Məktəblərdə əxlaq qaydalarına kim nəzarət etməlidir? - PROBLEM

02/01/2019 - 10:42 10 789 0   0  

Ötən günlərdə böyük oğlum mənə yaxınlaşaraq, məktəbdə sinif yoldaşının ona əxlaqsız söz dediyini bildirdi. Üstəlik, eşitdiyi həmin sözün mənasını da soruşdu. Cavab verməyə utandım, ancaq başa salmağa çalışdım ki, normal ailədə böyüyən, tərbiyəli uşaqlar belə ifadələrdən istifadə etməməlidir.

Oğlumdan həmin hadisəni müəlliminə danışmasını istədim. O isə bu haqda heç kimə heç nə demək istəmədiyini bildirdi və əlavə etdi ki, sinifdə oğlanlar bundan daha betər söyüşlər söyür, ifadələr işlədirlər. Bir valideyn kimi mənə oğlumun belə uşaqlar arasında təhsil alması həqiqətən ağrılı gəldi.
Maraqlıdır, görəsən bu kimi vəziyyətlərlə üzləşəndə valideyn hara və kimə müraciət etməlidir? Sualıma cavab tapmaq məqsədilə bir neçə ekspertə müraciət etdim.
Sputnik Azərbaycan-a danışan təhsil eksperti Kamran Əsədov bildirdi ki, orta məktəblərdə şаgirdlərlə аpаrılаn tərbiyə işlərinin sistеmli, plаnlı olmaması bir çox hallarda onların bir-birinə nalayiq, əxlaqsız ifadələr işlətməsinə, hətta fiziki təcavüz hallarının baş verməsinə gətirib çıxarır.
"Orta məktəbin bаşlıcа vəzifəsi orta məktəb pilləsində təhsil аlаn şagirdlərin tərbiyə işləri üzrə bilik, bаcаrıq və vərdişləri ailədən aldıqları biliklər əsasında dаhа dа dərinləşdirməkdir. Həmçinin meyl, maraq və potensial imkanları, fərdi xüsusiyyətləri nəzərə alınmaqla, təhsil alanların zəruri biliklərə və həyati bacarıqlara yiyələnməsini təmin etməkdir. Yaradıcı, milli-mənəvi və ümumbəşəri dəyərlərə malik sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşdırmaq, müstəqil həyatda səmərəli təhsil və əmək fəaliyyətinə hazırlamaqdan ibarətdir. Yəni məktəb şagirdlər arasında əxlaq normalarına uyğun münasibətlərin qurulmasını təşkil etməlidir" – deyə ekspert vurğuladı.
Əsədovun sözlərinə görə, buna isə orta məktəblərdə birinci növbədə direktor, direktor müavini, sinif rəhbəri, məktəbin psixoloqu, fənn müəllimləri cavabdehdir. Və bunun formalaşdırılması üçün həmin şəxslər məsuliyyət daşıyırlar: "Nəzərə аlmаq lаzımdır ki, müəllim məktəbdə həm təlim, həm də geniş tərbiyə işi aparır. О, sadəcə dərs dеyən, şаgirdlərə еlmlərin əsаslаrını mənimsətməklə öz işini məhdudlаşdırаn didаkt dеyil. Müəllim gələcək cəmiyyətin mеmаrı və qurucusu olaraq, gənc nəsli həyаtа, cəmiyyətə hаzırlаmаq, vətənpərvər gənclər yetişdirmək kimi müqəddəs bir vəzifəni yеrinə yеtirir. Bu vəzifənin müvəffəqiyyətlə həyаtа kеçirilməsi isə müəllimin pеdаqоji ustаlığındаn və təcrübəli fəаliyyətindən əsаslı surətdə аsılıdır".
Ekspert qeyd etdi ki, əgər şagirdlər arasında əxlaq norma münasibətləri pozularsa, buna yol verən şagird məktəb pedaqoji şurasında müzakirəyə çıxarılıb, xəbərdarlıq olunmalıdır. Əgər bu hallar yenə də davam edərsə, o zaman şagirdin sinfinin və ya, ümumiyyətlə, məktəbinin dəyişdirilməsi məsələsi təmin edilməlidir.
"Əgər şagirdlər arasında təhlükəli sayıla biləcək ifadələr, sözlər işlənilirsə, bir-birinə bunları açıq və rahatlıqla ifadə edə bilirlərsə, bu, o deməkdir ki, həmən təhsil müəssisəsində çalışanlar öz vəzifələrinin öhdəsindən gələ bilmir, səlahiyyətlərini yerinə yetirə bilmirlər. Bu da normativ hüquqi aktların pozulması deməkdir" – deyə K.Əsədov bildirdi.
Psixoloq Zeynəb Əyyubova isə düşünür ki, məsələyə məktəbdən yox, evdən başlamaq lazımdı: "Sinifdə əxlaqsız söz danışan uşaq mütləq normadan bir qədər fərqli ailədə böyüyür. Böyüdüyü ailədə ana xoşbəxt deyil, atanın başı öz işlərinə qarışıb. Valideynlər övladlarının tərbiyəsindən xəbərsizdirlər".
Psixoloq qeyd etdi ki, bu məsələdə bir qədər müasir texnikanın, internetin, sosial şəbəkələrin də rolu var. "Son dövrdə uşaqların internetə yaxın olması erkən yaşda çox şey bilmələrinə səbəb olur. Məsələn, 10 il qabaq 17 yaşlı oğlanın bildiyi və keçirdiyi hissləri indi 12 yaşında uşaq bilir. İnternetdə hər mövzu müzakirə olunduğundan uşaqlar bunlardan kənarda qalmır".
Əyyubovanın sözlərinə görə, son dövrdə məktəb tərbiyəyə istənilən köməyi edə bilmir: "Artıq məktəblərdə daxili nizam-intizamın pozulması halları var. Məktəbdə cəmi bir psixoloq olduğundan şagirdlərə individual yanaşma alınmır. Ona görə də məktəbdən çox valideynin üzərinə məsuliyyət düşür. Bu gün valideynlər hazır olmalıdırlar ki, uşağım məktəbdə hər şey eşidə bilər. Əsas məsələ uşağın mənfi davranışlar ərəfəsində verdiyi adekvat cavablardı".
"Bəzən valideynlər qoruyuculuq tipindən istifadə edib, uşaqlarını hər kəsdən uzaqlaşdırırlar. Bu, çox yanlış düşüncədir. Yaş artdıqca valideyn övladı ilə dost kimi bütün problemləri danışmalıdır. Bu hadisələr qarşısında övladının duruşu ilə fəxr etdiyini bildirib, bir növ vicdanına kökləməlidir" – deyə müsahibimiz qeyd etdi.
Məsələ ilə bağlı Təhsil Nazirliyinin də mövqeyini öyrənməyə çalışdıq. Təəssüf ki, Nazirliyə ünvanladığımız, "Məktəblərdə əxlaq qaydalarına kim nəzarət edir?" sualımız cavabsız qaldı.