“Dələduzluqla, fırıldaqla, soyğunçuluqla milyonlar qazananlar cinayətkar kimi ittiham olunmaq əvəzinə, nüfuzlu insanlar kimi təqdim olunurlar”
“Təəssüf ki, bizim elitamızın, ziyalılarımızın böyük hissəsi milli problemlərimizə, o cümlədən Qarabağ probleminə biganə yanaşırlar”
Azərbaycan Dövlət İqtisad Universitetinin – UNEC-in “Əməyin iqtisadiyyatı və təşkili” kafedrasının müdiri, Azərbaycanın Əməkdar Elm Xadimi, keçmiş SSRİ Jurnalistlər İttifaqının üzvü, “Qızıl qələm” mükafatçısı, iqtisad elmləri doktoru, professor Tofiq Əvəz oğlu Quliyev “AzPolitika.info”ya müsahibəsində bəzi mövzularla bağlı öz fikirlərini bildirib. Onun müsahibəsini təqdim edirik.
-Professor, Siz əvvəlki müsahibələrinizdə cəmiyyətdəki bir sıra problemlərin bəzi insanların həddən artıq varlanmaq istəyi, gedonik həyata meyilin artması ilə bağlamısınız, ancaq bu problemlərin elmi cəhətdən lazımi şəkildə araşdırılması müşahidə olunmur. Bu nə ilə bağlıdır?
-Doğrudan da, qeyd olunan problemlərin elmi cəhətdən araşdırılması istənilən səviyyədə deyil. Bu da siyasi iqtisad elminə lazımi diqqət yetirilməməsilə bağlıdır. Biz belə hesab edirik ki, bazar iqtisadiyyatı modeli şəraitində siyasi iqtisad elminin, fənninin əhəmiyyəti, sosializm iqtisadi modeli şəraitindən daha böyük əhəmiyyət kəsb edir. Düzdür, indi bu fikirdə olanlar azdır. Lakin əminəm ki, yüz il sonra olsa da, həyat mənim dediklərimi təsdiq edəcəkdir. Fikrimcə, dünyada gedən proseslərin inkişafı bunun 100 il keçmədən belə dərk ediləcəyini göstərir. Elə indinin özündə də bu artıq dərk edilməyə başlanılmışdır. Ancaq qlobal iqtisadiyyat dağılandan, turbulent vəziyyətə düşəndən sonra dünyanın bunu dərk etməsinin əhəmiyyəti çox az olacaqdır. İndi dünyada baş verən hadisələrə baxdıqda bunu görə bilərik. Məsələn, super-dövlətlərin özünün belə borc problemi getdikcə güclənməkdədir. Dövlətlər arasında ticarət müharibəsi baş verməkdədir. Nüvə müharibəsi təhlükəsi artmaqdadır. Sağlam, realist düşüncəni saxta illüziyalar əvəz etməkdədir. Dünyada terrorun, lokal müharibələrin sayı getdikcə artır. Bunu daha da genişləndirmək üçün xristian, müsəlman, yəhudi və sair dinlər arasında ziddiyyətlər yaradılmaqdadır. Halbuki bütün dinlər insanları sülhə, haqqa dəvət edir. Ancaq biriləri daha çox sərvət əldə etmək üçün dinlər arasında düşmənçilik yaratmaqdan belə çəkinmirlər. Bu özünü eyni zamanda həm dünyada, həm də Azərbaycanda, insanların həyatında da göstərir. Hər hansı bir yaxşı, xeyirxah işlərin mənəvi baxımdan qiymətləndirilməsi halları zəifləməkdədir. İndi nədənsə zövq almaq, o cümlədən həyat nemətlərindən həddindən artıq həzz almaq bir çox adamların mütləq həyat tərzinə çevrilmişdir. Hətta elə adamlar var ki, gedonik hərəkətləri müsbət etika hərəkətləri kimi təqdim etməyə çalışırlar.Yəni, estetikanın etika prinsiplərini əvəz etməsi üçün sanki elmi prinsiplər axtarırlar. İnsanlara hansı yolla olursa-olsun daha çox pul əldə etmək aşılanır. İndi dünya miqyasında hətta milyarderlər yarışı gedir. Gizli iqtisadiyyat aministiya hüququ almaqdadır. Dələduzluqla, fırıldaqla, soyğunçuluqla milyonlar qazananlar cinayətkar kimi ittiham olunmaq əvəzinə, nüfuzlu insanlar kimi təqdim olunurlar. Demək olar ki, cəmiyyətə bunu qəbul da etdirirlər. Lakin müasir nəzəriyyələr belə problemlərdən yan keçir. Müəyyən korrupsioner adamların sifarişi ilə bu problemlərə toxunulmur.
-Bunun səbəbi nədir? Niyə dünya alimləri bu problemləri müzakirə mövzusuna çevirmir?
