İrəvana verilən vaxt BAŞA ÇATDI: Bakı Qarabağda HƏRƏKƏTƏ KEÇİR

17/01/2019 - 17:04 2 437 0   0  

Rusiya xarici işlər naziri Sergey Lavrov dünən Moskvada keçirdiyi mətbuat konfransında bəyan etdi ki, 2019-cu ildə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesində irəliləyiş gözləyirlər. Lavrov irəliləyişin konkret necə olacağını açıqlamasa da bildirdi ki, Azərbaycanın münaqişənin həll yollarını tapmaq hazırlığını dəstəkləmək lazımdır. O, İrəvan tərəfinin də həll prosesinə razılaşacağına ümid etdiyini qeyd etdi. Sual yaranır: Lavrovun gözləntiləri nə ilə bağlıdır?

Burada bir neçə versiya var:
Birincisi, Lavrov onun adını daşıyan məşhur planı nəzərdə tuta bilər. Hansı ki, "Lavrov planı” adlanan bu variant 2011-ci ildə gündəmə gələn "Kazan düsturu”nun davamı sayılır və ilkin mərhələdə Qarabağ ətrafındakı 5 rayonun qaytarılmasını, ardınca 2 rayonun azad edilməsini və tərəflərin status üzərində müzakirələr aparmasını nəzərdə tutur.
İkincisi, münaqişənin hərbi yolla həllidir. Ermənistanın yeni hakimiyyətinə daxili problemləri həll etmək üçün zaman verilmişdi və bu vaxt başa çatmış hesab olunur. İrəvan danışıqlar masasında konstruktiv davranmasa, o zaman Azərbaycan beynəlxalq hüququn təsbit etdiyi kimi ərazi bütövlüyünü təmin etmək üçün anti-terror əməliyyatlarına başlaya bilər. Lavrovun "Bakının hazırlığına dəstək vermək lazımdır” açıqlamasının arxasında da məhz Azərbaycanın müharibə hüququnun dəstəkənməsi mesajı da yata bilər. Xüsusilə Rusiya-Ermənistan münasibətlərinin gərginləşməsi fonunda Moskvanın İrəvanı dəstəkləyəcəyi ehtimalları azalır.
Ermənistan mediası da Lavrovun bu açıqlamasında İrəvan üçün təhlükəli mesajlar olduğunu yazıb.
Erməni şərhçi Aram Amatuni isə "Lavrov müharibəyə icazə verir” deyə iddia edib.
Burada Kremlin ideoloqu kimi tanınan rusiyalı politoloq Aleksandr Duqinin "moskva-baku” portalına son müsahibəsində Rusiya-Ermənistan münasibətləri haqqında səsləndirdiyi fikirlər yada düşür.
Duqin bildirib ki, Moskva İrəvana qaz təzyiqindən başqa, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında da təzyiq edə bilər.
"Putin Ermənistana deyə bilər: "Baxın, biz həmişə Azərbaycanın ərazi bütövlüyünü tanıyırdıq, Qarabağı Azərbaycanın ərazi hesab edirdik. Biz münaqişənin hərbi yolla həllinə qarşıyıq, lakin gəlin bütün işğal edilmiş ərazilərdə Azərbaycanın konstitusion nəzarətini bərpa edək. Əgər siz regionda ümumi sülhün qorunmasına hesablanmış ssenariyə - 5 rayonun Azərbaycana qaytarılmasına razı deyilsinizsə, onda gəlin başqa cür edək...”. Rusiya bu tezisi səsləndirə bilər, sonra vəziyyət qorxulu olacaq. Rusiyada heç bir erməni diasporu Paşinyana kömək etməyəcək. Putin Ermənistanı sevir, lakin bu şərtlərdə İrəvanı titrətməyə qərar verəcəksə, onda Qarabağ geniş muxtariyyətin təminatı şərti ilə Bakının hakimiyyəti altına qayıdacaq. Heç kəs Azərbaycana öz ərazi bütövlüyünü bərpa etməyə mane olmayacaq. Azərbaycan əvvəlki ölkə deyil, bu güclənmiş, fəal inkişaf edən dövlətdir”, - deyə Duqin qeyd edib. Publika