İran sanksiyalara görə büdcədə dəyişikliklər edir

07/02/2019 - 20:43 8 074 0   0  

İran ABŞ-ın sanksiyalarına görə hicri təqvimi ilə 1398-ci (2019-cu ilin 21 martından başlayacaq) maliyyə ili üzrə büdcə qanun layihəsini təkrar müzakirəyə çıxararaq yenidən tərtib edəcək.

Bunu İran parlamentinin sədri Əli Laricani bəyan edib.

Onun sözlərinə görə, hökumətin parlamentə təqdim etdiyi büdcə layihəsinin yenidən nəzərdən keçirilməsi və sanksiya şərtləri ilə uyğunlaşdırılması təlimatını İranın ali dini lideri Ayətulla Əli Xamenei verib. Büdcə strukturunda dəyişikliklər ediləcəyini deyən Laricani bildirib ki, hökumətdə ixtisarlar aparmaq və bürokratik yüklərdən azad olmaq lazımdır.

Ötən gün verdiyi digər bir açıqlamada İran parlamentinin sədri Xameneinin 4 ay içində ölkə strukturunda islahatlar aparılması ilə bağlı təlimat verdiyini söyləmişdi.

Azvision.az xatırladır ki, İran prezidenti Həsən Ruhaninin parlamentə təqdim etdiyi büdcə layihəsində müdafiə xərclərinin azaldılması mübahisələrə səbəb olmuşdu. İran səhiyyə naziri Həsən Kadızadə isə rəhbərlik etdiyi quruma ayrılan büdcə vəsaitinin normal fəaliyyət göstərmələri üçün yetərli olmadığını əsas gətirərək ötən ay istefa verib.