-Bunun əsas səbəbi dünya iqtisadiyyatının, düzgün olmayan fəlsəfə və məntiqi yerində olmayan iqtisadi nəzəriyyələr, daha doğrusu, səhv neoklassik nəzəriyyələr üzərində qurulmasıdır. Dünyadakı iqtisadi və maliyyə böhranının da əsas səbəbi budur. Ancaq qəribə də olsa, bu böhrandan çıxış yolları müəyyənləşərkən, yenə də neoklassik nəzəriyyənin prinsipləri əsas götürülür. Halbuki nəzərə almaq lazımdır ki, müasir iqtisad elmi əvvəlki dövrün klassik siyasi iqtisadının əsasında inkişaf etmişdir. Neoklassik nəzəriyyə heç də bizim yuxarıda göstərdiyimiz problemlərin siyasi-iqtisadi təhlilini verə bilməz. Və əslində bu problemlərin düzgün siyasi-iqtisadi təhlilini verməyin özü də bir çox ölkələri, eləcə də mövcud vəziyyətdən yararlanan insanları təmin etmir. Çünki onların tamamilə başqa siyasi-iqtisadi dünyagörüşü vardır. Buna görə də, maliyyə sistemində, maliyyə bazarında, kapital axınında xaotik durumun yaranması, vahid koordinasiyanın, əlaqəli fəaliyyətin olmaması, qəribə də olsa, müəyyən qurumların, şirkətlərin, bankların, eləcə də bəzi insanların mənafelərinə uyğun gəlir. Hətta iş o yerə çatmışdır ki, super-dövlətlər indi yeni dünya qaydaları formalaşdırmağa başlamışlar. Hansı ki, bu qaydalar sivil deyil, kobud, qeyri-sivil, hətta kriminal prinsiplərinə əsaslanır. Bəzi iri dövlətlər potensial rəqiblərini zəiflətmək istiqamətində çalışırlar, zorakılıqla başqa ölkələrin sərvətlərini ələ keçirirlər. Belə bir şəraitdə milli dövlətlər qeyri-müəyyən vəziyyətdə qalırlar. Bütün bunlar göstərir ki, bazar iqisadiyyatının formalaşmasının özülü, bünövrəsi qətiyyən düzgün qoyulmayıbdır. Ancaq bu, hətta elmi institutlara, tədqiqat mərkəzlərinə belə təsir imkanı olan müəyyən sərvət sahibi insanların maraqlarına xidmət etdiyindən, onlar bu problemlərin ümumiyyətlə müzakirəyə çıxarılmasına imkan vermirlər. Elmi də bir növ öz maraqlarına tabe ediblər.
-Professor, nə üçün Siz bazar iqtisadiyyatının formalaşmasının bünövrəsinin düzgün qoyulmadığı fikrindəsiniz?
-Birincisi, bazar iqtisadiyyatı vauçer kapitalına əsalanır.Vauçer özəlləşdirilməsində isə səhmlər imkansız, öz zəhməti ilə dolanan, harama əl uzatmayan adamlara qismət olmur. Azərbaycanda da belə oldu. Bir çox adamlar ucuz qiymətlərlə böyük aktivlər aldılar. Bundan əlavə, əllərində səlahiyyət olanlar və ya müəyyən vəzifələrdə yaxınları, tanışları olanlar dövlətdən, Maliyyə Nazirliyindən iri məbləğdə kreditlər götürdülər. Bu kreditlərin də böyük hissəsi sonradan geri qaytarılmadı, talandı. Açıq desək, bu dövr ölkə iqtisadiyyatının dağılması dövrü oldu. Nəticədə nə baş verdi? Nəticədə sahibkarlığın həm sosial, həm də iqtisadi bazası zəiflədi. Sonra isə ölkədə nomenklatura kapitalizmi formalaşmağa başladı. Müəyən müddətdən sonra isə bu oliqarxiya kapitalizminə transformasiya olundu. Lakin sual olunur: bu prosesin sadə adamlara hər hansı xeyri oldumu? Ölkədə baş verən bu proseslərin elmi şəkildə siyasi-iqtisadi təhlili aparıldımı? Əlbəttə, yox. Dəyişikliklərin əhalinin böyük hissəsinə nəinki xeyri oldu, əksinə, bundan sadə adamlar zərər çəkdi. Bütün bunlar onu göstərir ki, əslində bazar iqtisadiyyatı modeli şəraitində siyasi iqtisad konsepsiyası sosializmə nisbətən daha çox təhrif edilir. Eyni zamanda, siyasi iqtisad konsepsiyası ideologiyalaşmaya, müəyyən qrupun mənafelərinə xidmət etməyə başlayıb. İndi sual olunur: bizə hansı siyasi iqtisad lazımdır?
Bunun çox sadə cavabı var: iqtisadi inkişafın təmin edilməsinə xidmət edən, necə deyərlər, iqtisadi fikrin, düşüncənin halallığına əsaslanan siyasi iqtisad. Müasir dövrdə, necə deyərlər, fəlsəfi və sosial-iqtisadi fikrə əsaslanan, arifmetikaya, riyaziyyata söykənən siyasi iqtisadın zəruriliyini irəli sürənlər də vardır. Lakin bir çox hallarda simvollar üzərində qurulan iqtisadi-məntiqi hesablamalar iqtisad elmindən daha çox, riyazi məntiqə, həm də səhv məntiqə əsaslanır. Bu zaman bir çox hallarda iqtisadi proseslərin siyasi-iqtisadi əsaslandırılmasını, proqnozlaşdırılmasını obyektiv şəkildə həyata keçirmək mümkün olmur. Əlbəttə, mən heç də iqtisadi təhlillərdə riyaziyyatda istifadə olunmasının əleyhinə deyiləm. Lakin bu o demək deyil ki, iqtisadiyyat riyaziyyat elminin qanunları əsasında işləməlidir. Məlumdur ki, bir elmin köməyi ilə, məsələn, riyaziyyatın köməyi ilə digər elmlərin nəzəri cəhətdən öyrənilməsi metonəzəriyyə adlanır. Riyaziyyatda bu metoriyaziyyat adlanır. Bəzi iqtisadi təhlillər zamanı riyazi hesablamaların aparılması zəruridir. Lakin göstərdiyimiz kimi, real iqtisadi proseslərin, iqtisadi əlaqə və münasibətlərdəki mövcud boşluqların, nöqsanların öyrənilməsində, aşkara çıxarılmasında, əsasən, siyasi iqtisadın prinsiplərindən istifadə olunmalıdır. Bir sözlə, mən iqtisad elminin lüzumsuz olaraq riyaziyyatlaşmasının tərəfdarı deyiləm.
