Keçmiş siyasi məhbus parlament seçkilərində iştirakdan kənarlaşdırıldı

03/01/2020 - 22:06 7 830 0   0  

Dairə seçki komissiyası dekabrın 29-da Respublikaçı Alternativ Partiyasının üzvü Zaur Qurbanlının 9 fevral 2020-ci il parlament seçkiləri üçün namizədliyinin təsdiq edilməsi haqqında 18 dekabr tarixli qərarını ləğv etdikdən sonra Qurbanlı məhkəməyə müraciət edib.

Komissiya öz qərarını Qurbanlının məhkumiyyətinin olması ilə əsaslandırıb. Bakı Apellyasiya Məhkəməsi yanvarın 2-də şikayətə baxıb.

Qurbanlı 2013-cü ildə bir qrup NİDA fəalı ilə birlikdə həbs edilib və kütləvi iğtişaşların təşkili və digər cinayətlərdə ittiham olunaraq, 8 il müddətinə azadlıqdan məhrum edilib. 2014-cü ildə o, əvf olunub. Qanunvericiliyə əsasən, Qurbanlı 6 il ərzində seçkili orqanlara namizədliyini irəli sürmək hüququna malik deyil.

Amma Avropa İnsan Hüquqları Məhkəməsi onun 5-ci (azadlıq hüququ) və 18-ci (hüquqların məhdudlaşdırılmasından istifadə hədləri) maddələrində nəzərdə tutulmuş hüquqlarının pozulduğunu etiraf edib. Sonuncu maddə təqibin siyasi motivli olmasının etirafı deməkdir.

Azərbaycanın AİHM-də səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov 2019-cu ilin sentyabrında AŞ Nazirlər Komitəsinə məktub göndərərək, Ali Məhkəmənin Plenumunun AİHM tərəfindən 18-ci maddə üzrə hüquqlarının pozulduğu etiraf olunmuş 8 nəfər (İlqar Məmmədov, Rəsul Cəfərov, Anar Məmmədli, İntiqam Əliyev, Zaur Qurbanlı, Üzeyir Məmmədli, Rəşadət Axundov və Rəşad Həsənov) barəsində işlərə yenidən baxacağını qeyd edib.

"Məktub sentyabrın 12-də göndərilib və Plenum 3 ay ərzində, yəni dekabrın 12-nə qədər keçirilməli idi. Amma Plenumun iclası qanunsuz olaraq gecikdirilir və bizi seçkilərdən kənarda qoyurlar", deyə Qurbanlı məhkəmə iclasında bildirib.

Öz növbəsində, MSK nümayəndəsi Ramiz İbrahimov bildirib ki, Ali Məhkəmənin plenumu Qurbanlının məhkumiyyətini qaldırsa, MSK məsələyə yenidən baxa bilər.

"Dövlət orqanları arasında addımların yanlış əlaqələndirilməsi mənim günahım deyil, dövlətin günahıdır", deyə Qurbanlı bildirib. Nəticə etibarilə onun şikayəti təmin edilməyib.

Qurbanlı Ali Məhkəməyə kassasiya şikayəti vermək niyyətindədir. O xatırladıb ki, sonuncu dəfə Avropa Şurası dekabrın 5-də Azərbaycan hakimiyyətini ayın 31-nə qədər 18-ci maddə üzrə hüquqlarının pozulduğu etiraf olunmuş 8 nəfərə bəraət verməyə çağırmışdı./Turan