Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikasının yaradılmasından bir ay ötdü

09/06/2020 - 15:51 8 419 10   2  

Bu gün Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikasının elan edilməsindən bir ay ötdü. Hadisə xalq tərəfindən alqışlandı və özüylə ruh yüksəkliyi gətirdi. Respublikanın daxilil qurumlarının yaradılması işi start götürdü.

MQA(İ) R-in yaradılış qayəsi qədim Azərbaycan şəhəri İrəvanın 1918-ci ildə yaşanan mürəkkəb geosiyasi hadisələr burulğanında böyük dünya güclərinin himayə etdiyi ermənilərə Azərbaycan torpaqlarında Ermənistan dövləti yaradılması üçün onlara verilməsinin, həmçinin sovet dövründə xeyli torpaqlarımızın da ermənilərə peşkəş çəkilməsinin gündəmə gətirilməsi və bu ərazilərin ilhaq olunmasına siyasi-hüquqi qiymət verməsi, torpaqların geri qaytarılması məsələsinin beynəlxalq müstəvidə qaldırılmasıdır. Respublikanın rəhbəri Qafar Çaxmaqlının başçılığı ilə dövlət strukturlarının yaradılması işinə vüsət verilmişdir. MQA(İ) Respublikasının Millət Şurası, onun nəzdində Katiblik, Millət Şurasının tərkibində müxtəlif istiqamətli komissiyalar yaradıldı. Məşvərət Məclisi, Gənclər təşkilatının yaradılması planlaşdılır. Məşvərət Məclisinə Qərbi Azərbaycan əsilli olub-olmamasından asılı olmayaraq tanınmış ziyalıların dəvət edilməsi qərara alınıb. Sovet hakimiyyəti illərində Zəngəzurun və digər ərazilərin Ermənistan SSR-ə verilməsi ilə bağlı konfrans və Şuşa şəhərinin əsasının qoyulmasının 270 illiyi ilə bağlı tədbir keçirilməsi də müzakirə olunur. Həmçinin MQA(İ) R-nın qurultayının keçirilməsi, parlament seçkiləri ilə bağlı komissiyanın yaradılması kimi təkliflər də müzakirə mərhələsindədir.

Bu dövlətin həm də Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində Azərbaycanın haqq mövqeyini beynəlxalq arenada  gücləndirəcəyi də şübhəsizdir. Sülh danışıqlarında Azərbaycanın torpaqların işğal altlnda olmasına baxmayaraq, dövlətimizin  Ermənistanla eyni statusda nəzərdən keçirilməsinin yolverilməzliyini əsaslandırmaq üçün indiki erməni dövlətinin 100 il öncə rəsmən Azərbaycan ərazisi olan torpaqlarda qurulduğunun beynəlxalq hüquq prizmasından çıxış edərək dünya tribunasından səsləndirilməsi əhəmiyyətlidir. Əminik ki, bu Azərbaycanın dünya ictimaiyyəti qarşısında haqlı mövqelərinin daha da gücləndirilməsinə xidmət edəcək.

Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikasının Mətbuat, İnformasiya, sosial şəbəkələrlə iş və Təhlil Mərkəzi