Ancaq təəssüf ki, müasir dövrdə iqtisadi fikir böhranı yaşanmaqdadır. Hazırda iqtisad elmi, “Ekonomiks” bazar eqoizminin girovuna çevrilməkdədir. Bu yanaşma aradan qalxmalıdır. Ən azı zəruri hallarda klassik siyasi iqtisad müasir neoklassik siyasi iqtisadla konvergensiya olmalıdır. Təzədə və köhnədə müsbət nə varsa onu götürməliyik. Yəni, inkarın inkarı prinsipinə əsaslanaraq, pisi saxlayıb, yaxşını inkar etmək lazım deyil. Lazım gəlsə, yeni siyasi iqtisad, kölgəli iqtisadiyyatın da siyasi iqtisadını yazmaq olar. Bu olar gerçəkliyin siyasi iqtisadı.Gerçəkliyi yazmaq həm də qlobal dünyadakı qeyri-bərabərliyin, qeyri-reallığın səbəblərini açıqlamaq, disbalanslı, disharmoniyalı inkişafın yaratdığı problemləri göstərmək olardı. Kapitalizmin aldadıcı, Leninin vaxtı ilə tənqid etdiyi “kapitalizmin iqtisadi romantizm” prinsiplərinin dərindən araşdırılması demək olardı.
Bu cür araşdırmalar həm də ona görə zəruridir ki, iqtisadi sistemdəki problemlər yalnız insanların həyat səviyyəsinə təsir etmir, həm də milli dəyərlərə, mentalitetin deformasiyaya uğramasına, mənəviyyatın aşınmasına gətirib çıxarır.
-İqtisadi sistemdəki problemlər milli dəyərlərə necə təsir göstərir?
-Bu da başqa bir problemdir. Belə ki, mədəniyyət və incəsənət mentalitetin, milli gerçəkliyin obrazı hesab edilir. Hər bir millətin özünün qeyrət, namus, mədəniyyət və musiqili incəsənət obrazı olmalıdır. Lakin müasir bazar münasibətləri şəraitində heç də bütün millətlər, ölkələr bu sahədə müsbət obrazlar yaratmağa nail ola bilmirlər. Doğrudan da, milli obraz formalaşdırmaq heç də asan məsələ deyildir. Çünki bunun üçün bir tərəfdən pozitiv mühit, digər tərəfdən isə bu mühitə uyğun obrazın güclü əlamətləri olmalıdır. Yəni, obraz mühitə uyğun gəlməlidir. Həm də insanların idrakı, tərbiyəsi yuxarıda göstərilən məsələlərlə ziddiyyət təşkil etməməlidir. Obrazlar mahiyyət etibarilə tarixi şəraitin və ölkədə həyata keçirilən sosial-mədəni siyasətin təsiri ilə formalaşır.
Açıq demək lazımdır ki, SSRİ vaxtı (burada Qorbaçov dövrünü kənara qoyuram) cəmiyyətin mənəvi inkişafı, mədəniyyətin özü və ölkənin, adamların obrazı bir-birinə daha çox uyğun gəlirdi. Bazar iqtisadiyyatı modeli şəraitində adamlar, eləcə də sosial qruplar arasında obrazın formalaşmasında xeyli çətin problemlər özünü göstərməkdədir. Görünür, bunu əvvəlcədən görən ulu öndər Heydər Əliyev, vaxtı ilə mənəvi inkişaf haqda geniş və əhatəli sərəncam vermişdir. Yadımdadır, bu sərəncamdan sonra barlarda, kafelərdə baş verən eybəcər hallar aradan qaldırılmışdır. Ölkədə kazinoların, qumar oynadan obyektlərin fəaliyyətinə son verilmişdir. Bu da millətin dəyərlərinin qorunması, cəmiyyətdə eybəcər halların yayılmasının qarşısının alınması baxımından çox əhəmiyyətli idi. Obraz, əlbəttə, mənfi və müsbət ola bilər. Obrazın mənəvi və emosional məzmunu, hətta xarakterlərik cəhətləri, milli identiklik tərəfləri də vardır. Eyni zamanda sosmədəni, müəyyən identifikasiya tərəfi, mən deyərdim ki, özünü dərketmə, peşəsinə vurğunluğu və insan kamilliyi əlamətləri də mövcuddur. Burada, belə demək mümkünsə, yalançı cəhətlər də ola bilər. Yəni, məsələn Vətəndən danışır, amma Vətənin problemiylə yaşamır. Azərbaycanda Qarabağdan danışıb Qarabağ problemi haqda düşünməyənlər olduğu kimi, yaxud özündə olmayanı (qanacağı, düzgünlüyü və sairi) başqasından tələb etmək kimi. Yəni, milli obrazın formalaşmasına bir sıra amillər təsir göstərir. Ancaq burada ən vacib amil cəmiyyətdə yüksək mənəvi dəyərlərin qorunmasıdır. Milli mədəniyyət millətin özünüdərk və dünya millətləri içində özünü təsdiq etməsi, bir