağlı nazirlik tərəfindən obyekt sahiblərinə müasir standartlara cavab verən təmizləyici qurğular quraşdırılması məqsədilə müddətli “məcburi göstəriş”lər verilib. Xeyli vaxt keçməsinə baxmayaraq, bu günə yalnız 53 ictimai iaşə obyektində müasir qaz-toztutucu qurğular quraşdırılıb, 180 obyektdə quraşdırma işləri aparılır. Ötən 5 ay ərzində hər bir obyekt sahibi təmizləyici qurğu quraşdıra bilərdi. Lakin artıq bu müddət bitdiyi üçün 58 obyekt barəsində qanunamüvafiq tədbirlər görülüb, akt və protokol tərtib olunub, cərimə tətbiq edilib".

R.Bağırov həmçinin bildirib ki, 9 obyektin fəaliyyətinin dayandırılması üçün isə məhkəmə orqanları qarşısında vəsatət qaldırılması məqsədilə sənədləşmə işləri aparılır. Bunlar Yasamal rayonunda yerləşən “Filiz Palace”, Binəqədi rayonunda “Tərlan”, “Wite Palace”, Nizami rayonunda “Milord”, “Xəmsə”, “Dan ulduzu”, Xətai rayonunda “Neapol”, Suraxanı rayonunda “Turan”, Sabunçu rayonunda “Arzu” ictimai iaşə obyektləridir.

Xatırladaq ki, virtualaz.org saytı bir müddət əvvəl bu mövzu ilə bağlı araşdırma aparmışdı və bəzi şadlıq saraylarından artıq filtrlərin alınması prosesinə başlanıldığını bildirmişdilər. Nazirliyin son məlumatından sonra fəaliyyətinin dayandırılması gözlənilən restoran və şadlıq saraylarının bir neçəsi ilə əlaqə saxlayaraq xəbərdarlıq olunan müddətdə lazımi qurğuların niyə quraşdırlmamasını öyrənməyə çalışdıq. 

“Xəmsə” şadlıq sarayından bu barədə məlumatı bizdən eşitdiklərini dedilər: “Dünən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları burada olublar. Onlara filtrlərin quraşdırılması üçün bağladığımız müqavilənin surətini, etdiyimiz ödənişin qəbzlərini  təqdim etmişik. Müqaviləyə görə, həmin şirkət noyabr ayının 9-dək filtrləri quraşdırmalıdır. Məhkəmə qarşısında vəsatət qaldırılacağını ilk dəfə sizdən eşidirik”.

“Neapol” şadlıq sarayının əməkdaşı isə şadlıq sarayında bütün lazımi avadanlıqların, o cümlədən filtrlərin quraşdırıldığını dedi: “ETSN-nin məktubu bizə dünən gəlib və orada noyabr ayının 1-dək filtrləri quraşdırıb nazirliyin departamentinə xəbərdarlıq etməyimiz tələb olunur. Bizdə bütün təmizləyici qurğular yerindədir, müqaviləmiz, ödəniş qəbzimiz var. Bunu istənilən vaxt gəlib aktlaşdıra bilərlər”.

“Tərlan” şadlıq sarayından da, müvafiq şirkətlə filtrlərin alınması üçün müqavilə bağlandığını dedilər: “Tüstü təmizləyici qurğunu sifariş vermişik, gəlib quraşdırmalıdırlar. Müqavilənin surətini, ödəniş qəbzlərini nazirliyin əməkdaşlarına da təqdim etmişik. Bildiyimizə görə, nazirlik noyabrın 15-dək vaxt qoyub. Onsuz da hələ ki, bizdə Məhərrəm ayı ilə əlaqədar toylar dayanıb. Toylar başlayana qədər yəqin ki, həmin şirkət filtrləri quraşdıracaq”.

Qeyd edək ki, şadlıq sarayları və restoranların ətraf mühitə ciddi ziyan vurması ilə bağlı problem prezident İlham Əliyev tərəfindən Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da qaldırılmışdı. Prezident havanı çirkləndirən məişət obyektlərinə ciddi xəbərdarlıq etmişdi. Xüsusən axşam saatlarında Bakını tüstü bürüdüyünü və bu xəbərdarlığa əməl etməyən şadlıq evlərinin, məişət obyektlərinin bağlanacağını bildirmişdi.

Atmosferi çirkləndirən məişət obyektləri ilə mübarizə tədbirlərinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi may ayından start verib. Ekoloji vəziyyətin yaxşılaşdırılması üçün təhlillər aparan nazirlik atmosferi çirkləndirən, müasir standartlara uyğun təmizləyici qurğuları olmayan obyektlərə xəbərdarlıq edib. Sentyabr ayından isə xəbərdarlıqlara məhəl qoymayan və əhalinin sağlamlığı üçün ciddi təhlükə törədən obyekt sahiblərinin cərimələnməsinə başlanılıb.