“Yaralı bir rus mayorundakı xəritədə 10 gün sonra Qubadlıya ediləcək hücum planı çəkilmişdi...”
“Həmin ərəfədə ermənilər dəfələrlə hücuma keçsələr də, alayımızın güclü müqaviməti sayəsində ağır itkilər verərək geri oturdulurdu...”
Moderator.az tanınmış Qarabağ qazisi, Laçın alayının keçmiş qərargah rəisi, istefada olan mayor Rafiq Naģiyevin müharibə gündəliyindən ən maraqlı parçaları təqdim etməkdə davam edir. Bu dəfə 26 il öncə bu günlərdə, yəni Kəlbəcərin işğalı günlərində, o vaxtkı Müdafiə naziri Dadaş Rzayevin şifahi telefon əmri ilə Laçın rayonunun 5-6 km-dək əlimizdə olan 50-dən çox kəndini tərk etməyə məcbur edilən Laçın alayı döyüşçülərinin Kəlbəcər ərazisindən keçməklə mühasirədən çıxarkən başlarına gələnlərdən bəhs edilir.
Moderator.az əməkdaşı sabiq qərargah rəisi ilə telefon əlaqəsi saxlayaraq gündəlikdəki bəzi məqamlarla bağlı suallara cavablar da alıb.
“Piçənis kəndində Laçın alayının döyüşçüləri 100-ə yaxın erməni hərbçisini məhv etmişdi...”
“...1993-cü il martın 30-da oradakı şimal qruplaşmasının hospitalındakı yaralılarımıza baş çəkmək məqsədi ilə Laçının Taxta Zavodu kəndinə getdim... Kənddəki mənzərəni görəndə məəttəl qaldım- hospital köçürdü... Onu bir daha xatırladım ki, həmin ərəfədə ermənilər müxtəlif istiqamətlərdən dəfələrlə hücuma keçsələr də, alayımızın güclü müqaviməti sayəsində ağır itkilər verərək geri oturdulmuşdu... Əhliman həkimlə (Allah rəhmət eləsin) görüşdüm. Dedi ki, əmr var, buraları, Kəlbəcəri tərk etməliyik. Mənimlə bərabər gəlmiş komandir muavini Xıdırov Sabir Qurdhacı kəndinə- briqadanın qərargahına getdi ki, vəziyyəti ətraflı öyrənsin. Mənsə Təzəkəndə- alayın qərargahına qayıtdım. Komandir Tahir Süleymanova məruzə etdim. Xıdırov gəldi və briqadanın komandir muavini Qorxmaz Qarayevin imzası və hərbi hissənin möhürü olan əmri gətirdi. Əmrdə göstərilirdi ki, Müdafiə naziri Dadaş Rzayevin telefonla verdiyi şifahi əmrə əsasən Laçının şimalında olan qüvvələr təcili olaraq döyüş bölgəsini Kəlbəcər istiqamətindən tərk etməlidir. O vaxtlar Laçın alayının döyüşçüləri sol cinahdan Qırxqız dağında, Qoruq dağında, Fingə, Qozlu, Ayıbazarı, Bülüldüz, Tiğik kəndlərində müdafiə mövqeyində idilər. Kəndlərdə olan mövqelərimizdə xətli telefon və daşınan radio- qəbuledicilər vardı. Tahirlə qərara gəldik ki, qüvvələrimiz nizamlı şəkildə, göstəriş verdiyimiz ardıcıllıqla müdafiə mövqelərini tərk edərək Ərikli kəndində toplansınlar. Belə ki, Şəlvə, İmanlar, Dambulaq, Ərikli, Şamkənd, Lolabağırlı, Oğuldərə, Piçənis kəndlərində mülki əhali yaşayırdı. Cəmi 3000 nəfərə yaxın mülki əhali olardı... Təcili həmin kəndlərə maşın və atlı çaparlar yolladıq. Əhalinin mühasirədən çıxarkən təhlükəsizliyini təmin etmək üçün Qalib Abdullayevin komandanlığı altında bir bölük Piçənis kəndində qaldı...
Artıq Hoçaz ərazisində olan qüvvələr Kürdhacı kəndindən Kəlbəcər istiqamətində hərəkət edirdilər. Axşama yaxın Qalib çətinliklə (radiostansiyaların batareyaları zəifləmişdi ) məlumat verdi: “Kəndin aşağısından 1 “UAZ”, 1 “BTR”, 1 “QAZ-66”, 4 ədəd “Zil-131” bizə tərəf gəlir. Onlar sakitcə atəş mövqeləri tutub gözləyirlər. Ola bilər ki, Hoçazdan arxada olan erməni qüvvələridir. Onlar kəndin girəcəyində (geniş düzənlik sahə idi) istirahət üçün dayanıblar...”