millət kimi ləyaqətini qoruyaraq yaşaması üçün əsas amillərdən biridir. Buna isə, təbii ki, əhalinin həyat səviyyəsi və həyat tərzi də təsir göstərir. Çox təəssüf ki, bazar iqtisadiyyatı modeli bu sahədə də müəyyən problemlər yaradır. Bu gün cəmiyyətimizdə eybəcər halların artmasını görməmək mümkün deyil. Hər zaman öz qeyrəti, namusu ilə fərqlənən Azərbaycan qadınlarının müəyyən hissəsinin pis yola düşməsinin də əsas səbəblərindən biri iqtisadi problemlərlə bağlıdır. Mən vaxtilə – təxminən 25 il bundan qabaq “Azərbaycan qadını” adlı serimində yazmışdım ki, “Azərbaycan qadını, qoru müqəddəs adını”. Doğrusu, bunu mən ərəb kinosuna baxandan sonra yazmışdım. Hətta həmin filmə baxdıqdan sonra dostlarıma demişdim ki, görürsən, bizim qadınlar nə qədər qeyrətli, namuslu, abır-həyalı olurlar. Biz fəxr etməliyik ki, qadınlarımızın bu qədər üstün cəhətləri var. Əlbəttə, bu gün də yüksək mənəvi dəyərlərə malik analarımız, bacılarımız daha çoxdur. Ancaq təəssüf ki, yüngül əxlaqlı qadınlarımızın da sayı xeyli artıb. Bu gün turistlərin, necə deyərlər, müəyyən vaxtlarda Azərbaycanı “işğal etməsini” qəbul etmək mümkün deyil. Mən qəbul edə bilmirəm ki, mənim millətimin qadınları turistləri əyləndirsin, bəzi Azərbaycan qadınları əxlaqsızlığına görə Türkiyədən, Dubaydan deportasiya etsinlər. Axı onlar da bizim millətin qadınlarıdır. Onların aşağılanması bütövlükdə milətimizin imicinə zərbə vurur. Belə vəziyyətin yaranmasını da mən bazar modelinin ən böyük qəbahəti hesab edirəm. Ancaq burada təbii ki, televiziyalarda, mətbuatda aparılan qeyri-sağlam təbliğatın da rolu az deyil. Bir çox verilişlərdə sanki cəmiyyətə əxlaqsızlıq təbliğ olunur. Yuxarıda da qeyd etdim ki, insanın obrazı onun peşə vurğunluğu və onu səciyyələndirən iş qabiliyyəti əlamətlərilə də fərqlənir. Bizim televiziyalardakı aparıcıların hərəkətləri, verilişlərin səviyyəsi çox təəssüf ki, onlar barədə müsbət fikir formalaşdırmır. Məlumat üçün qeyd edim ki, mən Moskvada aspiranturada oxuduğum 1960-1963-cü illərdə həm də jurnalistlik kursuna getmişəm. 28 yaşında SSRİ Jurnalistlər İttifaqının üzvü olmuşam. Yəni, təvazökarlıqdan uzaq olsa da, mən jurnalistika sahəsinə bələdəm. Yaxşını və pisi ayıra bilirəm. Bizim televiziyalardakı bir çox jurnalistlərin, aparıcıların, eyni zamanda, o verilişdə iştirak edən müğənnilərin nəinki danışıqlarına, hətta səhnə davranışlarına baxanda adamın tükü biz-biz olur. İnsan onların yerinə xəcalət çəkir.Sual olunur, məgər bu eyib deyil, millətə xəyanət deyil, millətin mentalitetinə, təhlükəsizliyinə zərbə deyil?
Biz, iqtisadçılar, adətən iqtisadi, maliyyə və ya demoqrafik təhlükəsizlikdən yazırıq. Bunlarla məşğul oluruq. Bu bizim borcumuzdur. Ancaq milli təhlükəsizliyimizə ən böyük təhdid mənəviyyatımıza vurulan zərbələrdir. Mənim fikrimcə, bu gün televiziyalardakı bəzi verilişlər, cəmiyyətdə əxlaqsızlığı təbliğ edənlər, gələcək nəsillərin, gənclərin tərbiyəsini zəhərləyənlər milli təhlükəsizliyimizə ən böyük təhlükə mənbəyidir. Bu cür təbliğat həm də gənclərin ailə qurmasına, sağlam nəslin formalaşmasına mane olduğundan, millətin genefonduna da təhlükə sayılmalıdır. Məsələnin bu tərəfi millətini düşünən bir ziyalı kimi məni çox narahat edir.
Bu problemlə bağlı Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev də geniş məqalə ilə çıxış etmişdi. O həm televiziyalarımızda cəmiyyətin əxlaqi dəyərlərinə zidd verilişlərin artmasını, həm də milli elitanın bu cür vəziyyətə biganə yanaşmasını tənqid etmişdi. Bu haqda, əlbəttə, geniş danışmaq olar. Ancaq mən oxucuları yormamaq üçün bir faktı qeyd etmək istəyirəm.
