Latviyada DTK arxivləri açıldı: baş pravoslav ruhani agent çıxdı

21/12/2018 - 18:11 2 359 0   0  

Latviya Respublikası keçmiş DTK-nın arxivlərini ictimaiyyət üçün dərc edib.

Musavat.com xarici mətbuata istinadın xəbər verir ki, arxivdə bir çox maraqlı faktların üstü açılıb.

Belə ki, sənədlərin içində 1939-cu il təvəllüdlü Aleksandr Kudryaşov adlı bir şəxsin adına şəxsi iş aşkar edilib. Həmin Aleksandr Kudryaşov isə Riqa və Bütün Latviyanın mitropoliti Aleksandrdan başqası deyil.

Xəbərdə A.Kudryaşovun DTK sıralarına 1982-ci ilin yanvarında cəlb olunduğu və onun “Çitatel” (Oxucu) kod adı altında fəlaiyyət göstərdiyi bildirilir.

Verilən informasiyalarda gələcək ruhani rəhbərin gəncliyində Riqanın  “Tallinn” restoranında barmen kimi çalışdığı, elə həmin vaxtdan DTK sıralarına yeni agentlərin cəlb olunması ilə məşğul olan Aleksandr İşşenkonun gözünə girdiyi qeyd edilir. İşşenkonun köməyi ilə A.Kudryaşov Latviya dini iyerarxiyasında pillələri bir-bir aşaraq irəliləyib. Nəticədə isə Riqa mitropoliti Leonidin yerinə keçərək ölkənin baş pravoslav ruhanisi olub.

Öz növbəsində isə mitropolit Aleksandr keçmiş kuratoruna dini quruma geri qaytarılan mülklərin idarəçiliyini tapşırıb. Bunun üçün İşşenko "FONDS PC" и "FONDS-LC" adlı kommeriya şirkətləri yaradıb. 1996-cı ildə isə Sinod (pravoslav məclisi) adından mitropolit Aleksandr A.Işşenkoya Riqada Latviya Pravoslav kilsəsinə məxsus, Pils küçəsindəki yaşayış evlərini təsərrüfat tikililəri ilə birlikdə idarə etməyi və buradan gəlir götürməyi həvalə edib. Xatırladaq ki, Latviya pravoslav kilsəsi Moskva patriarxlığına tabedir.

Qeyd olunduğu üzrə açılan arxivlər pdf formatında dərc olunur. Bu vaxta kimi 1980-ci illərin sonuna qədər DTK agentlərinin şəxsi işlərinin daxil olduğu 10612 adda sənəd gün işığına çıxarılıb.

Arxivdə DTK agenturasının 4141 şəxsi iş kartını özündə birləşdirən statistik uçotu da var. Burada adlar əlifba sırası ilə sıralanıb.

Bundan əlavə DTK-nın “ştatdankənar operativ işçilər”inin kartotekası da dərc edilib. Bu şəxslər vaxtilə nəqliyyat sahəsində, sənaye obyektlərində, habelə SSRİ Müdafiə nazirliyinə məxsus sahələrdə əks-kəşfiyyat işləri ilə bağlı orqan əməkdaşlarına məlumat ötürürlərmiş. 75 kartdan ibarət sənədlərdən rəsmi operativ işçilərin onların əsl adlarını bilmədiyi məlum olub.

Latviya 2019-cu ilin mayına qədər digər sənədlərin də dərcini həyata keçirəcək.