Nazirin öz kadrından xəbəri varmı? - İTTİHAM

10/01/2019 - 12:01 11 593 0   0  

Mədəniyyət və Turizm Nazirliyinin Ağstafadakı Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Ramiz Quliyevin fəaliyyəti işə başladığı elə ilk gündən narazılıq doğurub. Barəsində edilən şikayətlərdə bldirilirdi ki, R.Quliyev hələ iki il əvvəl vəzifəsinin icrasına başlayanda regional qurumun əhatə etdiyi üç rayonun mədəniyyət müəssisələrinin işçilərini iclasa yığıb və izahat verib ki, ümumiyyətlə ayrı-ayrı rayonların mədəniyyət şöbələrinin ləğv edilərək, onları birləşdirən vahid idarənin yaradılması zərurəti guya iqtisadiyyatın çökməsi və dövlətin qənaət rejiminə keçməsi ilə əlaqədardır. İşçilərin hamısından adı dəyişdirilən yeni idarə ilə təzə müqavilə bağlanması adı ilə köhnə işdən çıxmaları barədə ərizə alıb. Snra da ixtisar adı ilə bir çoxunu işə bərpa etməyib. Təqaüd yaşı çatanlar da bu kampaniyada uduzublar — onarın çoxillik təcrübəsi, qüsursuz xidmətləri, işlərinə daim məsuliyyətlə yanaşmaları, öz işlərinin vurğunu olmaları nəzərə alınmayıb. Vəzifələrindən atılan adamlar məyus olsalar da, aparılan struktur islahatlarının məhz maliyyə çatışmazlığı amili ilə bağlı olması gerçəkliyi ilə barışıblar. Amma çox keçmədən məlum olub ki, Ramiz Quliyev «ixisar etdiyi» işçilərin yerinə aralarında özü kimi ixtisasları profilə uyğun gəlməyən qohum-əqrəbasının çoxluq təşkil etdiyi başqa adamları işə götürür. Bu da əlbəttə ki, haqlı narazılıqlara səbəb olub və belə düşünməyə əsas verib ki, ölkənin iqtisadiyyatı çöksə də, Ramiz Quliyevin şəxsiləşdirdiyi regional mədəniyyət biznesi «çiçəklənib». Bildirilir ki, ümumən Ramiz Quliyevin korruptiv kadr siyasətinin güdazına Qazax, Ağstafa və Tovuz rayonlarından təqribən 150 nəfər mədəniyyət işçisi gedib. Quliyev onların yerinə pul aldığı başqa şəxsləri təyin edib. Ağstafa rayonunun Mərkəzi Kitabxanasının müdiri İradə xanımdan da pul istəyib. İradə xanım həmin tələbi yerinə yetirə bilmədiyi üçün vəzifəsi ilə vidalaşmalı olub. Hansı ki, İradə xanım həmin işdə 15 ildən çox işləmişdi, zəngin təcrübəyə, üstün səriştəyə malik idi. Ramiz Quliyev kim pul vermirsə, həmin rəhbər şəxsi nazirlikdən «düzüb-qoşduğu» monitorinq komissiyası ilə yoxlatdırır və belə bir yolla da müəyyən «nöqsanları aşkarlatdırıb», həmin şəxsi işindən çıxarır. O, belə bir addımını digər vəzifə sahiblərinə görk olsun deyə atır. Ramiz Quliyev Ağstafa mədəniyyət mərkəzinin müdiri Vaqif Mehdiyevi işdən çıxarıb və iki aydan sonra onu yenidən işinə qaytarıb. Məlumatlara görə, Vaqif müəlim cəsarəti hesabına, Ramiz Quliyevə nöqsanlarını birbaşa üzünə dediyi üçün öz vəzifəsini qorumağa müvəffəq olub. Aşıq Əsəd Rzayev adına Tovuz rayon Musiqi Məktəbinin keçmiş direktoru Arifə xanım da İdrə rəisinin bəri başdan 10000 manat, sonra da hər