Erməni şairəsi, erməni separatçılarının və millətçilərinin yaratdığı “Qarabağ hərakatının” üzvlərindən olan Silva Kaputikyan, vaxtilə “Литературная газета” da geniş bir məqalə ilə çıxış etmişdi. Həmin məqaləsində o, Spitakda baş verən zəlzələdən sonra xəstəxanada zərərçəkənlərlə görüşündən də yazmışdı. Orada qeyd etmişdi ki, xəstəxanada zəlzələdə 11 yaşlı bir qız uşağı ilə görüşüb. Guya həmin qız uşağı öz ağrılarını yaddan çıxararaq, Silva Kaputikyandan Qarabağı soruşub. Belə söhbət, bəlkə də, heç olmayıb. Ancaq Silva Kaputikyan bununla dünyaya mesaj verirdi ki, bizim uşaqlar da Qarabağla maraqlanır. Yəni ermənilərin elitası, ziyalıları hər fürsətdən öz millətlərinin xeyri üçün istifadə edirlər. Bu gün də belədir. Ancaq çox təəssüf ki, bizim milli elitamızın, ziyalılarımızın böyük hissəsi milli problemlərimizə, o cümlədən Qarabağ probleminə biganə yanaşırlar. Televiziyalarımızda milli problemlərimizə, Qarabağ məsələsinə həsr olunmuş verilişlər, demək olar ki, yox səviyyəsindədir. Bu da, əlbəttə, ciddi narahatçılıq yaradır. Odur ki, mən ziyalılarımızı milli problemlərimizin qabardılmasında, mənəvi dəyərlərimizin qorunmasında fəal olmağa çağırıram. Sonda yeni il münasibətilə xalqımızı təbrik edirəm, ölkəmizə sülh və əmin-amanlıq arzulayıram.
“MİLLİ TƏHLÜKƏSİZLİYİMİZƏ ƏN BÖYÜK TƏHDİD MƏNƏVİYYATIMIZA VURULAN ZƏRBƏLƏRDİR” – Professor Tofiq Quliyevlə müsahibə
“Dələduzluqla, fırıldaqla, soyğunçuluqla milyonlar qazananlar cinayətkar kimi ittiham olunmaq əvəzinə, nüfuzlu insanlar kimi təqdim olunurlar”
“Təəssüf ki, bizim elitamızın, ziyalılarımızın böyük hissəsi milli problemlərimizə, o cümlədən Qarabağ probleminə biganə yanaşırlar”
Azərbaycan Dövlət İqtisad Universitetinin – UNEC-in “Əməyin iqtisadiyyatı və təşkili” kafedrasının müdiri, Azərbaycanın Əməkdar Elm Xadimi, keçmiş SSRİ Jurnalistlər İttifaqının üzvü, “Qızıl qələm” mükafatçısı, iqtisad elmləri doktoru, professor Tofiq Əvəz oğlu Quliyev “AzPolitika.info”ya müsahibəsində bəzi mövzularla bağlı öz fikirlərini bildirib. Onun müsahibəsini təqdim edirik.
-Professor, Siz əvvəlki müsahibələrinizdə cəmiyyətdəki bir sıra problemlərin bəzi insanların həddən artıq varlanmaq istəyi, gedonik həyata meyilin artması ilə bağlamısınız, ancaq bu problemlərin elmi cəhətdən lazımi şəkildə araşdırılması müşahidə olunmur. Bu nə ilə bağlıdır?
-Doğrudan da, qeyd olunan problemlərin elmi cəhətdən araşdırılması istənilən səviyyədə deyil. Bu da siyasi iqtisad elminə lazımi diqqət yetirilməməsilə bağlıdır. Biz belə hesab edirik ki, bazar iqtisadiyyatı modeli şəraitində siyasi iqtisad elminin, fənninin əhəmiyyəti, sosializm iqtisadi modeli şəraitindən daha böyük əhəmiyyət kəsb edir. Düzdür, indi bu fikirdə olanlar azdır. Lakin əminəm ki, yüz il sonra olsa da, həyat mənim dediklərimi təsdiq edəcəkdir. Fikrimcə, dünyada gedən proseslərin inkişafı bunun 100 il keçmədən belə dərk ediləcəyini göstərir. Elə indinin özündə də bu artıq dərk edilməyə başlanılmışdır. Ancaq qlobal iqtisadiyyat dağılandan, turbulent vəziyyətə düşəndən sonra dünyanın bunu dərk etməsinin əhəmiyyəti çox az olacaqdır. İndi dünyada baş verən hadisələrə baxdıqda bunu görə bilərik. Məsələn, super-dövlətlərin özünün belə borc problemi getdikcə güclənməkdədir. Dövlətlər arasında ticarət müharibəsi baş verməkdədir. Nüvə müharibəsi təhlükəsi artmaqdadır. Sağlam, realist düşüncəni saxta illüziyalar əvəz etməkdədir. Dünyada terrorun, lokal müharibələrin sayı getdikcə artır. Bunu daha da genişləndirmək üçün xristian, müsəlman, yəhudi və sair dinlər arasında ziddiyyətlər yaradılmaqdadır. Halbuki bütün dinlər insanları sülhə, haqqa dəvət edir. Ancaq biriləri daha çox sərvət əldə etmək üçün dinlər arasında düşmənçilik yaratmaqdan belə çəkinmirlər. Bu özünü eyni zamanda həm dünyada, həm də Azərbaycanda, insanların həyatında da göstərir. Hər hansı bir yaxşı, xeyirxah işlərin mənəvi baxımdan qiymətləndirilməsi halları zəifləməkdədir. İndi nədənsə zövq almaq, o cümlədən həyat nemətlərindən həddindən artıq həzz almaq bir çox adamların mütləq həyat tərzinə çevrilmişdir. Hətta elə adamlar var ki, gedonik hərəkətləri müsbət etika hərəkətləri kimi təqdim etməyə çalışırlar. Yəni, estetikanın etika prinsiplərini əvəz etməsi üçün sanki elmi prinsiplər axtarırlar. İnsanlara hansı yolla olursa-olsun daha çox pul əldə etmək aşılanır. İndi dünya miqyasında hətta milyarderlər yarışı gedir. Gizli iqtisadiyyat aministiya hüququ almaqdadır. Dələduzluqla, fırıldaqla, soyğunçuluqla milyonlar qazananlar cinayətkar kimi ittiham olunmaq əvəzinə, nüfuzlu insanlar kimi təqdim olunurlar. Demək olar ki, cəmiyyətə bunu qəbul da etdirirlər. Lakin müasir nəzəriyyələr belə problemlərdən yan keçir. Müəyyən korrupsioner adamların sifarişi ilə bu problemlərə toxunulmur.
