İRANLA ERMƏNİSTAN BİRGƏ SİLAH İSTEHSAL ETDİ – Hədəf Azərbaycan aviasiyasıdır

02/07/2019 - 23:18 25 609 1   0  

İyunun 25-30-da Moskvaətrafı Kubinka qəsəbəsində keçirilən “Ordu” beynəlxalq hərbi-texniki forumunda Ermənistan İranla birgə istehsal edilən Naim-802 radiolokasiya stansiyasını (RLS) nümayiş etdirib.

RLS-dən uçan hədəflərin məsafədən aşkarlanması, hədəfi məhv etmək üçün koordinatların verilməsi üçün istifadə olunur. Naim-802 Yerevan Rabitə Vasitələri Elmi-Tədqiqat İnstitutunda (ERNISS) hazırlanıb.

Mobil RLS-lər yaxınlıqdakı ekipaj olmadan sutkada 24 saat fəaliyyət göstərə bilər. “Bu, Ermənistan və Dağlıq Qarabağın üzərində hərtərəfli radiolokasiya sahəsinin yaradılmasına imkan verir. Ayrıca qeyd etmək lazımdır ki, RLS elektronika anten postundan uzaqdadır və radiolokasiya əleyhinə raketlərin tətbiqi halında hərbçilərin məğlubiyyət riskini praktik olaraq istisna edir. Bununla yanaşı zərbəyə kompleksin ən ucuz hissəsi məruz qalır ki, onu tez bir zamanda əvəz etmək mümkündür” – Moskvanın “Regnum” resursu 2019-cu il iyulun 1-də bildirib.

“Ordu” forumunda Ermənistan nümayəndə heyəti həmçinin hava kəşfiyyatını həyata keçirməyə və “uçan mərmi” funksiyasını yerinə yetirməyə qadir pilotsuz hərbu uçuş qurğuları, zirehli jiletlər, düşmənin gecə aşkarlanması üçün teplovizorlar və digər hərbi məhsulları nümayiş etdirib.

“Regnum” bildirir ki, Ermənistanın bütün HHM sistemi avtomatlaşdırılmış idarəetmə sistemi (AİS) çərçivəsində birləşib, bütün aşkarlama və məhvetmə vasitələrindən məlumatlar buraya toplanır və işlənilir. Daşınan zenit raket kompleksləri (DZRK) də bu sistemə inteqrasiya olunmağa başlayır.

Bir portativ platformada “İqla-C” və ya “Verba” DZRK, düşmən dronlarının idarəetmə siqnallarının tutulması üçün radioelektron mübarizə sistemi (RMS), həmçinin Ermənistan HHM AİS-ə qoşulmuş kompüter birləşdirilib.

Kompleksin əsas üstünlüyü məhz sonuncu qurğudadır – indi DZRK operatoruna düşmənin aviasiyasını vizual axtarmaq lazım deyil, o, radiolokatorlardan və digər vasitələrdən bütün informasiyanı ekranda görəcək. Bu, operatorun reaksiya sürətini xeyli artırır və DZKK-nın tətbiqini asanlaşdırır, “Regnum” bildirib.

2016-cı ilin aprelində erməni ordusunun məğlubiyyətindən sonra İran-Ermənistan hərbi-texniki əməkdaşlığı möhkəmlənib.

2016-cı il mayın 24-25-də Tehranda Ermənistanın o zamankı müdafiə nazirinin müavini David Tonoyanın iranlı həmkarı Firuz Məsihpur, həmçinin ökənin müdafiə idarəsinin rəhbəri Hüseyn Dehqani ilə görüşü olmuşdu.

Ermənistan nümayəndə heyəti Malik Aştar Elm və Texnologiya Universitetini ziyarət edib.

Tərəflər hərbi əməkdaşlığın gündəliyini razılaşdırıblar və bu kontekstdə tədbirləri planlaşdırıblar. İyun ayında Maddi-Texniki Təminat Departamentinin rəisi Movses Akopyan başda olmaqla Ermənistan Müdafiə Nazirliyinin nümayəndə heyəti İrana səfər edib. Erməni nümayəndələr İran Müdafiə Nazirliyinin himayəsi altında fəaliyyət göstərən ETKA şirkətinin zavodlarına və mağazalarına baş çəkiblər, şirkətin icraçı direktoru Mehdi Kərbəla ilə görüşüblər. Nümayəndə heyəti ETKA məhsulları ilə tanış olub, həmçinin İİR Müdafiə Nazirliyinin rəhbəri ilə növbəti görüş keçiriblər. Səfərin yekunları ilə bağlı anlaşma memorandumu imzalanıb, həmçinin bəzi razılaşmalar əldə olunub, lakin razılaşmaların mahiyyəti açıqlanmır, eadaily.com bildirib. /”Turan”