“MAKRON MÜTTƏFİQLƏRİNİ QICIQLANDIRIR” – “O, Avropanın xarici siyasətinə rəhbərlik etmək istəyir, amma...”

29/03/2024 - 14:38 2 461 0   0  

Son illər Fransa beynəlxalq arenada heç zaman olmadığı kimi xeyil fəallıq nümayiş etdirir. Lakin Fransanın özünü Avropa lideri kimi aparmağa çalışması onun bir çox müttəfiqlərini qıcıqlandırır. Makronun Ukraynaya qoşun yeritməklə bağlı verdiyi bəyanat heç də birmənalı qarşılanmayıb. Belə ki, Ukraynaya edilən yardımların həcminə görə Fransa Almaniyadan xeyli geridə qalır və bu səbəbdən də Avropada deyirlər ki, Makron ciddi iş görməkdənsə danışmağı daha çox sevir... 

ABŞ-nin “Bloomberg” internet portalı “Makron Avropanın xarici siyasətinə rəhbərlik etmək istəyir, amma hamı buna razı deyil” başlıqlı məqaləsində sözügedən məsələyə toxunub. Həmin məqaləni təqdim edirik:

”Emmanuel Makron döyüşməyə hazır olduğunu göstərmək üçün boks torbasını necə döyəclədiyini əks etdirən fotoları dərc etdirməyə də bilərdi. Ukraynaya qoşun göndərməyin mümkünlüyünü söyləyəndən sonra Fransa Prezidentinin yeni döyüşkən mövqeyi hamıya bəlli oldu.

Böyük Britaniyanın Avropa Birliyindən çıxması və Almaniya hökumətində parçalanma yaranması xarici siyasət məsələsində Makronu Avropa qitəsinin nominal liderinə çevrib. Fransa Rusiyanın Ukraynadakı təcavüzünə və Qəzza sektorundakı humanitar fəlakətə qarşı mübarizədə öncül rolu öz üzərinə götürüb. Ancaq Avropadakı müttəfiqlərin heç də hamısı onu öz maraqlarının ən yaxşı müdafiəçisi hesab etmirlər.

Onun Ukraynada Avropa hərbi kontingentinin yerləşdirilməsilə bağlı mübahisə doğuran fikirləri Almaniya kansleri Olaf Şoltsun ciddi iradına səbəb oldu. Belə bir təşəbbüsdən qəzəblənən ABŞ hökumət rəsmiləri bildirdilər ki, bu, Moskva ilə toqquşmadan başqa heç nəyə gətirməyəcək.

Vldaimir Putin Makronun ehyamlarının məhz nəyə işarə edildiyini anlamağa çalışıb. NATO-da Ukrayna ilə bağlı gedən müzakirələrdən məlumatlı olan şəxslər hesab edirlər ki, bunlar əks effektlə nəticələnə bilər. Amerikanın yüksək vəzifəli rəsmilərindən birinin sözlərinə görə, Makron müttəfiqlərin “qırmızı xətt” barəsindəki qeyri-müəyyən düşüncələrini ortadan qaldırdı. Berlin Ukraynaya qoşun göndərməyi kökündən rədd edir. Adının anonim qalmasını istəyən yüksək vəzifəli bir məmur “Bloomberg”-ə söyləyib ki, əgər biz pərdə arxasında bəzi ölkə hərbçilərinin Ukraynada çalışdığını nəzərə alsaq, onda Makronun bu fikirləri əməliyyat təhlükəsizliyi baxımından elə də ağılabatan sayılmır.

Rusiya təhlükəsi

Avropanın hərbi birliyi məsələsi indi həmişəkindən daha vacibdir. Putin Krımın ilhaq edilməsinin ildönümündə təşkil olunan seçkilərdəki qələbəsindən fərəhlənir. Ancaq Ukraynaya silah tədarükü ilə bağlı şübhələr bir neçə aydır ki, aradan qalxmayıb. Nəhayət, Fransanın daxili siyasətini hesabdan silmək olmaz. Makron Ukrayna məsələsini iyun ayında keçiriləcək Avropa Parlamenti seçki kampaniyasında ən kəskin möqeyə qoymaqla, ifrat sağçı rəqibi Marin Le Peni Putinin müttəfiqi kimi təqdim etməyə çalışır. Fransanın Müdafiə naziri Sebastyan Lekornu mətbuat konfransında deyib: ”Rusiyanın bizim üçün təhlükə törətdiyi getdikcə daha da aydınlaşır. Biz hətta Rusiyanın qələbəsi barəsində düşünməyi belə yaxına buraxmamalıyıq”.