-Bunun səbəbi nədir? Niyə dünya alimləri bu problemləri müzakirə mövzusuna çevirmir?
-Bunun əsas səbəbi dünya iqtisadiyyatının, düzgün olmayan fəlsəfə və məntiqi yerində olmayan iqtisadi nəzəriyyələr, daha doğrusu, səhv neoklassik nəzəriyyələr üzərində qurulmasıdır. Dünyadakı iqtisadi və maliyyə böhranının da əsas səbəbi budur. Ancaq qəribə də olsa, bu böhrandan çıxış yolları müəyyənləşərkən, yenə də neoklassik nəzəriyyənin prinsipləri əsas götürülür. Halbuki nəzərə almaq lazımdır ki, müasir iqtisad elmi əvvəlki dövrün klassik siyasi iqtisadının əsasında inkişaf etmişdir. Neoklassik nəzəriyyə heç də bizim yuxarıda göstərdiyimiz problemlərin siyasi-iqtisadi təhlilini verə bilməz. Və əslində bu problemlərin düzgün siyasi-iqtisadi təhlilini verməyin özü də bir çox ölkələri, eləcə də mövcud vəziyyətdən yararlanan insanları təmin etmir. Çünki onların tamamilə başqa siyasi-iqtisadi dünyagörüşü vardır. Buna görə də, maliyyə sistemində, maliyyə bazarında, kapital axınında xaotik durumun yaranması, vahid koordinasiyanın, əlaqəli fəaliyyətin olmaması, qəribə də olsa, müəyyən qurumların, şirkətlərin, bankların, eləcə də bəzi insanların mənafelərinə uyğun gəlir. Hətta iş o yerə çatmışdır ki, super-dövlətlər indi yeni dünya qaydaları formalaşdırmağa başlamışlar. Hansı ki, bu qaydalar sivil deyil, kobud, qeyri-sivil, hətta kriminal prinsiplərinə əsaslanır. Bəzi iri dövlətlər potensial rəqiblərini zəiflətmək istiqamətində çalışırlar, zorakılıqla başqa ölkələrin sərvətlərini ələ keçirirlər. Belə bir şəraitdə milli dövlətlər qeyri-müəyyən vəziyyətdə qalırlar. Bütün bunlar göstərir ki, bazar iqisadiyyatının formalaşmasının özülü, bünövrəsi qətiyyən düzgün qoyulmayıbdır. Ancaq bu, hətta elmi institutlara, tədqiqat mərkəzlərinə belə təsir imkanı olan müəyyən sərvət sahibi insanların maraqlarına xidmət etdiyindən, onlar bu problemlərin ümumiyyətlə müzakirəyə çıxarılmasına imkan vermirlər. Elmi də bir növ öz maraqlarına tabe ediblər.
-Professor, nə üçün Siz bazar iqtisadiyyatının formalaşmasının bünövrəsinin düzgün qoyulmadığı fikrindəsiniz?
-Birincisi, bazar iqtisadiyyatı vauçer kapitalına əsalanır.Vauçer özəlləşdirilməsində isə səhmlər imkansız, öz zəhməti ilə dolanan, harama əl uzatmayan adamlara qismət olmur. Azərbaycanda da belə oldu. Bir çox adamlar ucuz qiymətlərlə böyük aktivlər aldılar. Bundan əlavə, əllərində səlahiyyət olanlar və ya müəyyən vəzifələrdə yaxınları, tanışları olanlar dövlətdən, Maliyyə Nazirliyindən iri məbləğdə kreditlər götürdülər. Bu kreditlərin də böyük hissəsi sonradan geri qaytarılmadı, talandı. Açıq desək, bu dövr ölkə iqtisadiyyatının dağılması dövrü oldu. Nəticədə nə baş verdi? Nəticədə sahibkarlığın həm sosial, həm də iqtisadi bazası zəiflədi. Sonra isə ölkədə nomenklatura kapitalizmi formalaşmağa başladı. Müəyən müddətdən sonra isə bu oliqarxiya kapitalizminə transformasiya olundu. Lakin sual olunur: bu prosesin sadə adamlara hər hansı xeyri oldumu? Ölkədə baş verən bu proseslərin elmi şəkildə siyasi-iqtisadi təhlili aparıldımı? Əlbəttə, yox. Dəyişikliklərin əhalinin böyük hissəsinə nəinki xeyri oldu, əksinə, bundan sadə adamlar zərər çəkdi. Bütün bunlar onu göstərir ki, əslində bazar iqtisadiyyatı modeli şəraitində siyasi iqtisad konsepsiyası sosializmə nisbətən daha çox təhrif edilir. Eyni zamanda, siyasi iqtisad konsepsiyası ideologiyalaşmaya, müəyyən qrupun mənafelərinə xidmət etməyə başlayıb. İndi sual olunur: bizə hansı siyasi iqtisad lazımdır?
