Narkoloji Mərkəzdə müalicə olunmuş şəxslər məhkəmədə ifadə verdi

02/11/2018 - 20:09 6 763 0   0  

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər - mərkəzin direktoru Telman Məmmədhəsənov, mərkəzin təhlükəsizlik üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Suveren.az-ın “Report”a istinadən məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Elçin Əsədov ifadə verib.

O bildirib ki, hadisə zamanı onun qardaşı Elxan Əsədov mərkəzdə yanaraq ölüb. Onun sözlərinə görə, yanğın barədə məlumatı internetdən öyrənib: "Sonra morqdan zəng edib dedilər ki, qardaşım ölüb".

Daha sonra zərərçəkmiş qismində Xalidə Baxışova dindirilib. O söyləyib ki, qardaşı Tərlan Qəribov yanğın zamanı yararaq dünyasını dəyişib: "Yanğın barədə məlumatı sosial şəbəklərdən oxudum. Əvvəl qardaşımdan xəbər ala bilmirdik. Sonra bizə morqdan məlumat verdilər".

Digər zərərçəkmiş Zaur Murtuzayev ifadəsində vurğulayıb ki, hadisə zamanı mərkəzdə olub. Onun sözlərinə görə, mərkəzdə narkotikdən müalicə alırmış: "Mən nə vaxt orda müalicə olunmuşamsa, Məhəmməd də orada olub. Biz Elşən adlı şəxslə

10-cu palatada qalırdıq. O, yanğın zamanı öldü. Həmin gün oyaq idim. Dəhşətli külək vardı, yuxuya gedə bilmirdim. Birdən qapıdan tüstü qoxusu gəldi. Qapını açanda alov gördüm, tüstü dəhlizi bürümüşdü. Səs-küy qaldırdım ki, uşaqlar yuxudan oyansın. Sonra qaça-qaça oradan çıxdım".

Məhkəmədə zərərçəkmiş Vüqar KərimovRamil Alməmmədli də dindirilib. Onların hər ikisi yanğın baş verən mərkəzdə narkotikdən müalicə olunduqlarını bildirib. Həmin şəxslər hadisə günü orada olduqlarını deyiblər.

Məhkəmənin növbəti iclası noyabrın 6-na təyin edilib.

Qeyd edək ki, bu il martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib.

Xatırladaq ki, mərkəzin şöbə müdiri Azad Ələkbərovun səhhətində problemlər olduğu üçün onun cinayət işi ayrıca icraata verilib. Daha sonra o, dünyasını dəyişib.