Brüsseldəki müzakirələrlə tanış olan rəsmi nümayəndələrdən birinin sözlərinə görə, heç şübhəsiz ki, Avropa İttifaqında Makronun liderliyinə güvənənlər var və onlar Fransa Prezidentinin Rusiyaya qarşı nümayiş etdirdiyi sərt mövqeyi alqışlayırlar. Eyni zamanda, Fransa Polşanı dəstəkləyib və Ukrayna taxılının vahid bazara sərbəst girişi barəsində Avropa İttifaqını bir daha düşünməyə çağırıb və onun bu sözləri fermerlərin etirazına səbəb olub.

Ancaq Avropanın çoxsaylı planlarından biri də Ukraynanın silah və mərmi qıtlığını cilovlamaqdır. Belə bir vəziyyətdə Makron bəzi müttəfiqləri qıcıqlandırır. Fransa Prezidentini xoşlamayanlar hesab edirlər ki, o, ciddi iş görmək yerinə hədsiz dərəcədə çox danışır.

Çexiya tərəfindən Avropa İttifaqının hüdudlarından kənarda Ukrayna üçün təxminən 800 minə yaxın mərmi alınması təşəbbüsü irəli sürülüb. Keçən ay Makron Çexiyanın təşəbbüsünü dəstəkləsə də, hələ ki, Fransa bununla əlaqədar heç bir maliyyə ödənişi həyata keçirməyib. Almaniya isə əksinə, 180 min mərmi almaq üçün 300 milyon avro (325 milyon dollar) xərcləyib.

”Kil Dünya İqtisadiyyatı İnstitutu”nun (The Kiel Institute for the World Economy) məlumatına görə, müharibə başlayandan indiyədək Ukraynaya edilən yardımın həcminə görə Fransa digər müttəfiqlərindən xeyli geridə qalır. Belə ki, Kiyevə 22 milyard avro yardım göstərən Almaniyadan fərqli olaraq, Fransa cəmi iki miyard avro həcmində yardım edəcəyini vəd edib.

Angela Merkel 2021-ci ildə Almaniya Kansleri postunu tərk edəndən sonra Makron yerdə qalan boşluğu doldurmağa çalışıb. Napoleondan sonra Fransanın ən gənc lideri olan Emanuel Makron xarici siyasət arenasında əzələ nümayiş etdirərək keçmiş tarixi mirası yada salır. Makron həmkarlarından fərqli olaraq daha cəsarətli davranaraq İsrail Baş naziri Benyamin Netanyahuya söyləyib ki, Rafah sakinlərinin şəhərdən məcburi çıxarılması hərbi cinayət kimi dəyərləndiriləcək. Lakin Fransanın Avropadan kənarda apardığı xarici siyasət avantürası uğursuzluğa düçar olub. Makronun Afrika strategiyası dağılır. Oradakı ölkələri Fransanın mövcudluğuna dözümlə yanaşmağa inandırmaq üçün Makronun heç bir tutarlı arqumenti yoxdur.

Niger Makronun Sahel bölgəsindəki strategiyasının özəyi sayılırdı, amma ötən il hərbçilər Niger prezident qvardiyasını girov götürüb vəziyyətə nəzarət etdiklərini bildirəndən sonra Fransa hökuməti öz vətəndaşlarını oradan təcili təxliyə etməyə məcbur olmuşdu.

Qeyd etmək lazımdır ki, artıq yeddi ildir hakimiyyət başında olan Fransa Prezidenti zəngin təcürbə də toplayıb. Beləliklə, o, Donald Trampla birbaşa işləyən “Böyük Yeddiliyin” iki liderindən biridir. Keçmiş prezident yenidən Ağ evə qayıda bilər. Avropalılar Amerikanın həm Transatlantik münasibətlərinə, həm də Ukraynaya sadiqliyinə şübhə ilə baxırlar. Çünki Ukraynaya 60 milyard dollar dəyərində göstəriləcək yardım Vaşinqtonda ilişib qalıb.

Parisdəki “Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun”(The International Insitute for Srategic Studies) əməkdaşı Rim Momtaz deyib: ”Makron Rusiyanın Ukraynaya müdaxiləsinin elə ilk başından Avropaya liderlik etmək fürsətini qaçırıb. Hazırda o, bu səhvini düzlətmək üçün addımlar atır”./azpolitika