MİSİR MƏRDANOV VƏ XALASI OĞLU … - Və ya Azərbaycanda dəqiq elmlər niyə tənəzzül edir?

27/10/2018 - 19:36 13 858 0   0  

Orta məktəb dərsliklərindəki nöqsanlar - tapşırıqların seçimində əksər hallarda şagirdin yaşının nəzərə alınmaması, ağır terminlərdən istifadə, izahların natamamlığı, vulqar ifadələrin işlədilməsi, yaxud orfoqrafik və heca səhvləri, dilin fonetik, leksik və qrammatik normalarının pozulması, məzmun və yazı üslubundakı qüsurlar illərdir hər tədris mövsümü tənqid edilsə də, vəziyyət yaxşılığa doğru dəyişmir.

Suveren.az virtualaz.org-a istinadən xəbər verir ki, son illər müzakirələrə səbəb olan məsələlərdən biri də 7-ci və 8-ci siniflərdə cəbr və həndəsə fənlərinin birləşdirilərək riyaziyyat dərsliyi halına salınmasıdır. Bu isə ölkədə dəqiq elmlərin tənəzzülünə aparıb çıxara bilər. Hansı ki, onsuz da son illər ölkədə dəqiq elmlərin mənimsənilməsi onsuz da zəifləyib.

Müəlliflər dərsliklərin ictimai müzakirəsi zamanı  beynəlxalq təcrübənin tətbiqi ilə dərs yükünün azalacağını iddia ediblər, bu həm də məktəbli çantalarını yüngülləşdirəcəkmiş. Halbuki ekspertlər, xüsusilə  riyaziyyatçılar cəbrlə həndəsənin bir yerdə verilməsini doğru hesab etmirlər. Çünki çalışma seçimlərinin sadədən mürəkkəbə doğru və çoxçeşidli olması daha məqsədəuyğundur. Digər arqumentə gəldikdə, çantanı dərsliklər deyil, əlavə vəsaitlər, testlər ağırlaşdırır, hansı ki, şagirdlər bu vəsaitlərin köməyi olmadan mövzunu tam mənimsəyə bilmirlər.

"Məni narahat edən əsas məsələ budur ki..."

25 ildir riyaziyyatdan dərs deyən Xanlar Məmmədov isə  deyir ki, dərsliklərdəki qüsurlarla bağlı Təhsil Nazirliyinin və ya müəlliflərin arqumentləri müəllimləri, eləcə də şagirdləri maraqlandırmır. Yaxud şagirdi dərsliyin yazılmasında ortaya çıxan çətinliklərin səbəbləri deyil, nəticə maraqlandırır. Çünki zaman gözləmir, şagird bu gün əlində olduğu dərsliyi mənimsəyir, onun başqa seçimi yoxdur.

“Məni əsas narahat edən məsələ mətnlərin şagirdin yaş səviyyəsinə uyğun yazılmaması, bir də uşağın daha çox internetdən məlumat əldə etməyə məcbur buraxılmasıdır. Əgər iddia edirlər ki, dərslik yazmaq çətin məsələdir, qüsurlar mütləq olmalıdır, onda alternativ dərsliklər yazılsın, müəllimlərin seçim imkanları artırılsın. Axı digər ölkələrdə belə təcrübə var”, -X.Məmmədov deyib.

Etibar Əliyev: “Qərbdə dərsliklər elə sadə, başadüşülən dildə yazılır ki…”

Təhsil üzrə ekspert Etibar Əliyev isə deyib ki, Qərbdə, ABŞ-da həndəsə ilə riyaziyyat fənlərinin birləşdirilməsi nəticəsində dəqiq elmlər daha yaxşı mənimsənilir. Çünki dərsliklər o qədər sadə, başa düşülən üslubda yazılır ki, müəllimlər, şagirdlər, həm də valideynlər asanlıqla anlaya bilirlər.

