Jurnalistin xanımı həbsxanada həyat yoldaşına təzyiqlərin olduğunu bildirir

01/05/2021 - 11:15 4 836 0   0  

1 saylı cəzaçəkmə müəssisəsində xeberman.com saytının redaktoru Polad Aslanova yenə təzyiq göstərilir.

Turan.az xəbər verir ki, bu barədə onun xanımı Gülmirə Aslanova Facebook səhifəsində yazıb.

“Digər məhbuslar problemsiz olaraq yaxınları ilə telefon əlaqəsi yaradarkən Polad hər dəfə çətinliklərlə üzləşir ", - Gülmirə Aslanova qeyd edib.

Onun sözlərinə görə, aprelin 30-da Polad Aslanova bildiriblər ki, rəis Emin Həsənov ona hamamdan istifadə etməyi qadağan edib.

“Bu qadağa Beynəlxalq Qırmızı Xaç Komitəsi əməkdaşlarının Poladı ziyarətindən sonra qoyulub. Bununla da rəhbərlik mesaj göndərir ki, “əgər həbsxanadakı problemləri üzə çıxararsanız, sizin üçün yaxşı olmayacaq", - Gülmirə Aslanova yazır.

Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.  

Xatırladaq ki, 2020-ci il noyabrın 16-da xeberman.com  saytının təsisçisi Polad Aslanov məhkəmə tərəfindən İranın xeyrinə casusluqda təqsirli bilinərək 16 il azadlıqdan məhrum edilib. Dövlət ittihamçısı onun 17 il müddətinə həbs olunmasını istəyib.

Polad Aslanov 2019-cu il iyunun 12-də həbs edilib və Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham edilib. İstintaq bildirir ki, o, digər jurnalistləri cəlb edərək İranın xüsusi xidmət orqanları ilə əməkdaşlığa təhrik edib. Polad Aslanov bütün ittihamları rədd edərək bildirib ki, onu korrupsiya faktlarını ifşa etdiyi üçün təqib edirlər. Beynəlxalq təşkilatlar onun həbsini pisləyiblər və Polad Aslanovu azad etməyə çağırıblar.