Yəqin, ermənilər tam əmin imişlər ki, bizimkilər oranı çoxdan tərk ediblər. Qalib də əmin olub ki, bunlar ermənidilər. Danışıqları təmiz eşidilirmiş. Bizim Piçənisdə briqadanın qoyub tərk etdikləri bir tankımız, yedəkdə daşınan zenit qurğumuz, 80 nəfərlik canlı qüvvəmiz vardı. Q.Abdullayevin göstərişi ilə eyni zamanda atəş başlayır. Təxminən 110 nəfərə yaxın ermənidən 5-10 nəfəri “BTR” və bir yük maşınında qaça bilirlər, qalanları orada məhv edilir. Ələ keçən yaralı bir rus mayoru açdığı xəritəni bıçaqla cırmaq istəyərkən bizimkilər xəritəni ondan alırlar. Xəritədə 10 gün sonra Qubadlıya ediləcək hücum planı çəkilmişdi...
Bundan sonra bizimkilər trofeyləri də götürüb Kürdhacı kəndi istiqamətində geri çəkilirlər. Kürdhacı qəbiristanlığında ermənilərin pusqusuna düşürlər. Güclü döyüş gedir. Onlar qumbaraatanla bizim “Qaz-66”-nı və tankı vururlar. Əsgərlərimizin bir qismi kəndin aşağı, bir qismi yuxarı hissəsi istiqamətinə çəkilirlər. Yaralanan və şəhid düşən olur...
Kürdhacı ilə Ərikli arasında ermənilər briqadanın sursat yuklu maşınını vurmuşdular, maşın yanır və güclü partlayışlar yaranırdı. Qərargah ve arxa cəbhə, silah-sursat olan maşınlarımız artıq Ərikli kəndindən Kəlbəcər istiqamətində hərəkətə başladılar. Belə ki, Kəlbəcərdən məlumat gəldi ki, bir saata tunelə çatmasanız, ermənilər artıq tuneli tutacaq və mühasirədə qalacaqsınız. Bir saat ərzində tunelə çatmaq bizim üçün qeyri-mumkun idi. Həm mülki əhali vardı, həm də geridə qalan əsgərlərimiz...
Əriklidə aşağı və yuxarıdan gələn 30-a yaxın əsgərimiz bizə çatdılar. Kəlbəcərlə Laçının sərhədində yerləşən Ağduzlaq dağında polislərin yoxlama nəzarət postu olan vaqonda kitab vardı. Kitabda geridən gələn olsa, hansı istiqamətdə gəlmələri barədə məlumat yazdım (sonralar mühasirədə qalan döyüşçülərimiz Qalib Abdullayev də daxil olmaqla Kəlbəcər alınandan sonra 10-15 gün ərzində Daşkəsən istiqamətindən, tağım komandiri Etibarın Fərraş kəndində olan mövqeyimizə məlumat çatdırmadığına görə bir qrup əsgərimiz 16 gün sonra minbir müsibətlə yenə Daşkəsən istiqamətindən, 19 nəfər isə 53 gün mühasirədən sonra Qubadlı istiqamətindən mühasirədən çıxmışdılar)...
Bu minvalla Kəlbəcər istiqamətində hərəkətə keçdik. Yolboyu briqadanın xarab olmus “ke-şe-em” deyilən komandir-qərargah maşını və yük maşınına rast gəldik. Almalıq kəndinə yaxınlaşanda briqadanın geridə qalan qüvvələri ilə rastlaşdıq. Qorxmaz Qarayevdən soruşanda artıq tunelin ermənilər tərəfindən tutulduğunu bildirdi. Mənə təhkim olunmuş maşınla Almalıq kəndi istiqamətində hərəkət etdim. Sakitlik idi, kənd görünəndə maşını saxladıq. Binoklla kəndə baxdım. Məsafə 500-600 metr olardı. Kənddə yolun kənarında qaratikan çəpərinin üstündə şəhid olmuş əsgərin cəsədi vardı, qolunda da Azərbaycan bayrağı olan emblemi görünürdü... Əlavə iki cəsəd də gördüm. Bu zaman sürücü sakitcə bildirdi ki, komandir, diqqətli ol, sağdan iki yüz metr çayın o tayında bizi tuşlamış silahlılar görünür. O, bunu deyib cəld maşını geri döndərdi. Atışma başladı...
“Kəlbəcərdən məlumat gəldi ki, bir saata çatmasanız, ermənilər tuneli tutacaq və...”
Bölmənin xəbərləri