Bunun çox sadə cavabı var: iqtisadi inkişafın təmin edilməsinə xidmət edən, necə deyərlər, iqtisadi fikrin, düşüncənin halallığına əsaslanan siyasi iqtisad. Müasir dövrdə, necə deyərlər, fəlsəfi və sosial-iqtisadi fikrə əsaslanan, arifmetikaya, riyaziyyata söykənən siyasi iqtisadın zəruriliyini irəli sürənlər də vardır. Lakin bir çox hallarda simvollar üzərində qurulan iqtisadi-məntiqi hesablamalar iqtisad elmindən daha çox, riyazi məntiqə, həm də səhv məntiqə əsaslanır. Bu zaman bir çox hallarda iqtisadi proseslərin siyasi-iqtisadi əsaslandırılmasını, proqnozlaşdırılmasını obyektiv şəkildə həyata keçirmək mümkün olmur. Əlbəttə, mən heç də iqtisadi təhlillərdə riyaziyyatda istifadə olunmasının əleyhinə deyiləm. Lakin bu o demək deyil ki, iqtisadiyyat riyaziyyat elminin qanunları əsasında işləməlidir. Məlumdur ki, bir elmin köməyi ilə, məsələn, riyaziyyatın köməyi ilə digər elmlərin nəzəri cəhətdən öyrənilməsi metonəzəriyyə adlanır. Riyaziyyatda bu metoriyaziyyat adlanır. Bəzi iqtisadi təhlillər zamanı riyazi hesablamaların aparılması zəruridir. Lakin göstərdiyimiz kimi, real iqtisadi proseslərin, iqtisadi əlaqə və münasibətlərdəki mövcud boşluqların, nöqsanların öyrənilməsində, aşkara çıxarılmasında, əsasən, siyasi iqtisadın prinsiplərindən istifadə olunmalıdır. Bir sözlə, mən iqtisad elminin lüzumsuz olaraq riyaziyyatlaşmasının tərəfdarı deyiləm.
Ancaq təəssüf ki, müasir dövrdə iqtisadi fikir böhranı yaşanmaqdadır. Hazırda iqtisad elmi, “Ekonomiks” bazar eqoizminin girovuna çevrilməkdədir. Bu yanaşma aradan qalxmalıdır. Ən azı zəruri hallarda klassik siyasi iqtisad müasir neoklassik siyasi iqtisadla konvergensiya olmalıdır. Təzədə və köhnədə müsbət nə varsa onu götürməliyik. Yəni, inkarın inkarı prinsipinə əsaslanaraq, pisi saxlayıb, yaxşını inkar etmək lazım deyil. Lazım gəlsə, yeni siyasi iqtisad, kölgəli iqtisadiyyatın da siyasi iqtisadını yazmaq olar. Bu olar gerçəkliyin siyasi iqtisadı. Gerçəkliyi yazmaq həm də qlobal dünyadakı qeyri-bərabərliyin, qeyri-reallığın səbəblərini açıqlamaq, disbalanslı, disharmoniyalı inkişafın yaratdığı problemləri göstərmək olardı. Kapitalizmin aldadıcı, Leninin vaxtı ilə tənqid etdiyi “kapitalizmin iqtisadi romantizm” prinsiplərinin dərindən araşdırılması demək olardı.
Bu cür araşdırmalar həm də ona görə zəruridir ki, iqtisadi sistemdəki problemlər yalnız insanların həyat səviyyəsinə təsir etmir, həm də milli dəyərlərə, mentalitetin deformasiyaya uğramasına, mənəviyyatın aşınmasına gətirib çıxarır.
-İqtisadi sistemdəki problemlər milli dəyərlərə necə təsir göstərir?
-Bu da başqa bir problemdir. Belə ki, mədəniyyət və incəsənət mentalitetin, milli gerçəkliyin obrazı hesab edilir. Hər bir millətin özünün qeyrət, namus, mədəniyyət və musiqili incəsənət obrazı olmalıdır. Lakin müasir bazar münasibətləri şəraitində heç də bütün millətlər, ölkələr bu sahədə müsbət obrazlar yaratmağa nail ola bilmirlər. Doğrudan da, milli obraz formalaşdırmaq heç də asan məsələ deyildir. Çünki bunun üçün bir tərəfdən pozitiv mühit, digər tərəfdən isə bu mühitə uyğun obrazın güclü əlamətləri olmalıdır. Yəni, obraz mühitə uyğun gəlməlidir. Həm də insanların idrakı, tərbiyəsi yuxarıda göstərilən məsələlərlə ziddiyyət təşkil etməməlidir. Obrazlar mahiyyət etibarilə tarixi şəraitin və ölkədə həyata keçirilən sosial-mədəni siyasətin təsiri ilə formalaşır.
