Mübariz Əhmədoğlu: “Sosial şəbəkələrdə söyüş söyən adamların ağlı 2-3 yaşındakından o yana getməyib”

01/12/2018 - 10:59 2 698 0   0  

Sosial şəbəkələrdə tez-tez çıxışına, müsahibəsinə görə hansısa deputatın, məmurun söyüldüyünün şahidi oluruq. Doğrudur, Milli Məclisdə bəzi deputatlar ildə cəmisi bir neçə dəfə müsahibə verib, hansısa məsələyə münasibət bildirirlər. Hər dəfə də ehtiyatsız ifadə işlədib, bu ifadələri ilə gündəm olurlar. Lakin məsələ burasındadır ki, həmin şəxslərə qarşı ictimai rəy çox dözümsüzdür. Həmin deputatların özləri bir yana, yaxınlarını da təhqir edib, söyürlər.  Ümumiyyətlə, sosial şəbəkədə bir qrup insanlar var ki, onlar demək olar ki, heç nə ilə razılaşmırlar, söyüşlə davranırlar. Maraqlısı budur ki, ehtiyatsız ifadə işlədən, hər hansı bir qıcıq doğuran fikir səsləndirən müxalifət nümayəndələrinə qarşı həmin qrup liberal davranır. Deputatlara, məmurlara qarşı yazdıqları təhqir dolu fikirləri işlətmirlər.

Bəs bunun səbəbi nədir?

“Yeni Müsavat”a danışan  politoloq Mübariz Əhmədoğlu hesab edir ki, bunun səbəbi əsasən bir neçə sosial səbəbdən qaynaqlanır:

“Xalqımızın bir xüsusiyyəti var ki, uşağa ata və ana sözlərindən sonra hansısa söyüşü, təhdidi öyrədirik. Əmimiz, dayımız guya bizi güclü böyütmək xətrinə söyüş öyrədir, deyir ki, filankəsi qorxut. İndi də sosial şəbəkələrdə bu cür söyüşlər söyən adamlar, hələ də 2-3 yaşlarında qalıblar. Ağılları o yaşdan irəli gedə bilmir. Ona görə də ortaya söyüşdən başqa bir şey qoymurlar. Təbii ki, uşaqlara söyüş öyrədən əmilər, dayılar, heç zaman özlərini söydürmürdülər. İndi bizim sosial şəbəkədəki bəzi şəxslər də söyüşlə bağlı "müəllimlərinə" heç nə demirlər. Görünür, həmin “müəllimlər” də müxalifətdə oturublar. Ona görə də müxalifətdə bu adamlar nə desələr də, söyülmürlər. Çox təəssüf ki, bu, həqiqətdir və bizim ictimai-siyasi mühitimiz üçün faciəvi haldır. Əvvəla, nəzərə almalıyıq ki, biz xalqın qarşısındayıq. Adamlar dərk etməlidirlər ki, sosial şəbəkədə nə isə yazırlarsa, artıq bu, ictimailəşmiş fikrə çevrilir. Ancaq buna fikir vermirlər. Kim qələmdən uzaqdırsa, birdən-birə qələmə, yazıya yaxınlaşan zaman özünü əjdaha hesab edir. İkincisi də bu adamlar dərk etmirlər ki, onların sosial şəbəkələrdə yazdıqlarını xaricilər də görə bilirlər. Bu yazılarla bizim ümumi səviyyəmizi ölçən, monitorinq aparan xarici qruplar var. Kimsə sosial şəbəkədə söyüş yolunu tutubsa, hardasa xalqımıza qarşı neqativ halın şahidi olan zaman, bu halın yaranmasında öz rolunu da görməlidir. Çünki xalqa qarşı ümumi fikir elə sosial şəbəkələr, ictimai rəylər əsasında formalaşır. Üçüncüsü də tarix var. Yəni sosial şəbəkələrdə, mətbuat yazılanlar tarixdir. Bizdən sonra gələn nəsillər sosial şəbəkələrdə yazılanları oxuyacaqlar. Bəlkə də bu gün sosial şəbəkələrdə söyüş yazanların övladları savadlı, ziyalı biri olacaq. O zaman isə kimsə istər istəməz bu adamlara da müxalif olacaqlar. Bax həmin vaxt o uşağın atasının vaxtilə yazdıqlarını çıxarıb, qoyacaqlar qarşısına. Deyəcəklər ki, səni bu beyin tərbiyə edib, uzağa gedə bilmərsən. Ona görə də söyüşcül adamlar tarixi də nəzərə almalıdır".