“Azərbaycanda yaxşı dərsliklərin yazılması üçün bir sıra qurumlar, məsələn, dərslik nəşriyyat şöbəsi, Dərsliklərin Qiymətləndirmə Şurası yaradıldı, nəşriyyatlara seçim hüququ verildi. Buna baxmayaraq dərsliklərdə  ciddi qüsurlar qalmaqdadır”, - ekspert qeyd edib.

Etibar Əliyevin sözlərinə görə, yalnız dərslik yazan müəlliflər deyil, müəllimlər, mütəxəssislər, metodistlər, eyni zamanda nəşriyyatlar, dərsliyin dilinə və üslubuna nəzarət edənlər də  cavabdehlik daşıyırlar. Çünki istər humanitar fənlərdə, istərsə də fizika və riyaziyyat dərsliklərində problemlər qalmaqdadır. Ekspertin fikrincə, dərsliklərin yazılmasında, tərtibatında yaxın vaxtlarda dəyişiklik olmasa dərsliyin təhsilin  keyfiyyətinə təsiri davam edəcək.

“Misir Mərdanov tərəfindən qadağan edilmiş alternativ dərsliklərin yazılmasına başlanılmalıdır. Müəllimin seçim imkanı artar, hansısa bir dərsliyin üzərində dayanmazlar”, - Əliyev əlavə edib.

Qeyd edək ki, əvvəllər 5-ci sinifdən 11-ci sinifə qədər riyaziyyat və həndəsə dərsliyinin müəllifi keçmiş təhsil naziri Misir Mərdanov olub. Eləcə də fizika dərsliklərinin müəllifləri arasında keçmiş nazirin xalası oğlu da var. Hansı ki, fizika dərsliyində çox böyük qüsurlar mövcuddur, Dövlət İmtahan Mərkəzinin  apardığı elmi-statistik təhlillərin nəticələri  onu göstərir ki, ən aşağı nəticələr fizika fənnindəndir. Ekspertin sözlərinə görə, beynəlxalq təcrübədə daha bir metoddan istifadə edilir, onillərlə hansısa fənlər üzrə dərslik yazmaq mümkün olmursa, ölkələrdən birinin yaxşı  dərsliyini seçib tərcümə edirlər və bu, qəbahət sayılmır.

Etibar Əliyev dərslik sahəsində təhlükəli vəziyyətin yarandığını deyir. Bildirir ki, “Azərbaycanda dərslik yazan yoxdur” kimi təhlükəli fikir formalaşdırılıb.Bu isə tamamilə yanlışdır, çünki dərslik yazmaq qabiliyyətini ortaya qoyanlar olub və indi də var, amma  ideyalar  boğulub. Dərslik yazmaq əvvəllər inhisarda olub,  buna görə də həmin şəxslər geri çəkiliblər.

“Düşünürəm ki, bu yanlış qənaətin ortadan qaldırılması üçün dərslik yazmaq istəyənlər alternativ kitablar ortaya qoymalıdırlar. Müvafiq strukturlar isə buna şərait yaratmalıdır” - Etibar Əliyev deyib.

Ekspert əlavə edib ki, son bir neçə ildə Təhsil Nazirliyinin rəhbərliyi dərsliklər sahəsində mövcud olan qüsurların, problemlərin aradan qaldırılması üçün sistemli islahatlar həyata keçirməyə başlayıb.

"Mənim bildiyim qədər hazırda bu məsələ  gündəmdədir, son 4-5 il ərzində dərsliklər problemi ilə bağlı mütəxəssislərlə, Dövlət İmtahan Mərkəzi ilə məsləhətləşmələr aparılır. Şagirdlərin mümkün qədər asan qavrayacağı dildə tərtib olunan, eyni zamanda onlara müasir dövrün tələbləri ilə uzlaşan biliklər qazandıran dərsliklərin işlənib hazırlanması son bir neçə ildə Təhsil Nazirliyinin  rəhbərliyinin prioritetlərindən biri və təhsil islahatlarının mühüm tərkib hissəsidir. Ümid edirəm ki, tezliklə bu sahədə müsbətə doğru ciddi dəyişiklikləri görə biləcəyik" - həmsöhbətimiz bildirib.  \\virtualaz.org