Açıq demək lazımdır ki, SSRİ vaxtı (burada Qorbaçov dövrünü kənara qoyuram) cəmiyyətin mənəvi inkişafı, mədəniyyətin özü və ölkənin, adamların obrazı bir-birinə daha çox uyğun gəlirdi. Bazar iqtisadiyyatı modeli şəraitində adamlar, eləcə də sosial qruplar arasında obrazın formalaşmasında xeyli çətin problemlər özünü göstərməkdədir. Görünür, bunu əvvəlcədən görən ulu öndər Heydər Əliyev, vaxtı ilə mənəvi inkişaf haqda geniş və əhatəli sərəncam vermişdir. Yadımdadır, bu sərəncamdan sonra barlarda, kafelərdə baş verən eybəcər hallar aradan qaldırılmışdır. Ölkədə kazinoların, qumar oynadan obyektlərin fəaliyyətinə son verilmişdir. Bu da millətin dəyərlərinin qorunması, cəmiyyətdə eybəcər halların yayılmasının qarşısının alınması baxımından çox əhəmiyyətli idi. Obraz, əlbəttə, mənfi və müsbət ola bilər. Obrazın mənəvi və emosional məzmunu, hətta xarakterlərik cəhətləri, milli identiklik tərəfləri də vardır. Eyni zamanda sosmədəni, müəyyən identifikasiya tərəfi, mən deyərdim ki, özünü dərketmə, peşəsinə vurğunluğu və insan kamilliyi əlamətləri də mövcuddur. Burada, belə demək mümkünsə, yalançı cəhətlər də ola bilər. Yəni, məsələn Vətəndən danışır, amma Vətənin problemiylə yaşamır. Azərbaycanda Qarabağdan danışıb Qarabağ problemi haqda düşünməyənlər olduğu kimi, yaxud özündə olmayanı (qanacağı, düzgünlüyü və sairi) başqasından tələb etmək kimi. Yəni, milli obrazın formalaşmasına bir sıra amillər təsir göstərir. Ancaq burada ən vacib amil cəmiyyətdə yüksək mənəvi dəyərlərin qorunmasıdır. Milli mədəniyyət millətin özünüdərk və dünya millətləri içində özünü təsdiq etməsi, bir millət kimi ləyaqətini qoruyaraq yaşaması üçün əsas amillərdən biridir. Buna isə, təbii ki, əhalinin həyat səviyyəsi və həyat tərzi də təsir göstərir. Çox təəssüf ki, bazar iqtisadiyyatı modeli bu sahədə də müəyyən problemlər yaradır. Bu gün cəmiyyətimizdə eybəcər halların artmasını görməmək mümkün deyil. Hər zaman öz qeyrəti, namusu ilə fərqlənən Azərbaycan qadınlarının müəyyən hissəsinin pis yola düşməsinin də əsas səbəblərindən biri iqtisadi problemlərlə bağlıdır. Mən vaxtilə – təxminən 25 il bundan qabaq “Azərbaycan qadını” adlı serimində yazmışdım ki, “Azərbaycan qadını, qoru müqəddəs adını”. Doğrusu, bunu mən ərəb kinosuna baxandan sonra yazmışdım. Hətta həmin filmə baxdıqdan sonra dostlarıma demişdim ki, görürsən, bizim qadınlar nə qədər qeyrətli, namuslu, abır-həyalı olurlar. Biz fəxr etməliyik ki, qadınlarımızın bu qədər üstün cəhətləri var. Əlbəttə, bu gün də yüksək mənəvi dəyərlərə malik analarımız, bacılarımız daha çoxdur. Ancaq təəssüf ki, yüngül əxlaqlı qadınlarımızın da sayı xeyli artıb. Bu gün turistlərin, necə deyərlər, müəyyən vaxtlarda Azərbaycanı “işğal etməsini” qəbul etmək mümkün deyil. Mən qəbul edə bilmirəm ki, mənim millətimin qadınları turistləri əyləndirsin, bəzi Azərbaycan qadınları əxlaqsızlığına görə Türkiyədən, Dubaydan deportasiya etsinlər. Axı onlar da bizim millətin qadınlarıdır. Onların aşağılanması bütövlükdə milətimizin imicinə zərbə vurur. Belə vəziyyətin yaranmasını da mən bazar modelinin ən böyük qəbahəti hesab edirəm. Ancaq burada təbii ki, televiziyalarda, mətbuatda aparılan qeyri-sağlam təbliğatın da rolu az deyil. Bir çox verilişlərdə sanki cəmiyyətə əxlaqsızlıq təbliğ olunur. Yuxarıda da qeyd etdim ki, insanın obrazı onun peşə vurğunluğu və onu səciyyələndirən iş qabiliyyəti əlamətlərilə də fərqlənir. Bizim televiziyalardakı aparıcıların hərəkətləri, verilişlərin səviyyəsi çox təəssüf ki, onlar barədə müsbət fikir formalaşdırmır. Məlumat üçün qeyd edim ki, mən Moskvada aspiranturada oxuduğum 1960-1963-cü illərdə həm də jurnalistlik kursuna getmişəm. 28 yaşında SSRİ Jurnalistlər İttifaqının üzvü olmuşam. Yəni, təvazökarlıqdan uzaq olsa da, mən jurnalistika sahəsinə bələdəm. Yaxşını və pisi ayıra bilirəm. Bizim televiziyalardakı bir çox jurnalistlərin, aparıcıların, eyni zamanda, o verilişdə iştirak edən müğənnilərin nəinki danışıqlarına, hətta səhnə davranışlarına baxanda adamın tükü biz-biz olur. İnsan onların yerinə xəcalət çəkir. Sual olunur, məgər bu eyib deyil, millətə xəyanət deyil, millətin mentalitetinə, təhlükəsizliyinə zərbə deyil?