Lənkəranskinin yaxın dostu da İstanbulda öldürüldü

01/12/2018 - 13:46 2 491 1   0  

Noyabrın 30-da Türkiyənin İstanbul şəhərində ölümlə nəticələnən atışma olub.

Suveren.az xəbər verir ki, bu barədə Musavat.com-a İstanbuldakı mənbələrdən məlumat verilib.
Bildirilib ki, hadisə mübahisə zəminində baş verib. Əhmədli Ruslan kimi tanınan qanuni oğru aldığı güllə yarasından həyatını itirib. Ona atəş açan şəxsin də Azərbaycan vətəndaşı - Nicat adlı idmançı olduğu bildirilir.
Məlumata görə, Nicat son vaxtlar öz çevrəsində deyirmiş ki, o, oğru dünyasının əsas adamlarından olacaq. Kriminal aləmdə tanınmadığı, xüsusi çəkisi olmadığı deyilən birinin bu iddiaya düşməsi oğru aləmində xoş qarşılanmayıb. Nicatla görüşüb, söhbət etmək, 14 il qapalı rejimli həbsxanada cəza çəkmiş, oğru dünyasının avtoritetlərindən Ruslana həvalə edilib. Mənbə deyir ki, o, ötən gün Nicatı ofisinə çağıraraq, onunla söhbət edib. Hər iki azərbaycanlının söhbəti mübahisəyə çevrilib. Bu zaman əsəblərinə hakim ola bilməyən Nicat, üstündəki odlu silahı çıxararaq Ruslana iki dəfə atəş açıb. Ruslan aldığı güllə yarasından yerindəcə keçinib. Hadisə "Vadi İstanbul” deyilən ərazidə baş verib.
Bildirilib ki, hər iki şəxs vaxtilə mərhum Rövşən Lənkəranskinin yanında olublar. Rövşənin ölümündən sonra o çevrədən ayrılıblar.
Nicat əslən cənub bölgəsindəndir. Ruslanın da Lənkərandan olduğu, amma Bakının Əhmədli qəsəbəsində doğulduğu deyilir.
2016-cı ilin yayında Rövşən Lənkəranski İstanbulda qanuni oğruların toplantısı keçirərkən Ruslan Əhmədliyə qanuni oğru titulu verib, ona tacqoyma mərasimi keçirib.
Qatilin hadisə yerindən qaçdığı, hələ də saxlanılmadığı da gələn xəbərlər sırasındadır. O da bildirilir ki, Nicat boksçudu. Onun bir neçə dəfə ölkə üzrə çempion olduğu deyilir.