Psixoloq Azad İsazadə ile ilgili görsel sonucu

Politoloq hesab edir ki, sosial şəbəkədə söyüş söyənlər, digər ölkələrin məmurlarından tam məlumatlı deyil: “Onların hansı ölkələrin məmurlarından xəbərləri var ki, deyirlər Azərbaycan məmurları pisdir. Mən məmurlarımızı tərifləmirəm. Lakin hər bir şey müqayisə ilədir axı. Daha öncə də açıqlamamda demişəm ki, Azərbaycanda məmur yorğunluğu var. Məmurlarımızın əksəri vicdanlı, əziyyət çəkən adamlardır. Lakin istər-istəməz onlarda da bir yorğunluq hiss edilir. Hansısa yerdəyişmə olarsa, çox fayda verər. Lakin durub demək ki, Azərbaycan məmuru dünyanın ən geridə qalmış məmurudur, bu, doğru olmaz. Serverlər Amerikada qurulub, Bakıda kimsə oturur, yazır. Başa düşmürlər ki, qloballaşma gedirsə, dünya ölkələrində baş verənlərə də baxmaq lazımdır. Diqqət etməlidirlər ki, Azərbaycandan kənarda hansı proseslər gedir. Söhbət təbii ki, Ermənistandan getmir. Orada biabırçılıq hökm sürür. Məsələn, Rusiya, İrana baxmaq olar. Avropa da görürük ki, məmurlar nə vəziyyətdən çıxır. Ona görə də qloballaşmanın bəhrəsi olan sosial şəbəkələrdən istifadə edirlərsə, özlərinin də beyinlərini qloballaşdırsınlar. Sosial şəbəkəni tədqiq edən kimlərsə Azərbaycan xalqı barəsində minus axtarırsa, bunu tapacaqlar. Eyni zamanda Azərbaycan cəmiyyətinin müsbət potensialı da var. Məmurlarımızın, gənclərimizin müsbət yöndə inkişaf edənləri çoxdur.  Sosial şəbəkədə bəzi şəxslərin fəaliyyəti zaman keçdikcə özlərinin və "əmi", “dayı”larının ziddinə olacaq".

Psixoloq Azad İsazadə “Yeni Müsavat”a söyləyib ki, son illər dünyada da aqressiya çoxalıb: “Sosial şəbəkələrdə görürük ki, dünyada digər ölkələrdən olan bir şəxsin arqumenti olmayan zaman başlayır söyüş söyməyə. Bu, hardasa insanın aqressiyasının boşalmasıdır. Lakin psixoloji baxımdan yanaşdıqda görürük ki, əslində aqressiya tam olaraq keçmir. Çünki yazılanlara cavab verilir və getdikcə aqressiya şiddətlənir. Ona görə də gülümsəmək lazımdır. Gərginliyi zarafata çevirmək lazımdır ki, aqressiya azalsın. Lakin bir tərəf dayanmır və proses gərginləşə-gərginləşə gedir. Əslində bir tərəfin zarafata keçməsi və mübahisənin dayandığı hallara da rast gəlinir. Sadəcə olaraq biz, daha çox aqressiya ilə yazılanlara diqqət edirik. Çünki bu, hər kəsə təsir edir”.