Kabab tüstüsündə boğulan şəhər... – ALLAHVERDİ EMİNOV YAZIR

10/05/2022 - 11:39 3 460 0   0  

Başlıq dedektiv mövzu vəd etmir, çünki Binəqədi rayonu ərazisində, daha doğ­rusu, “Zeytun bağı” kimi tanınan geniş dairədə akademik Zəirfə Əliyevanın adı­nı daşıyan parkda baş verməkdədir. Zamanı dəyişik salmayaq: indiki zamandır, bu günə aiddir. Məkan Mir Cəlal küçəsilə Cavadxan küçəsi arasında 9-cu mikro­ra­yon­da yerləşir. Rayon İcra Hakimiyyətinin yerləşdiyi inzibati binadan elə də uzaq de­yil. Ola bilməz şadlıq evlərindən, kafelərdən, kababxanalardan havaya, dördbir ya­na bülənd olan qıcıqlandırıcı tüstüyə bələnmiş qoxu-iy rayon rəsmilərinə çat­ma­sın. Xüsusilə, saat 5-dən sonra, insanların işdən evlərinə qayıdan vaxtı!

Mən 30 il­dən çoxdur bu ərazidə yaşayıram, zeytun ağacların yamyaşıl, cavan vaxtlarından. Vur-tut 5 yaşayış binası tikilmişdi. Ətrafı sıx zeytunluqdu. Mir Cəlal küçəsi boyu ağac­lardı, vaxtilə kişilər əkmişdilər, sonralar pulbazlar, bir ovuc biznesmenlər ra­yon icra hakimiyyətinin bir-birini əvəz edən başçılarının səyilə, tamahı ilə torpaq sa­tıl­dı, iaşə nöqtələrinə çevrildi. Amma “orijinal” üsula əl atdılar: yolqırağı ağac­la­rın dibinə neft tökdülər gizlicə və yaşıl meyvəli zeytun ağaclarını tədricən qurut­du­lar (Mən bunun şahidiyəm). Və şadlıq evlərinə, kafelərə qəribə-qəribə adlar qoy­du­lar. Onların içərisində yalnız dahi bəstəkarımız Üzeyir bəy istisna oldu! Sonra gə­lən kişilər(!) bundan doymadılar, tamahları qılınca çevrildi. Zeytun bağının içərilə­ri­nə soxuldu, zəbt edildi, dədə – babadan qalmış torpaq kimi geninə – boluna ka­bab­xanalar, restoranlar şəbəkəsi yaratdılar, cah – cəlal qurdular, təki müştəriləri bol ol­sun! Ciblərinə pul axsın!

Doqquzuncu mikrorayonun “aşağı” və “yuxarı” hissəsində doqquz mərtəbəli ya­şayış binalarında nə qədər əhali yaşadığını deməkdə acizəm (Bu sayı Binəqədi Ra­yon İcra Hakimiyyəti bilər), onu deyərdim ki, “Zeytun bağı”nda yerləşən aka­de­mik Zərifə Əliyeva adına parkından aşağıda yaşayan minlərlə insan da kabab tüs­tü­sü­nə “qonaq” olur, qapı-pəncərələri bağlamaq məcburiyyətində qalırlar. Yaxşı, on­ların günahı nədir? Mən bu ərazidə yaşayan sakin – vətəndaş kimi susmamışam, sə­si­mi çıxarmışam. Xüsusilə, Binəqədi rayonunun sabiq icra başçısı vəzifə başında ikən bir neçə dəfə kəskin şəkildə tənqidi məqalə ilə mətbuatda çıxış etmişəm, eko­lo­ji pozuntunu göstərmişəm, müvafiq nazirliyinin adını hallandırmışam, lakin nə ic­ra başçısı, nə də nazir reaksiya vermişdir.

Sabiq icra başçısı Xalid İsgəndərova gəl­dikdə: onun gözü qabağında zeytun ağacları kəsilmiş, kötüyündən çıxarılmış, çox­mərtəbəli binalar inşa edilmişdir. Tənqidi yazılara əhəmiyyət belə verməmişdi. Axı, Xalid müəllimi təbiətin təmizliyi, kabab qoxusunda boğulan insanların sağ­lam­lığı maraqlandırmamışdır. Bu gün o, bulvara təmiz hava almaq üçün gəlirmi (bir neçə dəfə gəzdiyini, kefi kök olduğunu müşahidə etmişəm)?

Yeni icra başçısı artıq neçə ildir rayon rəsmisidir və ərazilə tanışdır, Zeytun ba­ğını, arada yerləşən akademik Zərifə Əliyeva adına parkı: Zərifə xanımın heykə­li­ni də görmüşdür, hansı vəziyyətdə: gümankı kabab tüstüsünə bürünəndə? İnan­mı­ram başçının belə “qalmaqallı”, sakinlərin səhhətinə ciddi ziyan vuran, acı tüstüdə bo­ğu­lan vaxtı nə işi var axı! Mir Cəlal küçəsindən üzü İcra Hakimiyyətinin inzibati bi­na­sına doğru uzanan bağı indiki vəziyyətdə görər və əhvalı pozular. Görəsən, po­zularmı?..

Ən optimalı rahat kabinetdə oturub rəhbərlik etməkdir. İcra başçısı təyin olun­duğu gündən sakinlər onun üzünü görməmişlər ki, vətəndaşların dərd – sərilə ma­raq­lansın. Ölkə Başçısı vəzifəyə onun üçün təyin etmir ki, kabinetdə oturub ət­raf­dakı hadisələrdən xəbərsiz olsun. Akademik Zərifə Əliyevanın – görkəmli ali­min adını daşıyan, sakinlərin yeganə istirahət yeri olan parkı kabab tüstüsünə, qa­nun­dan kənar iaşə şəbəkəsinə çevirsinlər. Bu səlahiyyəti onlara kim vermişdir? Min­lərlə sakinlərin, onların uşaqlarının, xəstələrin, qocaların sağlamlığının qəsdinə da­yansınlar? Buna heç bir vəzifəli şəxsin səlahiyyəti çatmır sussun, laqeydliklə göz yum­sun, eləcə də Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı. Başçıya Məhəm­məd Peyğəmbərin bir kəlamını xatırladardım: “Böyüklük pislikdən çəkinməkdədir, uca­lıq könül xoşluğundadır, zənginlik düzlükdədir”.

Allahverdi EMİNOV