ƏLİ KƏRİMLİNİN MƏHKƏMƏSİ BAŞLAYIR – Saxlanılanların tam siyahısı

19/11/2018 - 11:35 10 459 0   0  

Bu dəqiqələrdə Səbail Rayon Məhkəməsində AXCP sədri Əli Kərimli və onunla birlikdə saxlanılan partiya üzvlərinin məhkəməsi başlamaq üzrədir.

“AzPolitika.info”nun məlumatına görə, bu barədə AXCP üzvləri sosial şəbəkələrdə məlumat veriblər.

AXCP sədri və tərəfdarları noyabrın 17-də Dirçəliş Günü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət etmək istəyərkən polis tərəfindən saxlanılıblar.

Bakı şəhər Baş Polis İdarəsinin noyabrın 18-də yaydığı açıqlamada bildirilir ki, noyabrın 17-si saat 16 radələrində Azərbaycan Xalq Cəbhəsi Partiyasının təxmini sayı 150 nəfərə qədər olan üzvləri Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən əvvəlcədən xəbərdarlıq edilmələrinə baxmayaraq, Parlament prospektinə toplaşmaqla Şəhidlər Xiyabanı istiqamətində yürüş-mitinq keçirməyə cəhd göstəriblər:

“Ərazidə xidmətdə olan polis əməkdaşlarının operativ olaraq həyata keçirdikləri qabaqlayıcı tədbirlərlə ictimai asayişin pozulması ilə müşayət olunan icazəsiz yürüş-mitinqin qarşısı alınmış və aksiyanın 52 nəfər iştirakçısı Səbail Rayon Polis İdarəsinə gətirilmişdir. Onlardan 41 nəfəri xəbərdarlıq edilərək sərbəst buraxılmış, AXCP-nin sədri Əli Kərimli başda olmaqla, aksiyanın təşkilatçıları olan 11 nəfər saxlanılmışlar.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində İnzibati Xətalar Məcəlləsinin 513.1 və 513.2-ci maddələri ilə inzibati protokollar tərtib olunmuş və toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndəriləcək”.

AXCP-dən verilən məlumata görə, Əli Kərimlinin vəkillərlə görüşünə şərait yaradılmayıb.

Xatırladaq ki, Əli Kərimli ilə birlikdə Milli Şura sədri, professor Cəmil Həsənli də saxlanılmışdı. Lakin bir neçə saatdan sonra o sərbəst buraxılıb.

17 noyabrda saxlanılaraq barələrində inzibati protokol tərtib olunanların tam siyahısı isə belədir:

1. Əli Kərimli, AXCP sədri – İnzibati Xətalar Məcəlləsinin 513.1, 513.2 maddələri

2. Ramid Nağıyev, AXCP təşkilat şöbəsi – İXM 513.2 maddə

3. Ruslan Əmirov, Əli Kərimlinin könüllü mühafizəçisi – İXM 513.2 maddə

4. Tahir Həsənov, Suraxanı şöbəsi – İXM 513.2 maddə

5. Cavid İbrahimli, Xətai şöbəsi – İXM 513.2 maddə

6. Sərdar Qubadsoy, Xətai şöbəsi – İXM 513.2 maddə

7. Ağababa Cəfərli, Masallı şöbəsi – İXM 513.2 maddə

8. Əlixan Rəcəbov, Masallı şöbəsi, 2-ci qrup əlil – İXM 513.2 maddə

9. Ramiz Cəfərov, Xətai şöbəsi – İXM 513.2 maddə

10. Fatimə Mövlamova, blogger – İXM 513.2 maddə

11. Nurlan Libre, Kanal13 internet televeziyasının əməkdaşı – İXM 513.2 maddə

12. Ruslan Qurbanlı, Nərimanov şöbəsi, - İXM 513.2 maddə ilə 1000 manat cərimə edilərək sərbəst buraxılıb.