Kolleci bitirənlər ali məktəbə imtahansız qəbul olunacaq - Yeni layihə hökümətə təqdim olunub .

05/03/2019 - 19:59 11 401 0   0  

Azərbaycanda orta ixtisas təhsilini bitirən subbakalavrların ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbulu ilə bağlı Təhsil Nazirliyində hazırlanmış qaydalar Nazirlər Kabinetinə təqdim edilib. Məlumata görə,   hazırda sənəd layihəsi razılaşdırma mərhələsindədir. Qaydaların yeni tədris ili üçün aparılan qəbul kampaniyası dövrünədək təsdiq və builki tələbə qəbulu zamanı tətbiq ediləcəyi gözlənilir.

Bu qaydalara əsasən subbakalavrlar ali təhsil müəssisələrinin yalnız müvafiq ixtisaslarına, yəni subbakalavrın təhsil aldığı ixtisasa uyğun olan ixtisasa qəbul olmaq istədiyi halda müsabiqədə iştirak edə biləcək. Belə subbakalavrlar ali məktəblərə qəbul üçün keçirilən imtahanlarda iştirak etməyərək müsabiqənin birbaşa ixtisaslaşma mərhələsinə buraxılacaqlar. Subbakalavrların qəbul olunacaqları ixtisasların siyahısı isə Təhsil Nazirliyi tərəfindən müəyyən ediləcək.

Yeni qaydalar layihəsində bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin öz arzusu ilə orta ixtisas təhsili pilləsinə köçürülməsi məsələsi də öz əksini tapıb. Layihədə bu prosedurun sadələşdirilməsi, belə tələbələrin ali məktəbdə topladığı kreditlərin kollecə qəbul zamanı nəzərə alınması nəzərdə tutulur.