İRAN NƏYİ GÖZLƏYİR? – “Bu hücum əvvəlkindən güclü və gözlənilməz ola bilər”

03/08/2024 - 17:13 1 608 0   0  

HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra İranın Ali dini rəhbəri Əli Xameneinin öz silahlı qüvvələrinə İsrailə cavab zərbəsi endirilməsi barədə əmr verdiyi bildirilir. Qeyd olunur ki, hətta Xamenei artıq yeni Prezident Məsud Pezeşkiana hərbi səlahiyyətlər verən fərmanı təsdiqləyib.

SEPAH isə “müəyyən vaxtda və seçilmiş şəkildə İsrail rejiminə qarşı cəza əməliyyatının həyata keçirilməsinin mütləq baş tutacağını” bildirib.

“The Wall Street Journal” nəşrinin yazdığına görə, İranın İsrailə yeni hücumu apreldə olduğundan daha güclü və gözlənilməz ola bilər, çünki İslam Respublikası bu dəfə öz planları barədə heç kimə məlumat vermir.

“The Wall Street Journal”ın məlumatında deyilir ki, Yaxın Şərqdə eskalasiyanın qarşısını almağa çalışan amerikalı və ərəb diplomatlar HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinin qisasını almağa hazırlaşan İranın və “Hizbullah”ın “qəzəbli sükutu” ilə üzləşiblər.

Nəşr xatırladır ki, İran sonuncu dəfə aprel ayında Suriyada öldürülən generallarına görə İsrail istiqamətində 300-dən çox PUA və raket buraxmışdı. Lakin bundan əvvəl az qala bütün dünyaya car çəkərək, xarici diplomatları xəbərdar etmiş və ABŞ ilə İsrailə hazırlıq imkanı vermişdi. Nəticədə raket və PUA-ların demək olar, hamısı məhv edildi, onların çoxu ümumiyyətlə, İsrail səmasına belə çatmadı. Qəzet qeyd edir ki, bu dəfə İran susur, bu isə İsraili və onun müttəfiqlərini mümkün zərbənin istiqamətləri və gücü barədə birbaşa məlumatdan məhrum edir.

Amerika administrasiyasının adının açıqlanmasını istəməyən nümayəndəsinin nəşrə verdiyi məlumata görə, Vaşinqton hələ ki, ehtiyatlı davranır. Çünki İranın İsrailə cavab zərbəsinin nədən ibarət olacağına dair heç bir işarə görmür. Bu hücumun isə yaxın günlərdə baş verməsi istisna deyil. 

Lakin o da istisna deyil ki, Tehranın mərkəzində Haniyənin yataq otağını vura bilən İsrail kəşfiyyatı İranın hərbi planları barədə də artıq məlumatlıdır...