​Nazir struktur islahatı apardı - Bakıda TSEK-lərin sayı azaldıldı

14/12/2018 - 17:54 1 915 0   0  

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müvafiq əmri ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Aparatının ştat cədvəlinə dəyişiklik edilməklə, yeni strukturu formalaşdırılıb.
Nazirlikdən Modern.az-a verilən məlumata görə, həmçinin müvafiq əmr əsasında Bakı şəhəri üzrə Tibbi-Sosial Ekspert Komissiyalarının (TSEK) sayı azaldılaraq paytaxtın rayonları üzrə ümumilikdə 5 TSEK (Yasamal, Səbail, Nəsimi rayonları üzrə 1 saylı, Nərimanov, Nizami, Xətai rayonları üzrə 2 saylı, Qaradağ, Binəqədi rayonları üzrə 3 saylı, Sabunçu, Suraxanı rayonları üzrə 4 saylı və Xəzər, Pirallahı rayonları üzrə 5 saylı TSEK-lər) müəyyən edilib. 
Qeyd olunan TSEK-lərin fəaliyyəti Bakı şəhərində yaradılacaq beş DOST (Dayanıqlı və Operativ Sosial Təminat) mərkəzi ilə əlaqəli şəkildə qurulmaqla, mərkəzlərin əlilliyin qiymətləndirilməsi və tibbi-sosial reabilitasiya istiqaməti üzrə xidmətlərinin həyata keçirilməsində iştirak edəcəklər.
Aparılan struktur islahatları tibbi-sosial ekspertiza və reabilitasiya sahəsində idaretmənin optimallaşdırılmasına və işin səmərəliliyinin, bu sahələrdə vətəndaşlara xidmətlərin DOST mərkəzləri müstəvisində tam şəffaf və vətəndaş məmnunluğuna nail olunması prinsipi əsasında keyfiyyətinin artırılmasına xidmət edir.