ay üçün 2500 manat rüşvət tələbini yerinə yetirmədiyinə görə, «vurularaq» müəllim vəzifəsinə keçirilib. Yerinə isə az səriştəli müavini Əsədova Məftunə İmran qızı ödədiyi 20 min manat rüşvət müqabilində təyin edilib. Bəhanə kimi musiqi məktəbində baş vermiş kiçik yanğın hadisəsi xidmət edib. Sonradan hətta R.Quliyev iclas keçirərək «qabaqdangəlmişlik» edib, Arifə xanımı onun barəsində KİV-ə kompromat materiallar ötürməkdə ittiham edib. Qeyd edək ki, Ramiz Quliyev ixsisasca müəhəndisdir və onun Ağstafa Regional Mədəniyyət İdarəsində rəis vəzifəsini daşıması hüquqi baxımdan yolverilməzdir. Tovuz rayon sakinlərinin söylədiklərinə görə, Ramiz Quliyev rayonun mərkəzindəki, Qovlar qəsəbəsindəki və Düzqırxılı kəndindəki musiqi məktəblərinin direktorlarını “tasa otuzdurub”. İddialara görə o, rayondakı musiqi məktəbinin direktorundan ayda 1000 manat, Qovlar qəsəbəsindəki musiqi məktəbinin direktorundan 800 manat, Düzqırxılı kəndindəki musiqi məktəbinin direktorundan isə, bir qədər az məbləğdə “haqq-hesab” alır. Hər üç musiqi məktəbində təqribən 160-170 nəfər müəllimin olduğu bildirilir və o da söylənilir ki, Ramiz Quliyev daim vəzifə səlahiyyətlərindən sui-istifadə edir. Yəni, o, hər ay direktorları müəllimlərin hər birindən 20 manat məbləğində pul toplamağa təhrik edir. Məlumata görə, musiqi məktəblərində işə çıxmayan müəllimləri el şənliklərinə, toylara gedirlər. Amma adlarına dərs saatları yazılır. Bəzi müəllimlər Bakıda oturublar, maaş kartları rəisin cibindədir. Ramiz Quliyev irəli sürdüyü tələblərini “mən yuxarıya haqq-hesab çatdırıram, siz də mənə verməlisiniz” deməklə əsaslandırmağa səy göstərir. Əlbəttə ki, bu cür «arqumentlərlə» Ramiz Quliyev hörmətli nazir Əbülfəs Qarayevin uğurlarına kölgə salmağa, reputasiyasına ziyan vurmağa çalışır. Ramiz Quliyevin destruktiv fəaliyyəti barədə yayılan informasiyalarda həmçinin bildirilir ki, idarə rəisi büdcədən ayrılan vəsaitin əksər hissəsini təynatı üzrə xərcləmir. Qeyd olunur ki, R.Quliyevin əvvəllər rəhbər vəzifədə işlədiyi regional qaz idarəsində və regional maliyyə müfəttişliyində də reputasiyası yaxşı olmayıb, fəaliyyəti rayon rəhbərlərində əsla rəğbət doğurmayıb. Hətta onun vaxtilə qonşu Qazax rayonunun rəhbəri Rəcəb Babaşovla insidenti səbəbindən bir aylığa xəstəlik bülleteni götürüb «qeybə çəkilməsi» də yadda qalıb. Məlumata görə, R.Quliyev indi heç Ağstafa rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyevlə də düz-əməlli yola getmir. R.Quliyevin fəaliyyətinin qeyri-şəffaf olmasından şübhələnməyə əsas verən bir fakt da onun Ağstafada bahalı kirayə evdə yaşaması, hər həftəsonu Bakıdakı evində yaşayan ailəsinə baş çəkməyə gedib-qayıtmasıdır. Əlbəttə ki, quru maaşla bu qədər xərci qarşılamaq ağlabatan deyildir.

Mövzuya qayıdacağıq. \\xalqxeber.az\\